Bakı və İrəvan arasında bu ölkə də vasitəçi olmaq istəyir
Bizi izləyin

Nida Təhlil

Bakı və İrəvan arasında bu ölkə də vasitəçi olmaq istəyir

Gürcüstan rəsmi Tbilisinin niyə Azərbaycan-Ermənistan nizamlanmasında moderator rolunu öz üzərinə götürməyə hazır olduğunu açıqlayıb. Hakim partiyanın nümayəndələri əmindirlər ki, sabit və dinc region bütün Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab verir.

Publika.az xəbər verir ki, xüsusilə, Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Tbilisini Ermənistan və Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platforma hesab edir.

Jurnalistlərlə söhbətində Volski qeyd edib ki, onun ölkəsi həm İrəvan, həm də Bakı ilə xüsusi münasibətlərə malikdir. Bundan əlavə, o bildirib ki, iki böyük icma burada kompakt şəkildə yaşayır.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasında Gürcüstanın rolu, əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edir, xüsusən də bu, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir”, - Volski bildirib.

Onun sözlərinə görə, regionu hərbi eskalasiyadan xilas etmək Tbilisinin maraqlarına uyğundur və tərəflər məhz bunun ətrafında birləşməlidir.

Öz növbəsində hakim “Gürcü arzusu” partiyasından olan deputat Mixail Sarjveladze qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlıdır və üzərinə konkret öhdəliklər götürməyə hazırdır.

“Hər kəs moderasiyanın mürəkkəbliyini başa düşür, bu məsələ sadə deyil. Bununla belə, tərəflərin və moderatorun bizim regionda sabitliyin və sülhün olmasını təmin etmək istəyi müsbət ilkin şərtdir”, - Sarjveladze bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüş məhz Tbilisidə baş tutub.

Belə ki, 2022-ci ilin iyulun 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Ermənistanın bizim sülh sazişinin imzalanması ilə bağlı təklifimizə cavab vermədiyini təəssüflə qeyd edib:

“Bu, çox sadə, beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan saziş olacaqdı. Komissar Hanın eyhamı o oldu ki, burada Ermənistan yoxdur. O dedi ki, burada Cənubi Qafqazın iki ölkəsi iştirak edir, ancaq orada üç dövlət var. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ancaq Ermənistan burada niyə yoxdur? Çünki bizim Gürcüstanla birlikdə irəli sürdüyümüz üçtərəfli əməkdaşlıq formatı Ermənistan tərəfindən rədd edildi. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir”.

İlham Əliyev qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili də Gürcüstanın Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində roluna toxunub və qeyd edib ki, Tbilisidə liderlərin üçtərəfli görüşünün (Ermənistan, Gürcüstan və Azərbaycan – red.) keçirilməsi Gürcüstan tərəfinin maraqlarına cavab verir.

Qeyd edək ki, Ermənistan Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini 2022-ci ilin əvvəllərində rəsmən qəbul edib. Lakin İrəvan konkret müddətlərin müəyyənləşdirilməsindən yayınıb və prosesi uzatmaqda hələ də maraqlı görünür. Ermənistanın Azərbaycanın beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərini qəbul etməsi, lakin hələ də konkret addımlar atmaması İrəvanın sülhü istəmədiyini göstərir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm