Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
Bizi izləyin

Nida Təhlil

Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı

Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciətində Xankəndidə də Zəfər Muzeyinin olacağını bildirib. Dövlət başçısı qeyd edib ki, artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır.

Zəfər Muzeyinin yerləşəcəyi məkan xüsusilə diqqət çəkir. Dövlət başçısının sözlərinə görə, muzeyin məkanı keçmiş icra hakimiyyətinin binasıdır.

“Vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar”, - Prezident bəyan edib.

Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edəndən sonra Koçaryan-Sarkisyan cütlüyü “yenilməz erməni ordusu”, “görkəmli erməni sərkərdələri” və bu kimi digər miflər formalaşdırmış, ictimai rəyə “istənilən vaxt tanklarla Bakıya daxil ola, çay içə bilərik” xülyasını sırımışdı. “Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” deyirdi ermənilər.

2018-ci ildə Ermənistanda keçmiş “Qarabağ klanı”nın hakimiyyətdən gedişi sülh prosesinə böyük ümidlər yaratsa da, Paşinyanın generalları da “Bakıda çay içmək” iddialarından xilas ola bilmədi. Sülh danışıqlarının tamamilə sıfırlanması cəhdləri, Tovuz döyüşlərinə səbəb olan təxribatlar, “yeni müharibə - yeni ərazilər” tezisi Ermənistanın daha da azğınlaşmasından qaynaqlanırdı.

Ermənilərin “Tanklarımız Bakı küçələrinə daxil olacaq” və “Bakıda çay içəcəyik” arzularını Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan ordusu gerçəkləşdirdi.

Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarımız ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi, “yenilməz ordu”larını darmadağın etməyə cəmi 44 gün yetərli oldu. 8 minə yaxın erməni hərbçisi məhv edildi, 10 mindən çox hərbçi yaralandı, on minlərlə hərbçi fərarilik etdi, başda “görkəli erməni sərkərdələri” olmaqla. Döyüş meydanında məlum oldu ki, Koçaryan-Sarkisyan cütlüyünün iddia etdiyi “yenilməz erməni” ordusu fərari dəstədən başqa bir şey deyil.

44 gün ərzində Ermənistanın hərbi texnikası darmadağın edildi.

53 tank əleyhinə vasitə, 4 ədəd “Smerç”, 97 ədəd “Qrad”, 2 ədəd “Uraqan”, 1 “YARS”a, 1 TOS odsaçan, 7 “S-300” zenit-raket komplekslərinin atıcı qurğusu, 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 ədəd “TOR” zenit-raket kompleksi, 40 ədəd “Osa” zenit-raket kompleksi, 4 ədəd “KUB” zenit-raket kompleksi, 1 ədəd “KRUQ” zenit-raket kompleksi, 14 zastava, 2 ədəd “S-125” zenit-raket kompleksi, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 Ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 ədəd radioelektron mübarizə vasitəsi, 2 ədəd “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 ədəd müxtəlif radiolokasiya stansiyası, 4 ədəd, “Reppelent” radio-texniki maneə vasitəsi. Bunlar döyüş meydanında məhv edilən hərbi texnikalardır.

Döyüş zamanı məhv edilən və qənimət götürülən hərbi texikanın da siyahısı uzundur:

- Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika”: 28-i məhv edilib, 5-i qənimət götürülüb;
- Müxtəlif çaplı toplar: 315-i məhv edilib, 37-si hərbi qənimət götürülüb;
- Minaatanlar: 63-ü məhv edilib, 62-si qənimət götürülüb;
- Xüsusi avtomobillər: 10-u məhv edilib, 93-ü qənimət götürülüb;
- Qumbaraatan: 178-i qənimət götürülüb;
- “Şilka” zenit qurğusu: 5 ədəd qənimət götürülüb;
- Atıcı silahlar: 1380 atıcı silah qənimət götürülüb;
- 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;
- Tank: 287-si məhv edilib, 79-u qənimət götürülüb;
- Piyadaların döyüş maşını: 69-u məhv edilib, 47-si qənimət götürülüb;
- “Su-25” təyyarəsi: 5-i məhv edilib;
- Yük avtomobilləri: 252-si məhv edilib, 270-i hərbi qənimət götürülüb.

Ermənistanın hərbi texnikası hazırda Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında sərgilənir. Azərbaycan ordusu bununla ermənilərin “tanklarımız Bakı küçələrində olacaq” arzusunu reallaşdırdı.

Bundan sonra növbə “Bakıda çay içmək” arzusunda idi. Ermənilər hesab edirdilər ki, müharibədə məğlub olsalar da, Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla Qarabağın müəyyən ərazisində qala, qondarma “dövlət” oyunlarını davam etdirə biləcəklər. Lakin 44 günlük müharibədən cəmi 3 il sonra – 2023-cü ilin 20 sentyabrında Qarabağda qalan separatçı rejim məhv edildi. Müharibə cinayətlərində ittiham olunan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri isə Bakıya gətirilərək, məhkəmə qarşısına çıxarıldı.

Ermənilərin bütün iddiaları və planları alt-üst olsa da, “tanklarımız Bakı küçələrində olacaq” arzularından sonra, “Bakıda çay içmək” arzuları da çin oldu, amma Prezident İlham Əliyevin də dediyi kimi, tankları Hərbi Qənimətlər Parkında nümayiş olunur, özləri istintaq təcridxanasında Azərbaycan çayını içirlər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm