Nida Təhlil
Dublindən Bakı sammitinə: Avropanın gələcəyində Azərbaycanın rolu
Noyabrın 12-də Avropanın gələcəyi Dublində müzakirə ediləcək. “Avropa Siyasi Birliyi”nin (ASB) İrlandiyanın paytaxtında keçiriləcək 9-cu sammitində prioritet mövzular təhlükəsizlik, enerji təminatı, iqtisadi rəqabət, innovasiyalar və nəqliyyat əlaqələrinin inkişafıdır. Mövcud geosiyasi gərginliklər fonunda “Köhnə Qitə” öz təhlükəsizliyini, burada enerji amili xüsusilə əhəmiyyətlidir, eləcə də qlobal rəqabətdə yerini düşünmək, gələcək strategiyasını müəyyənləşdirmək məcburiyyətindədir.
Dublin sammiti Azərbaycanın maraqları baxımından da önəmlidir.
1. Azərbaycan-Avropa İttifaqı münasibətləri “Köhnə Qitə”də baş verən prosesləri və Dublində müzakirə ediləcək istiqamətləri Bakı üçün maraqılı edir;
2. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır;
3. Avropanın maraq göstərdiyi nəqliyyat dəhlizlərində, xüsusilə Orta dəhliz marşrutunda Azərbaycan əsas hab rolunu oynayır.
Bu və digər səbəblər fonunda Dublin sammiti, orada aparılacaq müzakirələr və bunun Avropanın gələcəyinə təsiri Azərbaycanın diqqət mərkəzindədir.
Bununla yanaşı, ən önəmli məqam 2028-ci ildə Bakının ASB-nin sammitinə ev sahibliyi etməsidir. Dublindəki müzakirələrin Bakı sammitinin də gündəliyinə ciddi təsiri olacaq. Bu baxımdan, ASB-nin 9-cu sammiti bizim üçün əlavə əhəmiyyət daşıyır.
Dublindən sonra ASB-yə Bakının ev sahibliyi etməsi, bununla bağlı Avropa ölkələrinin yekdil qərarı Azərbaycanın beynəlxalq nüfuzunun növbəti nümunəsidir. Bu bir daha təsdiq edir ki, Azərbaycan təkcə regional proseslərin iştirakçısı deyil, həm də geniş coğrafiyada siyasi dialoqun inkişafına töhfə verən, qlobal məsələlərin həllində rol oynayan gücə çevrilib.
Bakı: dialoqun yeni siyasi platforması
ASB 2022-ci ildə Praqda təsis olundu, əsas üstünlüyü Avropa İttifaqına üzv olan və olmayan dövlətlərin vahid müzakirə platforması olmasıdır. Əsas məqsədi isə Avropanın üzləşdiyi çağırışlarla bağlı dövlət və hökumət başçıları səviyyəsində fikir mübadiləsi aparmaq, siyasi məsləhətləşmələri genişləndirmək və əməkdaşlıq imkanlarını müəyyənləşdirməkdir. ASB-ni digər beynəlxalq qurumlardan fərqləndirən əsas amil onun çevik və qeyri-rəsmi fəaliyyət mexanizmidir. Burada iştirakçı dövlətlər mürəkkəb prosedurlara ehtiyac olmadan təhlükəsizlikdən iqtisadiyyata qədər geniş məsələləri müzakirə, həll yollarını tapmaq və maraqları uzlaşdırmaq istiqamətində işləyə bilirlər. ASB yeni beynəlxalq təşkilat deyil, əksinə, mövcud siyasi dialoq imkanlarından effektiv şəkildə istifadə etməkdir.
Azərbaycan məhz bu yanaşmanı dəstəkləyir. Bakının mövqeyi belədir ki, ASB özünü ilkin mahiyyətini qoruyaraq, Avropa dövlətləri arasında siyasi təmasların genişləndirilməsinə xidmət etməlidir. Yeni bürokratik strukturların yaradılmasındansa, mövcud beynəlxalq mexanizmlər arasında əlaqələrin gücləndirilməsi daha məqsədəuyğundur. Azərbaycanın bu platformada iştirakı milli maraqların Avropa liderləri səviyyəsində ifadə edilməsi, regional məsələlərə dair mövqeyinin çatdırılması və yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün əlverişli imkan yaradır. Xüsusilə Avropanın enerji təhlükəsizliyi, alternativ nəqliyyat marşrutları və Cənubi Qafqazda sabitlik məsələlərində Azərbaycanın rolunun yüksəlməsi bu dialoqun siyasi çəkisini daha da artırır. Bu kontekstdə Bakının ASB-yə səmərəli şəkildə ev sahibliyi edəcəyi və mühüm müzakirələrin aparılmasında platforma olacağı aydındır. Azərbaycanın təcrübəsi, beynəlxalq strukturlarda işləmək qabiliyyəti və qlobal problemlərin müzakirəsinə, həll yollarının tapılmasında həm ev sahibi, həm iştirakçı ölkə kimi təhfə verməsi buna əminlik yaradır.
Avropanın təhlükəsizliyində Azərbaycan faktoru
Qlobal geosiyasi dəyişikliklər, xüsusilə enerji bazarlarında qeyri-müəyyənlik və təchizat marşrutlarının şaxələndirilməsi zərurəti Avropa üçün etibarlı tərəfdaşlarla əməkdaşlığı strateji məsələyə çevirib. Azərbaycan həm enerji resursları, həm də əlverişli coğrafi mövqeyi ilə bu ehtiyacların qarşılanmasında mühüm imkanlara malikdir. 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması münasibətlərin inkişafında mühüm mərhələ oldu. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının genişləndirilməsi Azərbaycanın qitənin enerji təhlükəsizliyindəki rolunu daha da artırdı.
Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Bu, Azərbaycanın enerji tərəfdaşlığının artıq ikitərəfli münasibətlərin çərçivəsindən çıxaraq, beynəlxalq əhəmiyyət qazandığını göstərir.
Mühüm istiqamətlərdən biri də bərpaolunan enerji sektorudur. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, günəş enerjisi layihələri və Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığı Azərbaycanın gələcəkdə Avropanın enerji təminatında daha geniş iştirakına zəmin yaradır. Xəzər və Qara dəniz üzərindən nəzərdə tutulan enerji bağlantıları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2026-cı ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclaslarında 27 tərəfdaş hökumətin, 60 beynəlxalq təşkilat və şirkətin nümayəndələrinin iştirakı Azərbaycanın enerji diplomatiyasının geniş coğrafiyasını nümayiş etdirdi.
Bütün bunlar o deməkdir ki, Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də yeni enerji layihələrinin hazırlanması, regional əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli iqtisadi tərəfdaşlığın qurulmasında iştirak edən mühüm aktordur.
Nəqliyyat dəhlizləri və Azərbaycanın güclənən geosiyasi rolu
Avropa ilə Azərbaycan arasında əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Beynəlxalq ticarətdə baş verən dəyişikliklər, ənənəvi marşrutlardan asılılığın azaldılması və alternativ bağlantılara ehtiyac Azərbaycanın tranzit imkanlarını ön plana çıxarıb. Xüsusilə Orta Dəhliz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında strateji əhəmiyyətə malikdir. Çin və Mərkəzi Asiyadan başlayaraq, Xəzər dənizi, Azərbaycan, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımaların şaxələndirilməsi üçün mühüm alternativ yaradır.
Azərbaycanın coğrafi mövqeyi ilə bu dəhlizin strateji hissəsini təşkil edir, bununla yanaşı, liman, dəmir yolu və avtomobil yolu infrastrukturu da ölkəmizin üstünlüyünü artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu xətlərinin modernləşdirilməsi və Naxçıvanla nəqliyyat bağlantılarının inkişafı regional logistika sisteminin gələcək potensialını müəyyən edən əsas amillərdəndir.
Cənubi Qafqazda sülhün geosiyasi əhəmiyyəti
Dublin sammitinin gündəliyində təhlükəsizlik məsələlərinin xüsusi yer tutması Avropanın mövcud geosiyasi şəraitdə üzləşdiyi çağırışlarla bağlıdır. Ukrayna müharibəsi, hibrid təhdidlər, kibertəhlükəsizlik və strateji infrastrukturun qorunması qitə dövlətlərinin ortaq narahatlıqları sırasındadır. Azərbaycanın bu kontekstdə diqqət yetirdiyi əsas məsələlərdən biri Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır. Regionda sabitliyin yaranması yalnız Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması demək deyil, eyni zamanda, Avropa ilə Asiya arasında yeni nəqliyyat xətlərinin açılması, ticarət dövriyyəsinin genişlənməsi və investisiya imkanlarının artması üçün əlverişli şəraitin formalaşmasıdır. Sülh prosesinin tamamlanması bu baxımdan, təkcə Bakı-İrəvan gündəliyinə daxil deyil, bu, ümumilikdə geosiyasi əhəmiyyətə malikdir.
Azərbaycanın beynəlxalq proseslərdə genişlənən iştirakı
ASB-nin Dublin sammiti 2028-ci ildə Bakıda baş tutacaq görüşə qədər mühüm hazırlıq mərhələsidir. Azərbaycan həm platformanın müzakirə istiqamətlərini, həm də Avropa liderlərinin ortaq prioritetlərini yaxından izləmək imkanı əldə edir. Növbəti ünvan isə Bakı olacaq və Azərbaycan siyasi dialoqun qurulmasındakı zəngin təcrübəsindən istifadə edəcək. İndiyə qədər Bakıda keçirilmi beynəlxalq əhəmiyyətli tədbirlərin miqyası bunu deməyə əsas verir. Misal üçün, ötən ayın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısı məhz Bakıda baş tutdu. Üzv dövlətlərin dəstəyi ilə Azərbaycanın təşkilata sədrliyinin 2028-ci ilədək uzadılması ölkəmizin Asiya məkanında dialoq və etimad quruculuğundakı roluna verilən qiyməti əks etdirir.
2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının da 16-cı Zirvə toplantısı Bakıda keçiriləcək və Azərbaycanın təşkilata sədrliyi başlayacaq. AQEM rəhbərliyinin davam etməsi, İƏT-ə sədrliyin başlanması və “Avropa Siyasi Birliyi”nin sammitinə ev sahibliyi etməyimiz Azərbaycanın beynəlxalq siyasi gündəmdə iştirakını daha da genişləndirəcək.
Asif Nərimanlı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır















.jpg)


.jpg)

.jpg)
.jpg)

.jpg)











