Separatçılar Qarabağda tələyə necə salındılar?
Bizi izləyin

Nida Təhlil

Separatçılar Qarabağda tələyə necə salındılar?

"II Qarabağ müharibəsindən sonra Azərbaycan Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli vətəndaşların reinteqrasiyası prosesinə başladı. Bu məsələdə Azərbaycan birbaşa əlaqələrin qurulması istiqamətini seçərək Konstitusiyaya uyğun bütün hüquq və azadlıqların erməni əsilli vətəndaşlara da şamil ediləcəyini elan etdi"

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.

O bildirib ki, ilkin təmasların qurulması üçün rəsmi Bakı tərəfindən bir neçə dəfə cəhdlər oldu və bu ilin mart ayının 1 də Xocalıda ilkin təmas baş tutdu.

"Lakin sonradan ermənilərin qanunsuz olaraq əraziyə silah-sursat və yanacaq daşıması, eləcə də qondarma qurumun rəhbərləri tərəfindən Azərbaycana qarşı təhdid və hədə-qorxu ritorikasının çoxalması bu prosesi bir qədər tormozladı. Həm də ermənilər Laçın yoluna alternativ yollarla gətirilən yardımları fürsət bilərək Azərbaycana qarşı daha çox çıxış etməyə başladılar",- politoloq deyib.

A.Əliyev qeyd edib ki, nəticədə Azərbaycan ordusu qanunsuz daşınma həyata keçirilən yollar üzərində nəzarəti ələ keçirdi və separatçıların qanunsuz təminatı məsələsi birdəfəlik həll olundu:

"İndiki zamanda hər tərəfdən əlləri üzülən ermənilərin tələdə olması artıq hər kəsə məlumdur. Bunu başa düşən ermənilər və separatçı qurumun dırnaqarası liderləri vəziyyətin çıxlmaz olduğunu anlayaraq Azərbaycanla birbaşa təmasa keçməkdən ikinci dəfədir ki, imtina edirlər. Bu, əslində ermənilərin özləri üçün həm təhlükəli, həm də ağır nəticələrə səbəb ola bilər"

Politoloqun fikrincə, digər dövlətlərin və siyasi dairələrin əlində oyuncağa çevrilən Ermənistan və Rusiyadan birbaşa direktivlər əsasında işləyən qondarma qurumun Azərbaycanla əməkdaşlıqdan başqa çıxış yolu qalmır. Azərbaycan bu məsələdə üçüncü tərəf rolunda çıxış etmək istəyən bütün tərəfləri yumşaq siyasət, bəzən də hərbi manevrlərlə zərərsizləşdirə bilir.

"Növbəti addım kimi, rəsmi Bakı ərazidəki qanunsuz silahlıların ərazidən çıxarılması prosesinə başlayacaq. Bununla da ərazidəki ermənilərin Azərbaycana inteqrasiyadan savayı yolu qalmayacaq. Əks halda bütün erməni cəmiyyəti 44 gün sindromunun real nəticələrini öz üzərlərində hiss edəcəklər",- politoloq bildirib.

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm