İran Azərbaycanı özünə birləşdirmək istəyir - Məşhur nəşr Tehranın gizli planından yazdı
Bizi izləyin

Nida Təhlil

İran Azərbaycanı özünə birləşdirmək istəyir - Məşhur nəşr Tehranın gizli planından yazdı

İranda səfirliyimizə qarşı teraktın arxasında nələr durur?” sualı hər kəsi maraqlandırır. Çoxlu motivlər sadalamaq, iddiaları arqumentləşdirmək, uzun-uzadı izahedici fikirlər səsləndirmək olar. Amma mövzunun qısa izahını fikrimizcə, “Asharq al-Awsat”da (Əş-şarq -əl-ausat) da bir müddət əvvəl getmiş yazı təqdim edir. Yazını İran mediasında getmiş çoxsaylı təbliğati materialların əsasında hazırlanmış rezume də hesab etmək olar.

Məqalə, eyni vaxtda həm də “İndependent” , “Elaph” və “Alarabiya”da dərc edilib. Müəllif Hüda əl Hüseyni son zamanlar İran-Azərbaycan, Azərbaycan-Ermənistan və Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın dövlət başçısı haqda maraqlı yazılarla çıxış edir.

Müəllif yazır ki, İranın Qafqaz siyasəti İslam və şiə həmrəyliyi haqda rəsmi doktrinasına ziddir, tarixdə uydurduqları Böyük Fars imperiyasını (Persiya) bərpa edərək Cənubi Qafqaz ölkələrini, xüsusən Azərbaycanı yenidən o imperiyanın tərkibində görmək istəyir.

Müəllifə görə, teokratik rejim üçün çətin bir dilemma var. Bütün dünyada İslamı və müsəlmanları dəstəklədiyini və “qaib İmam Mehdinin gözlənilən qayıdışı”na hazırlıq naminə şiələrə rəhbərlik etdiyini iddia edən İslam Respublikası rejimi, əslində xristian Ermənistan dövləti ilə birlikdə şiəliyə qarşı mübarizə aparır. Qarabağ münaqişəsində əhalisinin əksəriyyəti müsəlman-şiə olan Azərbaycana deyil, fundamentalist xristian dəyərlərinə istinad edən Ermənistana kömək edir. Bu baxımdan, əslində Ermənistan və İran bir-birinə daha yaxındır, biri xristian, digər islam fundamentalizminə istinad edir.

Qarşıdurma başlayandan bəri ölkəsində azəri türk əhalisinin 25 faiz civarında (əslində bu göstərici daha yüksəkdir-C.Q) olmasına və rejim lideri Əli Xameneinin özünün azəri olmasına baxmayaraq, İran Ermənistanın tərəfindədir. Bu, azərilərin şiə İrandan daha çox sünni Türkiyəyə yaxın görünməsinə səbəb olan mürəkkəb tarixi və mədəni amillərlə bağlıdır. Xamenei etnik mənsubiyyətinə rəğmən kürdlər, türkmənlər və digər azlıqlar kimi Güney Azərbaycan türklərini təcrid etməkdə, dilini ə adət-ənənələrini rədd etməkdə davam etdi.

Müəllif qeyd edir ki, İran həmişə müstəqil (Şimali) Azərbaycan Respublikasına itirilmiş ərazi kimi baxıb, rejimin rəsmi diskrusuna görə, tarixi, mədəni və dini keçmişi baxımından bu ərazi ya İranın bir hissəsi olmalı, ya da ən azı onun təsir dairəsinin bir hissəsi olmalıdır.

Müəllif bu yanaşmanı Rusiyanın Ukraynaya baxışı ilə müqayisə edir- Yolunu azmış, amma bir gün “özünə dönəcək” vətənin bir hissəsi. Buna görə də həm İran, həm də Rusiya Türkiyə və ya Qərblə ittifaqda olan Azərbaycan və Ukraynanın dirçəlib güclənməsindənsə, zəif Azərbaycan və Ukraynaya üstünlük verirlər. Ermənistan bu yanaşmada İranın və Rusiyanın alətidir.

Buna görə də İran regionda heç vaxt həll olunmamış, dondurulmuş münaqişələrdə Rusiyanın maraqlarını bölüşür, çünki hər ikisi dondurulmuş münaqişələri Qafqazda öz təsir dairələrini saxlamağa, parçalamaq və idarə etməyə imkan verən bir yol kimi görür.

Qeyd olunur ki, Azərbaycanın, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Ermənistanı məğlub etməsindən sonra İran aqressivləşib, Azərbaycana qarşı dəfələrlə hərbi təhdidlər edib, sərhəd təlimlər keçirib və sərt xəbərdarlıqlar edilib. Ukraynaya qarşı döyüşən Rusiyaya da, Azərbaycan qarşı döyüşən Ermənistana da pilotsuz uçuş aparatları verməyə başlayıb. Azərbaycandakı İslam terror qruplarına təlim, maliyyə və kəşfiyyat dəstəyi gücləndirilib.

Müəllif yazır ki, 2021-ci ilin oktyabr ayından Azərbaycanda radikal şiələrə qarşı mübarizəyə yenidən start verərək iranlı din xadimlərini (güman ki, söhbət Ocaqnejaddan gedir-C.Q) ölkədən çıxarmağa başlayıblar. İran tərəfindən, qadağan olunmuş Müsəlman Birliyi Hərəkatının üzvlərinə dəstək verilir, Azərbaycana terror aktları törətmək üçün Suriyada təlim keçən radikallar, dini nəşrlər göndərilir. Azərbaycan belə şəxslərdən 19 nəfəri nəzarətə götürüb. Təhlükəsizlik xidməti, həmçinin İrandakı molla rejiminin ardıcılları olan azərbaycanlıların başçılıq etdiyi şəxsi “WhatsApp” qruplarını da ifşa edib, hərbi təlimlər, qurğular və avadanlıqlar, o cümlədən İsrail və Türkiyənin pilotsuz təyyarələri, həmçinin enerji və obyekt infrastrukturu ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün İranın xüsusi xidmət orqanları tərəfindən təlim keçmiş casus şəbəkəsinin 5 üzvünü həbs edib.

Qeyd edilir ki, Ermənistan İrana, son zamanlar isə Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa kömək edir. Ermənistan İranın pilotsuz təyyarələri və Kremlin Ukrayna hədəflərinə hücumlarında istifadə etdiyi raketlərin tədarükündə vasitəçilik edir. Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda İranı diplomatik şəkildə dəstəkləyir.

İranın bu gün artan aqressivliyinə səbəb, onun yaxın müttəfiqi Ermənistanın məğlubiyyəti, 2022-ci ilin iyununda elan edilmiş Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsidir. Azərbaycanı hər zaman “kiçik qardaşı” kimi görən İran Türkiyənin xeyrinə nüfuzunu itirdiyini, qonşusunun da Türkiyənin təsiri altına düşdüyünü gördü. Ona görə də, Ermənistan və Rusiya ilə sıx müttəfiqlik yolu ilə, mümkün olarsa Hindistanı da bu müttəfiqliyə cəlb edərək Türkiyəyə qarşı durmağa çalışır.

Müəllifə görə, İran xüsusilə ona görə qəzəblidir ki, Ermənistanla sərhədi itirdiyini düşünür. İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ olaraq Hindistanın da daxil olduğu Şimal-Cənub Tranzit Dəhlizi layihəsinə üz tutsalar da, heç bir tərəfin belə böyük layihəyə sərmayə qoymağa maliyyə imkanı yoxdur. Zəngəzur dəhlizi Cənubi Qafqaz və İran üçün iqtisadi və kommersiya imkanlarını artırsa da, Tehran bu layihənin geosiyasi baxımdan onun təsirini azaldacağına inanır. İranın özü üçün təhlükə hesab etdiyi digər məsələ isə Azərbaycanın İsraillə (Tehranın dəfələrlə Yaxın Şərqin xəritəsindən silməyə çağırdığı ölkə) strateji tərəfdaşlığıdır.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm