Nida Təhlil
Dublin sammitinin nəticələri və Azərbaycanın artan geosiyasi çəkisi
İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu sammiti Azərbaycanın Avropa ölkələri ilə mövcud münasibətlərinin inkişafı, eləcə də gələcək perspektivlərin müəyyənləşməsində mühüm töhfə oldu. Eyni zamanda, bu sammit Avropanın siyasi məkanında Azərbaycanın tutduğu yeri bir daha ön plana çıxardı.
- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi;
- Orta dəhliz fonunda Avropanın marağında olan nəqliyyat dəhlizləri;
- Azərbaycan-Ermənistan münasibətləri fonunda Cənubi Qafqazda sabitliyin təmin edilməsi;
Avropanın maraq dairəsində olan bu istiqamətlərdə Azərbaycan həlledici oyunçudur. Bu baxımdan, Dublin sammitində Azərbaycanın iştirakı təkcə ölkəmizin beynəlxalq nüfuzunu gücləndirmir, eyni zamanda, Avropanın gələcək strategiyasının müəyyənləşməsindəki iştirakçılığını da artırır. Bu kontekstdə Avropa ölkələrinin liderlərinin Dublində Prezident İlham Əliyevlə görüşməyə xüsusi maraq göstərməsi təsadüfi deyildi. Bu görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsi də mühüm məqamlardandır. Və bu təcrübə Davos Forumunda, Münhen Təhlükəsizlik Konfransında və digər beynəlxalq platformalarda keçirilən görüşlər zamanı da yaşanıb. Təbii ki, əsas amil Prezident İlham Əliyevin şəxsi nüfuzu və Azərbaycanın qlobal siyasətdə həlledici rolunun güclənməsidir.
Prezident İlham Əliyevin Dublin sammiti çərçivəsində keçirdiyi ikitərəfli görüşlər diqqətçəkəndir:
- Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş;
- Moldova Prezidenti Maya Sandu ilə görüş;
- Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüş;
- Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüş;
- Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüş;
- Çexiyanın Baş naziri Andrey Babişlə görüş;
- Rumıniya Prezidenti Nikuşor Dan ilə görüş;
- Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüş;
- Litva Prezidenti Gitanas Nauseda ilə görüş;
- Böyük Britaniyanın Baş naziri Endi Borhemlə görüş;
Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri Endi Borhemlə görüşdə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” mübadilə olundu. Bununla ikitərəfli münasibətlər strateji səviyyəyə yüksəldi.
Dublin sammitində Azərbaycana olan xüsusi marağın təməlində dayanan amillərdən biri də son illər Bakı-Brüssel xəttində münasibətlərin inkişafı da dayanır. Bu baxımdan, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri əhəmiyyətli olub. 2025-ci ildə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın və genişlənmə üzrə komissarı Marta Kosun Bakıya səfərləri, 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və enerji və mənzil məsələləri üzrə komissar Dan Yorgensenin Azərbaycana gəlişi, eləcə də iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin işgüzar səfəri Brüsselin Bakı ilə münasibətlərə verdiyi əhəmiyyəti nümayiş etdirir.
Aİ-Azərbaycan münasibətlərində bir sıra istiqamətlər xüsusi proiritetdir.
Birincisi, enerji əməkdaşlığıdır.
Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaratdı. Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir.
Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Yaşıl enerji sahəsində mövcud potensial gələcək münasibətlərin mühüm istiqamətlərindən biridir. Xəzər dənizinin zəngin külək enerjisi imkanları, günəş enerjisi layihələri, Mərkəzi Asiya ölkələri ilə birgə yaşıl enerji təşəbbüsləri və Qara dənizin dibi ilə elektrik enerjisi kabelinin çəkilməsi layihəsi Azərbaycanın Avropanın enerji bazarına inteqrasiyası üçün yeni imkanlar yaradır.
İkincisi, nəqliyyat və logistika sahəsindəki əməkdaşlıqdır.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əhəmiyyətinin artması Azərbaycanın beynəlxalq tranzit sistemindəki rolunu genişləndirir. Xüsusilə qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər və alternativ marşrutlara tələbat Azərbaycanın coğrafi üstünlüklərini iqtisadi və siyasi üstünlüyə çevirmək imkanlarını artırır. Bu baxımdan, Orta Dəhliz Avrasiyanın vacib tranzit onurğasına çevrilib ki, Azərbaycan da bu dəhlizin ən mühüm qovşağıdır.
Avropanın gələcək strategiyasında bu iki istiqamət xüsusi əhəmiyyətə malikdir. Dublin sammitinin gündəliyində enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının mühüm yer tutması da bu baxımdan diqqətəlayiqdir. Və Avropanın hazırda həll etməyə çalışdığı bir sıra strateji məsələlər Azərbaycanla əməkdaşlıq olmadan tam şəkildə reallaşdırıla bilməz.
Azərbaycanın ASB platformasında aktivliyi
Azərbaycan 2022-ci ildə təsis olunan “Avropa Siyasi Birliyi”nin sammitlərində əsas iştirakçı ölkələrdəndir. Prezident İlham Əliyev indiyə qədər keçirilən Praqa, Bulboaka, Oksford, Tirana, Kopenhagen və İrəvanda keçirilən ASB toplantılarında iştirak edib. Dövlət başçısı 2026-cı ilin mayında Ermənistanın paytaxtında təşkil olunan 8-ci sammitdə isə videobağlantı vasitəsilə çıxış edib. Noyabrın 12-də Dublində keçirilən 9-cu sammit də bu diplomatik xəttin davamı oldu. Bu Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqa verdiyi önəmin göstəricisidir.
Bakı sammitinə hazırlıq
2028-ci ildə Azərbaycan ASB-nin sammitinə ev sahibliyi edəcək.
Avropa ölkələrinin dövlət və hökumət başçıları Bakıda bir araya gəlməsi, ümumiyyətlə Azərbaycanın ev sahibi seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun nümunəsidir. ASB-nin Bakı sammiti Azərbaycana yalnız beynəlxalq tədbirin təşkilatçısı statusunu qazandırmır, eyni zamanda, ölkəmizin Avropa siyasi məkanında dialoq qurucusu və regional məsələlərin müzakirəsində mühüm tərəfdaş kimi mövqeyini daha da gücləndirir.
Dublin sammiti Azərbaycanın Avropa ilə münasibətlərində mövcud dinamikanın və gələcək əməkdaşlıq perspektivlərinin növbəti nümayişi oldu. 2028-ci il Bakı sammiti isə Azərbaycana bu münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün yeni imkanlar yaradacaq.
Asif Nərimanlı
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır






































