Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
Bizi izləyin

Nida Təhlil

Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor

Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor

Vahid məktəbli formasının tətbiqi ilə bağlı qərar təhsil müəssisələrində vahid qaydaların qorunması və dünyəvi təhsil prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, məktəblərdə geyim qaydaları ətrafında yaranan müzakirələr bu məsələnin cəmiyyət üçün aktuallığını bir daha gündəmə gətirib. Təhsil müəssisələrində geyim seçiminin fərdi seçimdən daha çox, ümumi qaydalar və təhsil mühitinin prinsipləri çərçivəsində qiymətləndirilməli olduğu bildirilir. Xüsusilə dünyəvi təhsil ənənələrinin qorunması və maarifçilik ideyalarının yaşadılması məsələsi müzakirələrin əsas istiqamətlərindən birini təşkil edir.

Publika.az mövzu ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun fikirlərini öyrənib.

Professor bildirdi ki, vahid məktəbli formasının tətbiqi ilə bağlı qərar doğru addımdır, lakin bu qərarın daha əvvəl qəbul edilməsi məqsədəuyğun olardı. Onun fikrincə, məsələnin gecikməsi məktəblərdə geyim qaydaları ətrafında mübahisələrin yaranmasına və bəzi qrupların öz mövqelərini daha fəal şəkildə ifadə etməsinə şərait yaradıb.

Bədirxan Əhmədov qeyd etdi ki, müasir dövrdə təhsilin əsas məqsədi şagirdlərə bilik vermək, onların intellektual inkişafını təmin etmək və dünyagörüşünü genişləndirməkdir. XXI əsrin internet və informasiya texnologiyaları ilə yanaşı, intellektual inkişafın da ön plana çıxdığı bir dövr olduğunu vurğulayan professor hesab edir ki, məktəblərdə diqqət, ilk növbədə, təhsilə, elmə və müasir biliklərin mənimsənilməsinə yönəlməlidir.

O bildirdi ki, Azərbaycan maarifçiləri hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində cəmiyyətdə mövcud olan gerilik və cəhalətə qarşı mübarizə aparıblar. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, maarifçi publisist və yazıçı Əli bəy Nemanzadə, eləcə də Mirzə Ələkbər Sabir kimi ziyalıların yaradıcılığında maariflənmə, düşüncə azadlığı və cəmiyyətin tərəqqisi mühüm yer tutub.

Professorun sözlərinə görə, həmin ziyalıların əsas məqsədi insanları köhnəlmiş düşüncə tərzindən uzaqlaşdırmaq, elmin və təhsilin əhəmiyyətini anlatmaq, cəmiyyətin inkişafına mane olan stereotipləri aradan qaldırmaq idi. Bu baxımdan, Bədirxan Əhmədov hesab edir ki, maarifçilik ənənələrinin qorunması və müasir təhsilin tələblərinə uyğun yanaşmanın təşviqi bu gün də aktuallığını saxlayır:

"İnsanların gündəlik həyatda necə geyinməsi onların şəxsi seçimidir və dövlətin bu seçimə müdaxiləsi məsələyə fərqli yanaşma tələb edir. Lakin məktəb ümumi qaydaların, təhsil intizamının və vahid yanaşmanın tətbiq olunduğu müəssisədir. Məktəblərdə geyim məsələsi şəxsi seçim müstəvisindən çıxarılaraq qüvvədə olan qaydalar çərçivəsində tənzimlənməlidir".

Professor qeyd etdi ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında ümumi təhsil mühitinin formalaşmasına və məktəbin əsas funksiyasının ön plana çıxmasına xidmət edir. O hesab edir ki, bu məsələyə münasibətdə əsas diqqət mübahisələrin dərinləşdirilməsinə deyil, təhsilin keyfiyyətinə, şagirdlərin intellektual inkişafına və dünyəvi təhsil prinsiplərinin qorunmasına yönəldilməlidir.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm