ABŞ və Kanadanı idarə edən Xalistan -  Qızılbaşlarla müttəfiq olublar
Bizi izləyin

Nida Təhlil

ABŞ və Kanadanı idarə edən Xalistan -  Qızılbaşlarla müttəfiq olublar

1984-cü ilin oktyabr ayının 31-i. Dünyanın aparıcı KİV-ləri Hindistanın baş naziri İndira Qandinin ölümü haqda şok xəbəri tamaşaçı və oxucularına daha tez çatdırmaq, qətlin təfsilatını daha çox açmaq üçün yarışa çıxıblar. İlk dəfə o zaman sovet “mejdunarodnik”lərindən Xalistan və siqh icması haqda eşitdik. Qandini qətlə yetirənlər siqh mənşəli cangüdənləri olmuşdu. Bundan sonra dünya mediası tamillərlə yanaşı siqhlərin də azadlıq hərəkatı haqda məlumatlara yer ayırmağa başladı. İndira Qandidən sonra baş nazir postu tutmuş oğlu Raciv Qandi də 1991-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdi. Onu qətlə yetirənlər isə tamil millətçiləri idi.

Bu günlər anqlosakson ölkələrində (Böyük Britaniya, Kanada və ABŞ-da) bizim medianın ümumi adla “hindəsilli” deyə təqdim etdiyi şəxslərin uğurlu siyasi karyera yüksəlişləri Hind yarımqitəsinin bu iki icmasını yenidən yada salır.

İndi Hindistanı da, diasporunu da tez-tez xatırlamağa məcbur olacağıq. Hindistan dünya iqtisadiyyatın 5-ci böyük gücü sayılır. Rus mediası hələ 2000-ci illərin əvvəllərində Dehlinin Moskva ilə münasibətlərində “indi biz böyük qardaşıq” kimi mesajlar verirdi. II Qarabağ savaşından və İranla yaşanan gərginliklərdən sonra bəlli oldu ki, Dehlinin Cənubi Qafqazda xüsusi maraqları, yükdaşıma marşrutları ilə bağlı Azərbaycandan fərqli yanaşmaları var. BMT-də və Qoşulmama hərəkatında anti-Azərbaycan fəaliyyətləri haqda da bizim ictimaiyyət məlumatlıdır. Sirr deyil ki, dünya siyasətində diasporlar, lobbilər də mühüm rol oynayır. ABŞ-dakı diasporlar haqda məlumatlarda “hind diasporu”nun gücündən də xüsusi bəhs olunur. Amma bu diaspor nə qədər yekcinsdir? Bütövlükdə Hindistan lobbisi sayıla bilərmi?

Hind diasporundan söz açılanda ilk ağla gələn şəxslər Böyük Britaniya baş naziri Rişi Sunak, ABŞ-dakı hazırkı viste-prezident Kamala Harris və prezidentliyə əsas respublikaçı namizədlərdən biri olan Nikki Heylidir. Bəs onlar indiki Hindistana nə qədər bağlıdırlar? Qərbdə erməni və yunan lobbiləri ilə yanaşı bizə qarşı hind lobbisini də ciddi fəaliyyətlərinin şahidi olacağıqmı? Bu fəaliyyəti necə neytrallaşdırmaq olar?

Siqhlər 16-cı əsrdə Quru Nanak deyilən ruhaninin yaratdığı dini cərəyanın ardıcıllarıdır. Nanakın təlimi Baburilərin Hindistan, Banqaladeş və Pakistanın əsas ərazilərinə nəzarəti ələ keçirdikdən sonra ortaya çıxan sinkretik dini təlimlərdən biridir. Ondan əvvəl Babur şahlarından Əkbərin də belə təşəbbüsü olmuşdu, islam və dharma (hindus) inanclarının sintezini yaratmaq üçün sonuncu təşəbbüs Sai Baba ardıcıllarının tədricən sufizmdən uzaqlaşaraq parsizm və hinduizm arasında gəzişmələri ilə qeydə alınır.

Quru Nanak pəncablıların bir hissəsini öz dini təlimi ilə birləşdirə bilmişdi. Bu təlim sayəsində bir müddət Babur (Moğol) dövlətinə qarşı uğurlu müqavimət təşkil edilmiş, dövlət yaradılmışdı.

Yeni dini cərəyan ilkin dövrlərdə yeni islami cərəyanlardan bir kimi qəbul edilirdi. Dini rəmz kimi istifadə olunan kxanda nişanı belə “Allah” sözünün ərəbcə kufi xətti ilə yazılışını andırır. Nanak Kəbəni də ziyarət etmişdi. Cərəyanın ardıcılları özlərini ərəbcədən götürdükləri xalis (təmiz) sözü ilə adlandırır, qurduqları dövlətə də Xalistan (təmiz ərazi) adi vermişdilər. Amma Şimalda puştun, Cənubda Babur (Moğol) hakimlərinə qarşı mübarizə siqhlərin təliminə də izsiz ötüşmür, get -gedə islamdan daha çox uzaqlaşır. Sonradan ingilis hakimiyyəti illərində siqhlər Hindistanın üçüncü dini icması kimi qəbul edilmək, nəhayət Britaniya müstəmləkəsi bölünərkən müsəlman və hinduslarla yanaşı onlara da dövlət qurmaq üçün ərazi ayrılması tələbi ilə mübarizəyə başlayırlar.

Yenidən 80-ci illərdə qızışan milli hərəkatları qan içində boğulduqdan sonra qapalı etnokonfessional icma olan və daha çox öz tarixi ərazilərində yaşamağa üstünlük verən siqhlərin dünyaya səpələnməsi, ciddi diaspora çevrilməsi başlayır. Cəlayi-vətən icmalar daha çox keçmiş Britaniya müstəmləkələrinə, oradan da dil (ingilis dili) yaxınlığına görə ABŞ-a yön alıb.

Siqh diasporu indi yetərincə uğurludur. Kanadanın müdafiə naziri Harjit Singh Sajjan 1970-ci ildə Hindistan Pəncabında doğulub. 2021-ci ildən müdafiə naziri olsa da, siqh ənənələrinə sadiqdir, başından dastarı (siqh çalması) da əskik olmur.

Nimrata Randhava Haley (Nikki Heyli) 1972-ci ildə Cənubi Karolinada siqh mühacirləri ailəsində doğulub. 1996-cı ildə ailə qurduğu Maykl Heyli metodistdir. Nikki özünün də xristian olduğunu deyir, amma sinəsində xaç yox, kxanda gəzdirir və gurdvara (sigh məbədi) ayinlərində iştirak edir. Nikki 2011-17-ci illərdə Cənubi Karolina valisi, 17-18-ci illərdə ABŞ-ın BMT-də nümayəndəsi olub. Hazırda Respublikaçılar Partiyasının prezidentliyə əsas namizədlərindən biridir.

Böyük Britaniyanın indiki baş naziri Rişi Sunak -pəncabi əsilli hindusdur. Valideynləri Afrikada, özü Britaniyada doğulub. Hindistanın dravidəsilli milyarderi Nagavara Ramarao Narayana Murthynin qızı Akşate ilə evləndikdən sonra siyasi karyerası sürətlə yüksəlməyə başlayıb. Britaniya tarixinin ən gənc, ilk hindus və qeyri-xristian baş naziridir.

Baş nazirliyə gedən yolda ona kömək etmiş, Boris Conson kabinetində birlikdə təmsil olunduğu Sacid Cavid isə müsəlman və pakistanlıdır, amma o da pəncabidir.

Yetərincə yaşlı və səhhət problemi olan Co Baydenlə bağlı arzuolunmaz bir hadisə baş verərsə, vitse-prezident Kamala Harris avtomatik olaraq ABŞ prezidenti olacaq. Hərçənd ABŞ-da doğulmadığından, bu postu tutmamalıdır. Kamala ana xətti ilə Hindistandan zor-xoş diasporaya sürüklənən, bir zamanlar Hindistan və Şri-Lankanın ən mübariz separatçıları olan tamil (dravid) icmasının üzvüdür. Kamala da xristian olduğunu deyir, amma “anasının ailəsinə hörmətən” vişnuist məbədlərinə baş çəkir.

Hindistanda ən uğurlu tamil siyasətçi, yəqin ki, hind nüvə silahının yaradacılarından biri, sonra isə prezident olmuş Ədül Kəlam idi. O, Hindistanda belə ali vəzifə tutan sonuncu müsəlmandır. Hərçənd islama münasibəti qəribə idi: həm namaz qıldığını deyir, həm də tamil vişnuistlərin tapındığı Rama tanrıçasına ibadət edirdi. Hindistandan kənar isə Malayziyanın baş naziri, müasir malay dövlətçilyinin və millətçiliyinin banisi Mahazir Muhəmməd yəqin ki ən uğurlu tamil olub.

Yəni hind diasporu kimi bildiklərimiz Hindistanın hakim dininə (hinduizmə və onun şivaist versiyasına), dilinə (hindi) və hind dövlətçiliyinə bağlı deyillər.

Bu diasporların Azərbaycana münasibəti necədir? Siqhlər puştun və Baburi dövlətlərinə qarşı mübarizədə, adətən Hindistanda Azərbaycandan getmə sülalələrinin qurduğu Gülkənd xanlığı və Heydərabad nizamlığı, sonradan həm də Qızılbaş dövləti ilə müttəfiq olublar.

80-ci illərdə siqh separatizmi haqda məlumatlarda Xalistan ideyasının Pakistan kəşfiyyatı tərəfindən dəstəkləndiyi iddia olunurdu. Şərqi Pakistanın (indiki Banqaladeş) Pakistandan qoparılması ilə yekunlaşmış benqal separatizminə, bu günlər isə bəluc hərəkatına dəstək verən Hindistana qarşı Pakistanın siqhləri dəstəkləməsi təbiidir. Pakistanın ən çoxsaylı etnik icması olan müsəlman pəncablıların öz soydaşlarının mübarizəsinə isti yanaşması da təəccüblü deyil. Amma bu zaman etnik amildən çox siqhizm və İslamın bir-birinə yaxınlığı, quru Nanakın təlimində İslamın ana ünsür olması qabardılır. Bəzi iddialara görə, Şimali Kipr və Türkiyə tərəfindən də Xalistan ideyasına dəstək var.

Tamillər arasındakı azsaylı müsəlman icması digər Hind müsəlmanları kimi Osmanlı xilafətinə rəğbətli olublar. Müəyyən tədqiqatlarda darvid dilləri ilə Altay dillərinin qohum olması iddia edilir. Hindistanda əsasən dravid ştatlarında yayılan xristian denominasiyalarından biri Foma kilsəsinin türkdilli missionerlər tərəfindən yayıldığı haqda da iddialar var. Yazdığım, bir çox hallarda mübahisəli iddialar avtomatik olaraq bütün dravidləri (Hindistan əhalisinin 30-40 faizi), Hind müsəlmanlarını (20-30 faizi), pəncablıları (Hindistan əhlisinin 5-10 faizi) və ya fomianları Azərbaycanın dostu elan etməyə əsas vermir. Bu o deməkdir ki, biz oranı daha ciddi öyrənməli, həm diaspordakı, həm də Hindistanın öz daxilindəki icmaların meyillərini daha yaxşı bilməyik. Dərhal böyük icmaları düşmən və ya dost elan etməyə tələsməyək. O icmalarla işləmək, dosta çevirə biləcək ortaq maraqlar tapmaq olar. Amma belə marağımız olarsa...

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm