Düşmən tətikdədir və fürsət gözləyir: Vətəndaşlar mümkün təhlükələri tam görmədikləri üçün...
Bizi izləyin

Nida Təhlil

Düşmən tətikdədir və fürsət gözləyir: Vətəndaşlar mümkün təhlükələri tam görmədikləri üçün...

Düşmən tətikdədir və fürsət gözləyir: Vətəndaşlar mümkün təhlükələri tam görmədikləri üçün...

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri ilə bağlı qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Məsələ ətrafında hüquqi və dini yanaşmalar, hicab məsələsi, dünyəvi təhsil prinsipləri və dini etiqad azadlığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Publika.az mövzu ilə bağlı millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun fikirlərini öyrənib.

Hüquqi baxımdan dövlət və din münasibətləri

Ceyhun Məmmədov bildirib ki, məsələ ətrafında aparılan geniş müzakirələri və yaranmış narahatlıqları nəzərə alaraq, bu məsələyə həm hüquqi, həm də dini baxımdan münasibət bildirməyi zəruri hesab edir.

Öncə məsələnin hüquqi tərəfinə nəzər salan deputat Azərbaycan Respublikası Konstitusiyasının din və dövlət münasibətləri ilə bağlı 18-ci maddəsini xatırladıb. Həmin maddədə deyilir:

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.

Deputat Konstitusiyanın vicdan azadlığı ilə bağlı 48-ci maddəsində təsbit olunan müddəalara da diqqət çəkib. Həmin maddəyə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Eyni zamanda, dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Onun sözlərin görə, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Dövlət təhlükəsizliyi amili də nəzərə alınmalıdır

Ceyhun Məmmədov vurğulayıb ki, dünya təcrübəsində ayrı-ayrı dövlətlər müxtəlif təhlükəsizlik mülahizələrini nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edirlər. Son zamanlar Türkiyədə də təhlükəsizlik səbəbləri ilə ayrı-ayrı dini qruplara qarşı əməliyyatlar həyata keçirilib.

Deputatın sözlərinə görə, dövlət müxtəlif təhlükə və təhdidləri nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edə bilər. Buna görə də dinlə bağlı məsələlərə yalnız bir nöqteyi-nəzərdən deyil, həm də dövlət təhlükəsizliyi baxımından yanaşmaq vacibdir.

“Dinlə bağlı məsələlərə yalnız bir nöqteyi-nəzərdən deyil, həm də dövlət təhlükəsizliyi baxımından yanaşmağın vacibliyini hər zaman xüsusi vurğulayıram”, - deyə deputat bildirib.

O qeyd edib ki, təhlükəsizliklə bağlı müxtəlif addımların atılmasının və qərarların qəbul edilməsinin hansı zərurətdən irəli gəldiyini ən dolğun şəkildə dövlətin müvafiq qurumları qiymətləndirə bilər. Vətəndaşlar proseslərin bütün təfərrüatlarına bələd olmadıqları və mümkün təhlükələri tam görmədikləri üçün məsələyə fərqli prizmadan yanaşa bilərlər. Bu da təbiidir.

Deputat bildirib ki, bunlar məsələnin hüquqi tərəfi ilə bağlıdır.

İslamda hicab dini öhdəlik hesab olunur

Məsələnin dini tərəfinə toxunan Ceyhun Məmmədov qeyd edib ki, İslam dininə görə, müsəlman qadının hicab örtməsi dini öhdəlik hesab olunur. O, bu barədə Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsində buyurulanları diqqətə çatdırıb:

“Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə örtsünlər. Zinətlərini ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz qadınları (mömin qadınlar), sahib olduqları cariyələr, kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərinin fərqində olmayan uşaqlardan başqasına göstərməsinlər! Gizlətdikləri zinətlər bilinsin deyə ayaqlarını yerə vurmasınlar! Ey möminlər, hamılıqla Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız!”

Deputat bildirib ki, İslamda hicabın vacib buyurulmadığını, yaxud Quranda bununla bağlı ayənin olmadığını iddia etmək və hicabı sadəcə ərəb geyimi kimi təqdim etmək dini baxımdan yanlış yanaşmadır.

“İnsanların dini inancları barədə danışarkən məsuliyyətli olmalı, dini məsələləri bilmədən və ya təhrif edərək fikir bildirməkdən çəkinməliyik”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, bu cür yanaşmalarla nə İslama, nə də dövlətçiliyimizə xidmət etmək mümkündür.

Nazirlər Kabinetinin qərarında hicabla bağlı ayrıca qadağa nəzərdə tutulmayıb

Ceyhun Məmmədov Nazirlər Kabinetinin qərarına da münasibət bildirib. O qeyd edib ki, sənədin mətninə diqqət yetirdikdə hicabla bağlı ayrıca və konkret qadağanın nəzərdə tutulmadığı görünür.

Qərarla həm təhsilalanlar, həm də təhsilverənlər üçün geyim normaları müəyyənləşdirilir. Eyni zamanda, məktəbə idman üslubunda və açıq-saçıq geyimdə gəlməyə də məhdudiyyət qoyulur.

Başqa sözlə, həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Deputatın fikrincə, hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir. Bununla belə, həmin qaydaların tətbiqi qüvvədə olan qanunvericiliyə və vətəndaşların konstitusion hüquqlarına uyğun şəkildə həyata keçirilməlidir.

Heç kimə bu birliyi pozmağa imkan verməməliyik!

Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və şərəfli dövrlərindən birini yaşayır. Torpaqlarımız Cənab Prezidentin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi, qəhrəman şəhidlərimizin qanı bahasına azad olunub.

Deputat diqqətə çatdırıb ki, dünya ciddi təlatümlər içindədir. Heç vaxt olmadığı qədər təhlükə və sınaqlarla üz-üzəyik. Belə bir şəraitdə birlik və həmrəyliyimizi qorumağa daha çox ehtiyacımız var.

“Biz sağlam və normal cəmiyyəti yalnız bir-birimizin inancına, əqidəsinə və düşüncəsinə hörmətlə yanaşdığımız zaman qura bilərik”, - deyə o bildirib.

Ceyhun Məmmədov qeyd edib ki, hər kəs söylədiyi sözlərə və etdiyi çıxışlara diqqətlə yanaşmalıdır. Heç kim nə dindar, nə də qeyri-dindar vətəndaşların heysiyyətinə toxunmamalı, onların dini hissləri ilə oynamamalıdır.

Deputatın sözlərinə görə, kiminsə hicaba münasibəti fərqli ola bilər və bu, onun şəxsi mövqeyidir. Ancaq bir insan İslam dininə etiqad etməyi və ibadəti öz həyat tərzi seçibsə, onun seçiminə də hörmətlə yanaşmaq lazımdır. Bu mənada heç kimin İslamı ələ salmağa, dini inancları təhqir etməyə və ya istehza obyektinə çevirməyə haqqı yoxdur.

O, İslam dəyərləri barədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxsaylı fikirlərinin və çıxışlarının olduğunu xatırladıb. Bildirib ki, bu gün Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yeni məscidlər inşa olunur, tarixi məscidlər bərpa edilir. Bu, həm də Müzəffər Ali Baş Komandanın milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin göstəricisidir.

Deputat əlavə edib ki, son illərdə ölkəmizdə dövlət başçısının diqqət və qayğısı nəticəsində çoxsaylı məscidlər yenidən qurulub və bərpa edilib. Bütün bunlar İslam dininə və milli-mənəvi dəyərlərimizə göstərilən ehtiramın ifadəsidir.

Ceyhun Məmmədovun sözlərinə görə, hazırkı vəziyyətdə İslam dinini və müsəlmanları aşağılamağın çıxış yolu olduğunu düşünənlər yanılırlar. Belə davranışlar cəmiyyətdə gərginliyi artırır, qarşıdurmaya zəmin yaradır və ölkəmizə fayda vermək əvəzinə zərər vurur. İnanclı insanların heysiyyətinə toxunmaq, onların dini hisslərini təhqir etmək yolverilməzdir. Belə münasibət yalnız birlik və həmrəyliyimizə xələl gətirir.

“Biz möhtəşəm qələbəmizə məhz birliyimiz və həmrəyliyimiz sayəsində nail olmuşuq. Heç kimə bu birliyi pozmağa imkan verməməliyik!” - deyə deputat vurğulayıb.

Bu Vətən hamımızındır!

Ceyhun Məmmədov inanclı insanlara da müraciət edərək bildirib ki, Vətən hamımızındır və hər kəs onu göz bəbəyi kimi qorumalı, həqiqi vətəndaş olmalı, dövlətin möhkəmlənməsi üçün çalışmalıdır.

“Dövlətimiz olmasa, müstəqilliyimiz də, azadlığımız da təhlükə altına düşər. Biz bu müstəqilliyə çox böyük çətinliklər bahasına nail olmuşuq. Unutmayaq ki, dövlətsizlik ağır dərddir”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, heç bir təxribata uymamalıyıq. Mitinqlərə çağırış etmək, təxribatlara uymaq, insanlar arasında qarşıdurma yaratmaq və bir-birimizi təhqir etmək çıxış yolu deyil. İndiki dövrdə hamımız maksimum səbirli və təmkinli olmalı, düşmən dəyirmanına su tökməməliyik. Çünki düşmən tətikdədir və fürsət gözləyir.

Onun sözlərinə görə, hər birimiz üçün dövlətçilik, birlik və həmrəylik ən mühüm dəyərlərdən olmalıdır. Fikir ayrılıqları olsa belə, onları qarşılıqlı hörmət və sağlam müzakirə yolu ilə həll etməyi bacarmalıyıq.

Ceyhun Məmmədov sonda hər kəsi həssas və məsuliyyətli dövrdə diqqətli, təmkinli və məsuliyyətli davranmağa çağırıb.

“Allah Prezidentimizi, xalqımızı, dövlətimizi, birliyimizi və həmrəyliyimizi qorusun! Allah bu xalqa bir daha müsibət və faciələr yaşatmasın! İlahi, amin!”

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm