Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
Bizi izləyin

Nida Təhlil

Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?

Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?

AKP-nin İhvançılığa (Müsəlman qardaşları) əsaslanan dini ideologiyanı müxtəlif ölkələrə ixrac etmək məqsədilə biznes və humanitar təşkilatlardan geniş istifadəsinə dair yayılan məlumatlar diqqəti Türkiyə QHT-lərinin fəaliyyətinə yönəldir. QHT-lərin ictimai diplomatiyada istifadə təcrübəsi genişdir və beynəlxalq münasibətlərin tərkib hissəsi olaraq qiymətləndirilir. Lakin bu fəaliyyətin sərhədi daxili işlərə müdaxiləyə qədərdir. Bu sərhədi keçəndə - kəşfiyyat fəaliyyətinin və ideoloji müdaxilənin alətinə çevrildikdə milli təhlükəsizlik amili ön plana çıxır.

Türkiyəyə məxsus təşkilatların humanitar fəaliyyət və biznes əlaqələri üzərindən ideoloji ixrac vasitəsinə çevrilməsi, xüsusilə AKP-nin siyasi İslamın yayılması siyasətində alət kimi istifadə edilməsi təhlükə siqnalı hesab oluna bilər, xüsusilə Azərbaycan kimi dünyəvi dövlət quruluşunun olduğu ölkələr üçün.

Türkiyəyə məxsus təşkilatların xarici ölkələrdə fəaliyyətinin genişlənməsi 1990-cı illərin əvvəllərindən başlanıb. Lakin həmin dövrlərdə ölkə dünyəvilik prinsiplərinə uyğun idarə olunur, xarici siyasətdə də bu yanaşma əsas götürülürdü. 2002-ci ildə AKP-nin hakimiyyətə gəlişindən sonra siyasi islamçıların mövqeləri dövlət idarəçiliyində olduğu kimi, biznes və vətəndaş cəmiyyəti sektorunda da gücləndi. Eyni zamanda, Türkiyənin xaricdə fəaliyyət göstərən təşkilatlarının missiyası siyasi İslamın yayılmasına doğru dəyişməyə başladı. Bu təşkilatlar üç kateqoriyaya ayrılır.

Birincisi, dini əsaslara söykənən biznes təşkilatlarıdır.

Türkiyənin xarici iqtisadi əlaqələrində əsas rolu 1971-ci ildə təsis edilmiş, dünyəvi biznes elitanı birləşdirən TÜSİAD (Türkiyə Sənayeçi və İş Adamları Dərnəyi) oynayırdı. Lakin 1990-cı illərdə liberal iqtisadiyyatın güclənməsi dünyəvi biznes elitasının qarşısına qarşı MÜSAİD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) kimi dini-mühafizəkar elitanın çıxmasına şərait yaratdı. AKP-nin hakimiyyətə gəlişi MÜSAİD kimi dini biznes elitanın önünü daha da açdı. Bu gün təşkilat 60 ölkədə fəaliyyət göstərir. Bu fəaliyyət biznes əlaqələri ilə yanaşı, siyasi İslam ideologiyasına əsaslanan sosial-iqtisadi təməllərin yaradılmasından ibarətdir.

İkincisi, dini təmayüllü təşkilatlardır.

Bu təşkilatlar Türkiyənin xarici siyasətində, xüsusilə siyasi İslamın ixracında yeni alət kimi qiymətləndirilir. “İnsan Haqları və Humanitar Yardım Fondu” (İHH), “Cansuyu”, “Deniz Fənəri”, “Kimsə yoxmu” kimi təşkilatlar bura daxildir. Belə təşkilatlar Türkiyə daxilində olduğu kimi, xaricdə də humanitar yardımlar həyata keçirir, adətən fövqəladə hallarda aktiv fəaliyyət göstərirlər. Lakin bu fəaliyyətin arxasında dini ideologiyanın yayılması hədəflərinin olduğu haqda məlumatlar da var. Misal üçün, İHH-nin Suriya və Liviyada humanitar fəaliyyət adı altında islamçı qrupların təşkilatlanması olduğu deyilir. Əfqanıstan, Somali, Fələstin, Pakistan, Yəmən, Sudan, Niger və Banqladeşdə də eyni fəaliyyətlər həyata keçirilib.

Üçüncüsü, xeyriyyə təşkilatlarıdır.

Belə təşkilatlar adətən təriqət və dini camaatlara bağlılığı ilə tanınır. İlk dövrlərdə xeyriyyə işləri ilə bağlı olduğu dini qrupların ideoloji yayılma siyasətinə xidmət edirdilərsə, AKP-nin iqtidara gəlişi ilə siyasi İslamın dövlət idarəçiliyinə yüksəlməsindən sonra fəaliyyətləri daha da genişləndi. Misal üçün, Əziz Mahmud Hüdayi Vəqfinin qolu olan Gənclərə Yardım Fondunun belə təşkilatlardan olduğunu demək mümkündür. Əziz Mahmud Hüdayi Vəqfi Nəqşibəndliyin Xalidiyyə qoluna mənsub Ərənköy camaatına bağlıdır. AKP-nin hakimiyyətə gəlişindən sonra Hüdayi Vəqfinin təkcə Türkiyədə deyil, xaricdə, xüsusilə Afrika və Asiyada imkanları genişləndi. Vəqfin Niger və Qabonda torpaq və bina verilməsində AKP-nin, birbaşa Ərdoğanın rolunun olduğu haqda məlumatlar var.

Məlumatlar göstərir ki, Türkiyənin xaricdə fəaliyyət göstərən təşkilatlarının fəaliyyəti “ictimai diplomatiya” və “yumşaq gücün” formalaşması kimi beynəlxalq münasibətlərdə qəbul olunmuş qaydalardan kənara çıxır. Bir çox hallarda kəşfiyyat xidmətlərinə yerli əməkdaşların tapılmasında dəstəyin verilməsi, humanitar yardımlarla təsir dairəsinin genişləndirilməsi və siyasi İslam ideologiyasının yayılmasında ciddi rol oynayırlar. Bunun nümunələrindən biri vətəndaş müharibəsinin getdiyi Sudanda İHH-nin humanitar yardım fəaliyyətləri ilə siyasi islamçı ideologiyanın yayılması, eləcə də Türkiyənin dəstəklədiyi qüvvələrə dəstəyin verilməsi işini həyata keçirməsidir.

Türk dövlətləri üçün risk kateqoriyasına daxil olan təşkilatlardan biri isə TİKA-dır (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi). SSRİ-nin dağılmasından sonra Türkiyədə postsovet məkanındakı türk dövlətləri ilə yaxınlaşmaq siyasəti aktullaşdı və bu məqsədlə 1992-ci ildə TİKA yaradıldı. Təşkilatın məqsədinin türk dövlətlərinin iqtisadi inkişafına dəstək vermək, təhsil, kənd təsərrüfatı, mədəni layihələr həyata keçirmək olduğu deyilsə də, çevriliş planlarının hazırlanmasında iştirakına dair məlumatlar var. 1995-ci ildə Azərbaycanda çevriliş cəhdində TİKA-nın əməkdaşı Fərman Demirkolun iştirakının ifşa edilməsi bunun əsas nümunələrindəndir. Təşkilat 2002-ci ildən sonra fəaliyyət göstərdiyi ölkələrə həm də siyasi islamçılıq pəncərəsindən baxmağa başlayıb. Ki, bu da türk dövlətlərinin dünyəvi dövlət quruluşuna uyğun gəlmir.

Bütün bunlar dünyəvi dövlət olan Azərbaycanda Türkiyəyə bağlı təşkilatların - TİKA, Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu, Beynəlxalq Maarif Məktəbləri və digərlərinin fəaliyyətini yenidən gözdən keçirmək zərurəti yaradır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm