Səfirliyimizə edilən xain hücumun pərdəarxası: Tehranın məqsədi...
Bizi izləyin

Nida Təhlil

Səfirliyimizə edilən xain hücumun pərdəarxası: Tehranın məqsədi...

“Azərbaycanın İrandakı səfirliyinə hücumun səbəblərini və motivlərini fərqli miqyaslarda nəzərdən keçirmək olar. Regional miqyasda təhlil etsək, İran həmişə Cənubi Qafqazda nüfuz qazanmağa çalışıb. Danılmazdır ki, İranın Ermənistanda müəyyən qədər nüfuzu var. Azərbaycanda isə İran öz səhv siyasəti ucbatından arzuladığı nüfuzu qazana bilməyib. Həmişə can atıb ki, qanuni deyil, qeyri-qanuni yolla nüfuz əldə etsin. Buna ölkəmizdə din pərdəsi altında casus şəbəkələrinin formalaşmasını, Qarabağa diversantların göndərilməsini və s. göstərmək olar. Azərbaycanlı ekofəalların hazırda Laçın yolunda keçirdiyi aksiya İranın, məhz bu siyasətinə mane olur”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Elşən Məcidov deyib.

Ekspert bildirib ki, Laçın yolundakı aksiya İranın Ermənistana silah göndərməsinə imkan vermir:

"Bu halda İran digər yollara əl atır. Səfirliyimizə hücum zamanı İranda təqribən dörd-beş min insanın iştirakı ilə mitinq təşkil olunmuşdu. Mitinqi ermənilər və farslar birlikdə Laçın yolunu "azad etmək" adı altında təşkil etmişdi. Onlar bu mitinqi təşkil etməklə Azərbaycanı guya beynəlxalq ictimaiyyətin sərt təpkisinə məruz qoymaq məqsədi güdürlər. O cümlədən, səfirliyimizə silahlı hücum təşkil etməklə də düşündülər ki, ölkəmiz bütün fikrini bu məsələyə yönəldər və Laçın yolundakı ekoaksiya dayanar, onlar da əvvəlki kimi rahat şəkildə Ermənistana silah tədarükünə davam edərlər".

Mövzunu beynəlxalq aspektdə də təhlil edən Elşən Məcidov qeyd edib ki, İran Azərbaycana təzyiq göstərməklə İsraili zəiflətmək xəyalındadır:

“Netanyahu bugünlərdə qeyd etmişdi ki, İran nüvə silahı əldə etməyə çox yaxındır və İsrail buna imkan verməyəcək. Əgər İran “qırmızı xətt”i keçərsə, İsrail onun obyektlərini darmadağın edəcək. İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan xüsusi rola malikdir. Odur ki, İran da İsrailin bu mesajına qarışılıq olaraq, Azərbaycana qarşı bu cür xoşagəlməz addımlar atır”.

Xatırladaq ki, dünən Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərov şəhid olub, digər 2 mühafizə əməkdaşı isə yaralanıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm