Nida Təhlil
Sirli istefanın ŞOK DETALLARI - Şəmxanini kimlərlə şantaj ediblər?
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin istefa verməsi və bunun hakimiyyətdaxili çəkişmələrin nəticəsi olması haqda əvvəlki yazılarda məlumat vermişdik. Qeyd etmişdik ki, istefa qərarı uzun müddətli pərdəarxası mübarizənin nəticəsi olub, SEPAH-ın onu istefaya məcbur etməsinə müqavimət göstərib. Daha yuxarı postun (Ali Dini Rəhbərin) onu eyham və rəmzlərlə "başa salmasından" sonra istefaya razı olub.
Ərəbəsilli Ə.Şəmxani əvvəllər SEPAH-da komandanı olub, admiral rütbəsi daşısa da, SEPAH-ın yeni, daha çox İsfahan və Kermanın farsdilli icmalarından çıxmış rəhbərləri tərəfindən sevilmirdi. Vurulması ehtimalları içərisində bu faktla yanaşı daha çox onun Rusiya tərəfindən arzuolunmaz şəxs kimi qarşılanması, Azərbaycanla bağlı yumşalmaya gedilməsi təşəbbüsünü dəstəkləməsi (iddia edilirdi ki, bu yumşalma üçün “Hüseyniyyun” terror qruplaşması rəhbərlərinin həbsi təşəbbüsü də ondan gəlib), antihicab aksiyalarının yatırılmasında kifayətə qədər sərt davaranılmaması göstərilirdi.
İndi sirli istefanın üzərindəki daha bir pərdəni açmağa çalışaq. Adətən, İran hakimiyyəti daxilindəki qapalı müzakirələr, fikir ixtilafları barədə materiallar hazırlayarkən İran mediasına, xaricdəki proksi və ya müxalif KİV-lərə, Körfəz ölkələri mediasına sızdırmalara istinad edirdik. Əvvəllər bu tip materiallarda “hakimiyyət daxilindəki mənbə” deyə ümumi ünvan verilirdisə, son zamanlar ünvan konkretləşmiş - “Ali Təhükəslzilk Şurasındakı mənbə” kimi göstərilməyə başlanmışdı. Yəni Şəmxaninin SEPAH-a, mühafizəkarlara yaxın İran mediasına və proksi KİV-lərlə yox, məhz ərəb mediası ilə işləməsi, sanki qəsdən qabardılırdı.
Eyni informasiya resursları Şəmxaninin gedişi haqda maraqlı yazılar dərc ediblər. Vurğulanır ki, onun vurulmasının əsas səbəbi Səudiyyə Ərəbistanı ilə razılaşmalar, Bəni Rabia qəbiləsinə mənsub əhvazlı ərəb mənşəyinin farsdilli icmalara mənsub şəxslərin çoxluq təşkil etdiyi indiki elita tərəfindən qəbul edilməməsi və islahatçı olması imiş. “Qərarverici dairələrdəki son və yeganə ərəb islahatçı olan Şəmxani ifrat mühafizəkar Rəisi ilə fikir ayrılığının təzyiqi altında istefa verdi” - deyə xəbərlərdə bildirilir.
Qeyd olunur ki, Rəisi 2021-ci ilin avqustunda hakimiyyətə gələndən sonra islahatçılarla əlaqəli ən son fiqur olan Şamxanini əvəzləmək niyyətində imiş, lakin ali lider Əli Xamneyinin tərəddüdü ilə üzləşib. Amma Rəisi rejimə qarşı ən güclü və ən uzun etiraz hesab edilən hicaba etiraz aksiyalarının yatırılmasından sonra hakimiyyətdəki nisbətən liberal hər kəsdən xilas olmaqda israrlı olub. Şəmxaninin qovulması tələbini gücləndirmək üçün köməkçisinə qarşı “İngiltərəyə casusluq” ittihamı irəli sürülüb.
Xarici İşlər Nazirliyinin son 3 ildə ilk dəfə bütün səfirləri dəvət etdiyi diplomatik korpusun Xameneyi ilə görüşü zamanı Rəisi ilə Şəmxani arasında mübahisə dönüş nöqtəsi olub. Rəisinin təhriki ilə bəzi səfirlər Şəmxanini öz yaxın silahdaşlarını səfir təyin etmək üçün təzyiq göstərməsinə etiraz etmiş, bunu diplomatik idarənin işinə kənardan müdaxilə adlandırmışdılar. O, İranın BMT-dəki nümayəndəliyinə, Səudiyyə Ərəbistanında səfir postlarına öz adamlarını yerləşdirmək istəyirmiş.
Mənbə deyir ki, Rəisinin Ali Rəhbərlə görüşdə bu mövzunu qaldırması Şəmxanini qəzəbləndirib və o, Rəisidən yan keçərək Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən istefasını birbaşa Xameneiyə təqdim edib. Ali Şuranın iclasında Şəmxani Səudiyyə və Körfəz ölkələri ilə münasibətləri bərpa edərkən də öz şəxsi maraqlarını güdməkdə suçlanıb. Onun oğullarının korrupsiya əməlləri, xüsusən də “Admiral” şirkətinə məxsus milyardlarla dolların geri qaytarılması zamanı yol verilmiş mənimsəmələrlə bağlı sənədləri açmaqla hədələyiblər. İddia edilib ki, Şəmxaninin oğulları müsadirə edilmiş yüz minlərlə barrel neftin satışından gələn pulları qiymət manipulyasiyaları ilə mənimsəyiblər.
Mənbə onu da bildirib ki, daxili sosial sorğu Şəmxaninin Səudiyyə Ərəbistanı ilə müqavilə imzalanmasına rəhbərlik etdikdən sonra populyarlığının artdığını göstərir ki, bu da Rəisinin ikinci müddətə namizədliyini irəli sürmək istəyən mühafizəkarları qəzəbləndirib və onun hakimiyyətdən uzaqlaşdırılmasında təkid ediblər. Bundan əvvəl də reytinqi yüksələn hər kəs hakimiyyət üçün arzuolunmaz şəxsə çevrilib, dosyelər açılıb və ifşaya məcbur edilib.
Şəmxani Məhsa Əmininin qətlindən sonra başlamış etirazlardan sonra tutduğu mövqeyi ilə Rəisini daha çox qəzəbləndiribmiş. Çünki o, problemin kökünün iqtisadi vəziyyətin pisləşməsi olduğunu və hökumətin vəziyyəti yaxşılaşdırmalı olduğunu deyib.
Rəisi əvvəlcə keçmiş katib, ifrat mühafizəkar Səid Cəlilini Şəmxaninin varisi təyin etmək qərarına gəlib, lakin dini rəhbərin oğlu Müctəba Xamenei onun təyinatına mane olub və özünə yaxın olan general-mayor Əli Əkbər Əhmədianı bu vəzifəyə təyin etmək üçün atasının razılığını alıb.
Şuranın əhəmiyyəti ondadır ki, Ali Rəhbərin müəyyən etdiyi qaydalar çərçivəsində müdafiə və təhlükəsizlik siyasəti ilə bağlı Ali Milli Təhlükəsizlik Şurası qərar verir.
Bu arada bəlli olub ki, Səudiyyə Ərəbistanında səfir postuna Şəmxaniyə yaxın Əlireza Enayəti təyinat alıb. Bundan əvvəl o, Küveytdə səfir idi.
Şəmxaninin bundan sonra tutacağı post da bəlli olub. Xamenei onu Nizamın məsləhətini təşxis şurasının (sistemin maraqlarını qoruma şurası) üzvü təyin edib.
Məsləhət Şurası İranda əsas qurumlardan biridir. Əsas vəzifəsi İslam Şurası ilə Keşikçilər Şurası (SEPAH) arasında ixtilafları həll etməkdir. Qurum üzvlərinin sayı məclisin mövzusuna uyğun olaraq 44 daimi və 1 nəfər dəvətlidən ibarətdir. Daimi üzvlər hər 5 ildən bir İslam Respublikası rəhbərinin fərmanı ilə seçilir.
Seyid Əli Xamenei yarandığı gündən qurumun ilk sədri olub, sonra Əkbər Haşimi Rəfsəncani ona 27 il rəhbərlik edib. Onun ölümündən sonra məclisə müvəqqəti Məhəmməd Əli Mohadi Kermani, daha sonra Seyid Mahmud Haşimi Şahrudi başçılıq ediblər. İndi bu qurumun rəhbəri Sadiq Laricanidir. Bundan əvvəl toplantının keçirildiyi yer Tehrandakı Mərmər Saray olub. İndi iclaslar köhnə parlament binasının zalında keçirilir, həmin binada prezident və məclis katibinin dəftərxanası yerləşir.
Beləliklə, saraydaxili çəkişmələrdə uduzsa da, Şəmxaninin tam kənara atılmadığı, əksinə onu vəzifədən uzaqlaşdırmış SEPAH-a nəzarət edəcək bir quruma gətirildiyi bəlli olur. İstisna deyil ki, Məsləhət Şurasının yeni rəhbəri də ola bilər.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Dünya14:53
Putin Trampı təbrik edəcək? - Kremldən açıqlama
-
Rəsmi xronika14:18
İlham Əliyev Trampı təbrik etdi
-
Kriminal12:44
Türkiyədən Azərbaycana qayıtdı, bir həftə sonra öldürüldü - Qisas cinayəti
-
Rəsmi xronika11:39
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ / FOTO
-
Pul11:34
Seçkilərin nəticəsi dollara görün necə təsir etdi - Son rəqəmlər
-
ABŞ10:12
Respublikaçılardan sarsıdıcı qələbə: Demokratlar Senata nəzarəti itirdi
-
MDB10:08
Xəzərin üzərində PUA vuruldu: Əhaliyə müraciət edildi
-
Sosial09:17
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş