• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Belarusdan Rusiyanın istəyinə ZİDD QƏRAR: Qarabağa gedən o şəxs Azərbaycana VERİLİR - YENİLƏNİB

Belarusdan Rusiyanın istəyinə ZİDD QƏRAR: Qarabağa gedən o şəxs Azərbaycana VERİLİR

Belarusun Baş Prokurorluğu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib.

Bunu Trend-ə Belarus Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Pyotr Kiselyov deyib.

P.Kiselyov bildirib ki, Belarusun Baş Prokurorluğu A.Lapşinin Azərbaycanın səlahiyyətli orqanlarına ekstradisiya olunması barədə qərar qəbul edib.

Onun sözlərinə görə, A.Lapşin 10 gün müddətində Baş Prokurorluğun qərarından apelyasiya şikayəti verə bilər.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir. Onun sözlərinə görə, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

***

Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Belarusda saxlanılmış bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə baxılıb.

Apa-nın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, Belarus baş prokurorunun müavini Aleksey Stuk A.Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bu barədə Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook”da yazıb.

Qərarda bildirilir: “Belarus Daxili İşlər Nazirliyinin cəzaların icrası departamentinə tapşırılsın ki, qərar qüvvəyə mindikdən sonra Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsini təşkil etsin. Qərar barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilsin”.

A.Zohrabyan deyib ki, qərardan 10 gün müddətində şikayət vermək olar.

Xatırladaq ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A.Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR