Ankaradan Tehrana XƏBƏRDARLIQ: Azərbaycan və İran üz-üzə gəlsə...
Bizi izləyin

Nida Təhlil

Ankaradan Tehrana XƏBƏRDARLIQ: Azərbaycan və İran üz-üzə gəlsə...

Xəbər verdiyimiz kimi, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Terroru törətmiş şəxs saxlanılıb.

Publika.az xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumdan sonra yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də mühüm açıqlamalar veriblər.

İstanbul Aydın Universitetinin professoru Ramazan Kurtoğlu səfirliyə hücumla bağlı açıqlamasında bildirib ki, məqsəd yeni gərginlik yaratmaqdır.

“Bu günlərdə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edilməsi təsadüfi deyil. Bu, regionda sabitliyi pozmağa hesablanıb”, - Kurtoğlu qeyd edib.

Mövzu ilə bağlı qiymətləndirmələr aparan 21-ci Əsr Türkiyə İnstitutu Terror və Terrorla Mübarizə Mərkəzinin sədri və Strategiya Şurasının üzvü, ehtiyatda olan polkovnik Ünal Atabəy İranın Azərbaycan ilə Türkiyə arasındakı yaxınlaşmadan çox narahat olduğunu söyləyib:

“Hücuma sadə bir hadisə kimi baxılmamalıdır. Buna adi bir səfirlik hücumu kimi baxmaq mümkün deyil, planlı təxribatdır. Türkiyə-Azərbaycan münasibətlərindən son dərəcə narahat olan bir İran var. Biz onu da bilirik ki, İran bundan narahat olan Ermənistanla müttəfiqlik edir. Onlar öz maraqları üçün bu cür addım atırlar. Azərbaycanın İsraildə səfirliyi açılıb. İran bundan çox narahat idi. Hətta İsraillə Azərbaycan arasında gizli razılaşma olduğu barədə bəyanatlar verirdilər”.

Türkiyə Baş Qərargah Kəşfiyyatının sabiq rəisi İsmail Hakkı Pekin da Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumuna münasibət bildirib:

“Həyatını itirən səfirlik əməkdaşına Allahdan rəhmət diləyirəm. Son zamanlar Azərbaycan və İran arasında münasibətləri pozmaq istəyən fəaliyyətlər var. Hadisəni təxribat kimi qiymətləndirirəm. Fransa və ABŞ-ın əməkdaşlığı ilə İran və Azərbaycanı qarşıdurmalara çəkmək istəyirlər. Azərbaycan və İran üz-üzə gəlsə, Ermənistan öz mənafelərinə görə daha rahat olacaq”.

Terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib ki, hücumun arxasında gərginliyin artmasını istəyən başqa qüvvələr də ola bilər:

“Bu, İranın Azərbaycana qarşı yeni hədə-qorxu cəhdidir, yoxsa İran və Azərbaycan arasında gərginliyi artırmaq üçün bir plan? Hər şey bir kənara, Azərbaycan diplomatik missiyasını qorumaq İranın məsuliyyətidir. Bu, onun şərəfidir. Bu, təkcə beynəlxalq öhdəlik deyil, həm də əxlaqi qaydadır. Hücumun arxasında İran-Azərbaycan əlaqələrini pozmağa, gərginliyi artırmağa çalışan qüvvələr, üçüncü dövlət də ola bilər”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm