Nida Təhlil
Konstitusiyanın 31 ili: Müstəqil dövlətçiliyin hüquqi əsasları necə formalaşdı?
12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını müəyyənləşdirərək, ölkənin gələcək inkişafı üçün möhkəm təməl yaratdı. Bu tarixdən ötən dövr ərzində Əsas Qanuna edilən dəyişikliklər və həyata keçirilən islahatlar onun ölkənin siyasi-hüquqi həyatındakı rolunu daha da genişləndirdi.
Publika.az-a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, 1995-ci ildə Azərbaycan Konstitusiyasının hazırlanması müstəqil dövlət quruculuğunun tələblərindən və ölkədə mövcud olan mürəkkəb tarixi-siyasi şəraitdən irəli gəlirdi.
Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktı Azərbaycanın dövlət müstəqilliyinin bərpasını hüquqi cəhətdən rəsmiləşdirib və yeni Konstitusiyanın hazırlanması üçün əsas yaradıb:
“Həmin dövrdə artıq müstəqil dövlət idarəçiliyinin əsaslarını, insan hüquq və azadlıqlarının təminatlarını, eləcə də vətəndaşların öz hüquqlarını müdafiə mexanizmlərini müəyyən edən yeni Əsas Qanuna ehtiyac var idi. O illərdə dövlət quruculuğu son dərəcə ağır şəraitdə həyata keçirilirdi. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal edilmiş, bir milyondan çox insan öz doğma yurdlarından didərgin düşmüşdü. 1990-cı illərin əvvəllərində yaşanan siyasi böhran dövlət idarəçiliyini ciddi şəkildə sarsıtmış, iqtisadi tənəzzül dərinləşmiş, inflyasiya sürətlənmişdi.
Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. O, Konstitusiya layihəsini hazırlayan Komissiyaya şəxsən rəhbərlik edir, sənədin hüquqi müddəalarının müzakirəsində iştirak edir, ictimai müzakirələr zamanı irəli sürülən təkliflərin nəzərdən keçirilməsini təmin edirdi. 1995-ci il noyabrın 10-da Komissiyanın iclasında Heydər Əliyev Konstitusiyanın hər bir müddəasına nə qədər böyük məsuliyyətlə yanaşdığını belə ifadə etmişdi: “Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm”. Bu fikirlər Ulu Öndərin Konstitusiyanın hazırlanmasına verdiyi əhəmiyyəti və bu prosesə göstərdiyi diqqəti aydın şəkildə nümayiş etdirir”.
Hüquqşünas Konstitusiyanın bu gün ölkənin siyasi-hüquqi və ictimai həyatında əhəmiyyətini də vurğuladı. O hesab edir ki, ötən 31 il ərzində Konstitusiyanın ölkə həyatına təsirini göstərən ən mühüm məqamlardan biri vətəndaşların dövlət qarşısında öz hüquqlarını müdafiə etmək imkanlarının genişləndirilməsidir:
“Konstitusiyada insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi müəyyən edilib. Belə ki, Əsas Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan dövlətinin ali məqsədi insan hüquq və azadlıqlarının, eləcə də vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsidir. Dövlətin ali məqsədinin bu şəkildə müəyyənləşdirilməsi, eyni zamanda, onun vətəndaş qarşısında məsuliyyətini ifadə edir.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə də konstitusiya islahatları davam etdirildi. 2009-cu ildə keçirilmiş referendum nəticəsində 12-ci maddəyə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı müddəa əlavə olundu. 2016-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə növbəti konstitusiya islahatları həyata keçirildi. Həmin referendum çərçivəsində vitse-prezidentlik institutu yaradıldı və 63-cü maddə yeni redaksiyada qəbul edildi.
Bu maddənin vətəndaşlar üçün mühüm hüquqi əhəmiyyəti var. Belə ki, dövlət orqanında işi araşdırılan şəxs öz mövqeyini bildirmək, işinə qərəzsiz müddətdə baxılmasını tələb etmək hüququna malikdir”.

Ə. Nuriyev qeyd etdi ki, Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub:
“Bu proseslərin Konstitusiya baxımından da mühüm əhəmiyyəti var. 1995-ci ildə qəbul edilmiş Əsas Qanunda Azərbaycanın ərazisinin vahid və bölünməz olduğu təsbit edilmişdi. Bu gün Azərbaycan dövləti Konstitusiyanın hakimiyyətini və hüquqi qüvvəsini ölkənin bütün ərazisində təmin edir. Qarşıdakı dövr üçün də əsas vəzifəni vətəndaşların hüquqi müdafiə imkanlarının daha da gücləndirilməsində görürəm. Vətəndaş ona münasibətdə qəbul edilən qərarın hansı hüquqi əsaslara söykəndiyini bilməli, etirazı olduğu halda öz mövqeyini ifadə edə bilməli və məhkəmə onun xeyrinə qərar qəbul etdikdə həmin qərarın icrasını təmin olunmuş şəkildə görməlidir.
Bu islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, hakimiyyət qolları arasında çəkindirmə və tarazlaşdırma mexanizmlərinin gücləndirilməsi, eləcə də ölkə vətəndaşlarının rifahının daha da yüksəldilməsi üçün yeni imkanlar yaradacaq”.
Müəllif: Roza Şəfiyeva
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı






































