Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı
Bizi izləyin

Nida Təhlil

Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı

Hicab və məktəbli forması ilə bağlı müzakirələr - Filosofdan milli dəyərlər və təhsil mesajı

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyim forması ilə bağlı qəbul etdiyi qərar cəmiyyətdə müzakirə olunan məsələlərdən biridir. Qərar dünyəvi təhsil prinsipləri, milli-mənəvi dəyərlər və şagirdlərin tərbiyəsi baxımından müxtəlif aspektlərdən qiymətləndirilir. Məktəbli geyimi yalnız xarici görünüşlə bağlı məsələ deyil, eyni zamanda təhsil mühitində nizam-intizamın, qarşılıqlı hörmətin və ümumi dəyərlərin formalaşması ilə də əlaqəlidir. Bu baxımdan vahid geyim formasının tətbiqinin şagirdlərin mənəvi-əxlaqi tərbiyəsinə və Vətənə bağlılıq hissinə təsiri də diqqət çəkən məqamlardandır. Bəs qəbul edilən qərarın əhəmiyyəti nədən ibarətdir və vahid məktəbli forması ilə dini dəyərlər arasında ziddiyyət axtarmaq nə dərəcədə doğrudur?

Publika.az mövzu ilə bağlı Fəlsəfə və Sosiologiya İnstitutunun İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun fikirlərini öyrəndi.

Füzuli Qurbanov Nazirlər Kabinetinin vahid məktəbli geyim forması ilə bağlı qəbul etdiyi qərarı tamamilə düzgün hesab etdiyini bildirdi. Onun sözlərinə görə, bu qərar dünyəvi təhsil prinsipləri, milli-mənəvi dəyərlər və şagirdlərin hüquqları baxımından çox yaxşı addımdır.

Filosof qeyd etdi ki, Azərbaycanın həm milli-mənəvi, həm də dini dəyərlərlə bağlı özünəməxsus tarixi var. O vurğuladı ki, bu kimi qərarlar təsadüfən qəbul edilmir, onların hazırlanması zamanı çoxsaylı analiz və təhlillər aparılır, müasir dövrün şərtləri nəzərə alınır və qərarlar həmin qiymətləndirmələr əsasında verilir.

F.Qurbanovun fikrincə, məsələ yalnız dünyəvi təhsil prinsipləri ilə məhdudlaşmır, baxmayaraq ki, bu prinsiplər əsas şərtləri təşkil edir. O bildirdi ki, məktəblilərin vahid geyim formasında təhsil müəssisəsinə gəlməsi onların mənəvi-əxlaqi tərbiyəsində, Vətənə bağlılığında və bir-birinə münasibətində müsbət xarakter xüsusiyyətlərinin formalaşmasına kömək edə bilər.

Şöbə müdiri diqqətə çatdırdı ki, tarixən insanların vahid geyim formasından istifadə etməsi daxili nizam-intizamın güclənməsinə və qarşılıqlı hörmətin artmasına təsir göstərib. Onun sözlərinə görə, birləşmək, eləcə də Vətən uğrunda çalışmaq kimi dəyərlər belə şəraitdə daha yaxşı formalaşır və bunu təcrübə də sübut edir.

Hicab məsələsinə gəlincə, Füzuli Qurbanov bu məsələdə hər hansı qadağanın olmadığını vurğuladı. O bildirdi ki, Azərbaycanda qədimdən baş örtüyü ənənəsi mövcuddur, bu ənənə bu gün də davam edir və gələcəkdə də davam edəcək. Filosofun sözlərinə görə, ümumilikdə dini baxımdan hicab məsələsinə münasibət normaldır.

Bununla belə, F.Qurbanov orta məktəb şagirdlərinin milli-mənəvi dəyərlər kontekstində tərbiyəsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O bildirdi ki, Azərbaycana yaxın və ya uzaq ölkələrdə bu məsələyə fərqli yanaşmaların olması başadüşüləndir, çünki həmin yanaşmalar bu dövlətlərin öz tarixi ilə bağlıdır.

Filosofun fikrincə, Azərbaycanın dövlətçilik ənənələrinə xas olan xüsusiyyətlər Nazirlər Kabinetinin qəbul etdiyi qərarla tamamilə uzlaşır. Buna görə də o, qərarı müsbət hal kimi qiymətləndirir.

Füzuli Qurbanov qərarın zaman keçdikcə Azərbaycan cəmiyyəti tərəfindən daha yaxşı qəbul ediləcəyinə inandığını bildirdi. O əlavə etdi ki, uşaqların təhsili ilə bağlı məsələdə hər hansı dini şərtlə təhsil arasında ziddiyyət axtarmaq doğru deyil.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm