Fazil Mustafa kimə mane olurdu? - Partlayışın, yanğının vahid xəbər mətni kimi verilməsi...
Bizi izləyin

Nida Təhlil

Fazil Mustafa kimə mane olurdu? - Partlayışın, yanğının vahid xəbər mətni kimi verilməsi...

Dünən Azərbaycan Milli Məclisin deputatı , Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı edilmiş silahlı hücum terror aktıdır. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti hadisəni məhz belə təqdim edib, əlavə yozumlar, ehtimallar yersizdir.

Əksər şərhlərdə teraktın İran xüsusi xidmətləri və ya onlara bağlı şəxslər tərəfindən törədilməsi ehtimalı üstünlük təşkil edir. Aktyor Oqtay Əliyevin ölümü ilə bağlı yazılmış şərhlərdə deputat Fazil Mustafaya ölüm arzulanması haqda qeydin skrini də paylaşılır. Buna əlavə olaraq yada salaq ki, hələ 2018-ci il sentyabrında keçmiş Azərbaycan vətəndaşlarının idarə etdiyi nur-az.com saytı Fazil Mustafa və ilahiyyatçı kimi tanınan Elşad Miri haqda terror təhdidi yaymışdı: "Elşad Miri, Fazil Qəzənfəroğlunu nəzərdə tutursunuzsa, inanın ki, durub onlar da hansısa bir müsəlman əliylə "murdar" olsalar, yenə deyəcəksiniz ki, İran ölkəmizdəki sabitliyi pozur”.

Bənzər, nisbətən yumşaq ifadəli təhdidlər indi Almaniyaya sığınmış ifrat xomeyniçi Cavid Cabbarlı adlı şəxsin açıqlamalarında da rast gəlinir. Bir müddət Azərbaycan İslam Partiyasının mətbuat katibi olan, 2013-də partiyasını satıb loyallara sığınan, sonradan dübarə radikallaşan bu şəxs xeberinfo.de adlı sayt, xomeyniçi səhifələr, siyasi xomeyniçilərin şirma kimi istifadə etdiyi hüquq müdafiə təşkilatı (DAS) da idarə edir.

Etiraf edək ki, Fazil bəy bəzən ifrata varan açıqlamaları ilə belə şəxslərin onu hədəf kimi göstərməsinə, dindar cəfərilərin nəzərində düşmən kimi təqdim edilməsinə şərait yaradıb. Bu, baş vermiş hadisənin arzuolunmaz məcrada cərəyan etməsinə səbəb ola biləcək birinci təhlükəli tendensiyadır. Hadisədən həm məzhəblərarası ədavəti qızışdırmaqda maraqlı olan, həm də Əməvi ( sələfiliyin) və ya Osmanlı İslamının (milli görüş, nəqşbəndlik, nurçuluq, gülənçilik) yeganə düzgün istiqamət olduğunu sübut etmək istəyən dairələr faydalanmağa çalışacaq. Artıq bu istiqamətdə ilk təşəbbüslər də sezilir. Ölkənin dini çoxluğuna, xüsusən hələ də İranın ali dini rəhbərini vilayəti- fəqih kimi qəbul edən kəsimə qarşı spontan, kortəbii qınaq kampaniyası başladılıb.

Təəssüf ki, belə kəskin yanaşma sözügedən icmanı İran dini doktrinasından uzuqlaşdırmır, bir çox hallarda təhqirlə müşayiət olunan yersiz tənqid əks effekt verir. Deputata qarşı teraktı lənətləyərkən, bu amilin nəzərə alınması mütləq vacibdir.

İkinci təhlükəli tendensiya:ictimai rəyin birmənalı olması, konkret hədəf (İran xüsusi xidmətləri) göstərilməsi digər versiyaların işlənməsini çətinləşdirir. Halbuki ortada başqa maraqlı tərəflər də ola bilər:

- Biznes: deputatın qohumları aktiv biznes fəaliyyəti ilə məşğuldur;

- Siyasi sabitliyin pozulmasında maraqlı daxili qüvvələr olması istisna deyil;

- Belə maraqları olan xarici qüvvələrin (Rusiya, Ermənistan, Fransa və s.) olması isə sirr deyil;

- İranla Azərbaycan arasında münasibətlərin daha da gərginləşməsində maraqlı olan tərəflər var və s..

Mərhum akademik Ziya Bünayadov və yazıçı Rafiq Tağının qətli zamanı da ictimai rəy yalnız bir versiyaya inanır, hər hansı başqa versiyanı istisna edirdi. Bir fərq var ki, o zaman ölkə ictimai rəyi hüquq- mühafizə orqanlarının təqdim etdiyi, sübutları, dəlilləri üzdə olan versiyanı qəbul etmək istəmirdi. Rəsmi versiya həmin hadisələrin də İran xüsusi xidmətlərinin sifarişi ilə törədildiyini desə də, siyasi müxalifət və onun nəzarətindəki KİV-lər qətl edilənlərin hakimiyyətlə bağlı bir-iki tənqidi çxışını qabardaraq əvvəl eyhamla, sonra isə açıq şəkildə siyasi hakimiyyəti hədəf göstərmiş, təəssüf ki, konkret qurumların operativ məlumatlandırma və inandırıcı izahetmə mexanizmi işə düşmədiyindən, ictimai rəy uzun müddət bu qərəzli yönləndirməninin təsirində olmuşdur. Hətta 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində müxalifətin keçirdiyi çoxminlik mitinqlərdə belə “siyasi qətllərin açılması” tələbləri səsləndirilir, Ziya Bünyadovun, sonralar isə Rafiq Tağının portretləri qaldırılırdı.

O zaman ölkə əfkari-ümumiyyəsini yanlış məcralara yönləndirənlər, heç olmasa, indi gec də olsa necə böyük səhvlər etdiklərini anlayarlar.

Üçüncü mənfi tendensiya: bir çox KİV-lər xəbəri təqdim edərkən son vaxtlar Bakıda şəhərin mərkəzində səbəbləri məlum olmayan atışmalar olmasını qabardırlar. Bununla yanaşı yazılan çoxsaylı şərhlərdə təhlükəsizliyin qorunmasında problem olması vurğulanır, 1990-cı illərlə paralellər aparılır, dövlətə etimadsızlıq aşılanır.

İran mediasının hadisəyə ilk reaksiyası da düşündürücüdür. Belə ki, xəbərin təqdimatı zamanı “baş tutmamış qətl”, “baş tutmamış sui-qəsd” (terror)” sözlərindən istifadə olunur, Fazil Mustafa “cəncəlli deputat”, “şiələrin düşməni” adlandırılır, “Azərbaycan əhalisinin çoxunun şiə dininə etiqad etməsi” vurğulanır.

Bir neçə KİV-də deputatın vurulması, Bakıda partlayış olması, Sumqayıtda çoxmərtəbəli binaların birində yanğın baş verməsi vahid xəbər mətni kimi verilir. Elə təəssürat yaradılıır ki, eyni hadisələr zəncirindən söhbət gedir. Belə təqdimatdan məqsəd birdir - xof yaratmaq, sabitliyin, təhlükəsizliyin qorunmadığını sübut etmək. Yanğın hadisəsi haqda Azərbaycan mediasında məlumat İran saytlarından bir saat sonra qoyulub, partlayış isə ötənilki hadisədir, bizim mediada yenilənərək verildiyindən, İran KİV-ləri onu da hadisələr zəncirinə daxil edib. Görünür, o hadisələrin də diqqətlə araşdırılmasına ehtiyac var.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm