Bağdasaryanın savaş ANONSU: Aranı kim qarışdıra bilər? - TƏFƏRRÜAT
Bizi izləyin

Nida Təhlil

Bağdasaryanın savaş ANONSU: Aranı kim qarışdıra bilər? - TƏFƏRRÜAT

“Əgər yenidən müharibə baş versə, Ermənistanın vəziyyəti heç də yaxşı olmayacaq. Amma müharibənin baş verəcəyinə inanmıram. Artıq müşahidə missiyası yaradılıb. Həmin müşahidə missiyası tərəflərin sülh müqaviləsini imzalaması ilə bağlı yarana biləcək müəyyən məsələləri həll etmək üçün artıq regiona gəlməlidir. Söhbət 40 nəfərdən ibarət müşahidə missiyasından gedir. Ola bilsin bu missiyanın olmadığı dövrdə Armen Bağdasaryanın sözləri həqiqətə yaxın ola bilərdi, amma noyabr ayında yeni müharibənin başlayacağını düşünmürəm. Çünki çalışacaqlar ki, tərəflərdən kimsə müşahidə missiyasının “qara siyahısı”na düşməsin. Səbəb də odur ki, həmin missiyada ayrı-ayrı ölkələrin nümayəndələri, mülki şəxslər olacaq. Onlar bütün məsələləri qeydiyyata alacaqlar. Bu səbəbdən müharibənin yenidən başlayacağını düşünmürəm. Fikrimcə, müharibənin gələn ay başlaması ehtimalı aşağıdır. Əgər Rusiyanın hikkəsi, “arzusu”, “istəyi” nəzərə alınmasa… Kreml Ermənistandakı vassalları tərəfindən məsələni yenidən qarışdırmağa çalışacaq”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Üzeyir Cəfərli erməni siyasətçi Armen Bağdasaryanın "yeni müharibə anonsu"na münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, Moskvanın buna cəhd göstərəcəyi istisna deyil:

“İrəvanın müharibə yolu ilə nəyəsə nail olmaq potensialı da yoxdur. Çünki Ermənistan ordusunun gücü yoxdur. 2020-ci ildən bu yana həmin orduda hər hansı bir irəliləyiş yoxdur. Nə Hindistandan almaq istədikləri silahlar, nə də Nensi Pelosi xalaları onlara kömək etməyəcək. İstənilən halda Azərbaycan Ordusu üçün hər hansı problem və ya narahatlıq yoxdur, buyursunlar. Ermənistan təxibatlarının bədələni çox ağır formada ödəyəcək. Düşünürəm ki, bu barədə qərarı nə Bağdasaryan, nə də bir başqası verir. Bu barədə qərarı Ermənistanın hərbi-siyasi rəhbərliyi verəcək. Onlar da vəziyyəti bilirlər. Başa düşürlər ki, indiki halda Azərbaycanla toqquşma onlar üçün faciəvi sonluqla yekunlaşacaq”.

“Azərbaycanla sülh müqaviləsi imzalanarsa, Ermənistanda vətəndaş müharibəsinin başlaması ehtimalı nə qədərdir?” – sualına ordumuzun ehtiyatda olan polkovnikinin cavabı birmənalı olub:

“Düşünmürəm ki, belə olan halda Ermənistanda vətəndaş müharibəsi başlasın. Niyə olmalıdır ki?! Ermənistan faktiki olaraq indiyə qədər separatçıların və digərlərinin apardıqları oyunlara qurban gediblər. Bir çox iqtisadi layihələrdən, böyük mənfəətdən geri qalıblar. Bu gün Ermənistanın düşdüyü vəziyyət bir zamanlar onların Fransanın və digərlərinin əlində maşaya, alətə çevrilməsi ilə birbaşa bağlıdır. Düşünürəm ki, Ermənistan bu dəfə həmin səhvlərdən nəticə çıxarmağa çalışacaq. İrəvan düşünməlidir ki, indiki halda mövcud durumdan heç nə əldə eləmir. Amma sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan və Türkiyə ilə sərhədlər açılacaq və onlar böyük gəlir əldə edəcəklər. Ona görə də İrəvan yüz ölçüb bir biçməlidir, ondan sonra qərarını verməlidir. Sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistanda vətəndaş müharibəsinin başlaması ehtimalını düşünmürəm”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm