Şuşada müttəfiqlik sazişinə verilən yeni nəfəs və liderlərin qardaşlıq andı
Bizi izləyin

Nida Təhlil

Şuşada müttəfiqlik sazişinə verilən yeni nəfəs və liderlərin qardaşlıq andı

Şuşada müttəfiqlik sazişinə verilən yeni nəfəs və liderlərin qardaşlıq andı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Şuşaya gəlişi və Zəfər Günündə Prezident İlham Əliyevlə birlikdə olması Bakı-Ankara qardaşlığının sarsılmazlığını bir daha nümayiş etdirdi. Və Şuşa tarixin sınaqlarından keçmiş Azərbaycan-Türkiyə qardaşlığına növbəti dəfə şahidlik edirdi.

Vətən müharibəsində Azərbaycanın yanında olan yeganə dövlət Türkiyə idi və qardaş ölkənin siyasi və mənəvi dəstəyi Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə mətbuat konfransında dediyi kimi, ruhumuzu daha da artırdı. Dövlət başçısı mətbuata bəyanatında Ərdoğana xitabən bildirdi ki, siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz.

“Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”, - Prezident vurğulayıb.

Vətən müharibəsində qazanılan tarixi qələbə regionda tamamilə yeni reallıqlar yaratdı. Bu prosesdə ən önəmli hadisələrdən biri Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi idi. Bu sənəd iki qardaş ölkənin strateji müttəfiqliyini yeni reallıqlara uyğunlaşdırmaq və daha da gücləndirməyə böyük töhfə verib.

Beş il sonra Şuşa yenidən Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığına ev sahibliyi edirdi. Bu dəfə İlham Əliyevlə Ərdoğanın görüşü, liderlərin verdiyi mesajlar xüsusilə əhəmiyyətli idi, çünki son dövrlər Türkiyədə Azərbaycana qarşı informasiya hücumları ictimaiyyətdə ciddi narahatlıq yaratmışdı və aydın görünürdü ki, kimlərsə, yaxud hansısa qruplar strateji müttəfiqlik münasibətlərinə zərər vurmaq istəyirlər.

Bu nə Azərbaycanın, nə Türkiyənin marağında olmayan bir proses idi və hər iki ölkənin ictimaiyyətində sağlam qüvvələrin narahatlığına səbəb olmuşdu. Xoşagəlməz prosesə yalnız liderlər son qoya bilərdi, çünki qardaş ölkələr arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsində inkişaf etməsində Əliyevlə Ərdoğanın siyasi iradəsi mühüm rol oynayıb.

Bu baxımdan, Türkiyə və Azərbaycan liderlərinin bir araya gəlməsi baş verənlər fonunda tarixi hadisə hesab oluna bilər. Və bunun məhz Zəfər Günündə, məhz Şuşada baş verməsi həm mənəvi, həm simvolik olaraq, böyük məna daşıyır. Bir araya gələn liderlər Şuşa Bəyannaməsi ilə rəsmiləşən strateji müttəfiqliyə məhz Zəfərin əsas simvollarından olan bu şəhərdə yeni nəfəs verdi.

Bir daha aydın oldu ki, heç bir qüvvə Azərbaycan və Türkiyənin qardaşlığını sarsıda bilməz. Liderlər Şuşada bunu açıq şəkildə dilə gətirdi.

Prezident İlham Əliyev bildirdi ki, birliyimizi sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar: “Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da bəyan etdi ki, 2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər.

Bu fikirləri liderlərin açıq mesajları kimi oxuya bilərik.

1. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və bunu pozmaq cəhdləri heç vaxt baş tutmayacaq;
2. Münasibətlərimizi sarsıtmaq istəyən qüvvələr qarşılarında Azərbaycan-Türkiyə birliyini və iki ölkənin liderlərini görəcəklər;
2. Bu qardaşlığın, strateji münasibətlərin zamini iki xalq və iki liderdir;

Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa görüşü iki ölkənin strateji müttəfiqliyinin güclü gələcəyi baxımından tarixi əhəmiyyətə malikdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm