Qüdrət Həsənquliyev: "Lapşinin ekstradisiyası yaxşı presedentin yaranmasına səbəb oldu”
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: "Lapşinin ekstradisiyası yaxşı presedentin yaranmasına səbəb oldu”

“Bu işdə Lukaşenko ilə İlham Əliyevin dostluğu həlledici rol oynadı”

Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev 2011-2012-ci illərdə Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, anti-Azərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarus hökuməti tərəfindən saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi məsələsinə münasibət bildirib.

O, Publika.az-a deyib ki, Aleksandr Lapşinin tutularaq Azərbaycana gətirilməsi ölkə diplomatiyasının böyük uğurudur:

“Təbii ki, bu məsələdə Azərbaycan və Belarus prezidentlərinin şəxsi münasibətlərinin yüksək səviyyədə olması və dostluğu ciddi rol oynayır. Bu, ermənilərə növbəti böyük zərbədir. Vaxtilə Azərbaycan Ramil Səfərovu Macarıstandan ölkəmizə ekstradisiya etməklə və sonra dərhal əfv etməklə də ermənilərə ciddi zərbə vurub”.

Partiya sədri qeyd edib ki, Aleksandr Lapşinin Azərbaycana gətirilməsi bir çox dövlətlərə və dairələrə ciddi mesajdır:

“Artıq dünyadakı ayrı-ayrı şəxslər də anlayacaq ki, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlara qanunsuz səfərlər etmək və ölkəmizin sərhədlərini pozmaq olmaz. Mən Aleksandr Lapşinin Azərbaycana gətirilməsini müsbət hadisə hesab edirəm. Bilirsiz ki, Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşlığı daşıyır. O, Belarusa səfər edən zaman Azərbaycan dövlətinin rəsmi müraciəti əsasında saxlanılıb və daha sonra da ölkəmizə təhvil verilib. Dünyada güclü erməni lobbisi kimi yəhudi diasporu da mövcuddur. Onlar çox çalışdılar ki, Aleksandr Lapşin Azərbaycana ekstradisiya edilməsin. Bunun üçün Belarus dövlətinə müraciətlər edildi. Ancaq Belarus Prezidentinin Azərbaycanın dövlət başçısı ilə olan yaxşı münasibətləri bu məsələdə həlledici rol oynadı və Aleksandr Lapşin Bakıya gətirildi”.

Deputat xüsusi vurğulayıb ki, Rusiya və İsrail kimi güclü dövlətlərin vətəndaşlığını daşıyan şəxsin qəfil Azərbaycana verilməsi heç də asan əldə oluna biləcək qələbə deyil:

“Yəqin ki, Rusiya və İsrail tərəfindən Belarusa qarşı təzyiqlər olacaq. İndidən Rusiyanın təzyiqləri başlayıb. Rusiya Belarusla sərhədləri dəyişməklə bağlı bəyanatlar verir və sairə. Bütün bunlara baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenkonun əsl kişi xarakteri, Azərbaycanla dostluğa və iki ölkə arasında bağlanan müqavilələrə sadiqliyi öz rolunu oynayıb. Nəticədə Azərbaycan dövləti Aleksandr Lapşinin ölkəmizə ekstradisiyasına nail olub. Şübhəsiz ki, onun Azərbaycana əli qandallı şəkildə gətirilməsi ermənilərin Dağlıq Qarabağa qanunsuz təşkil etdiyi səfərlərin sayını azaldacaq. Artıq bir çox insanlar Dağlıq Qarabağa qanunsuz səfər etməkdən daşınacaqlar. İndiyədək onlar arxayın idilər ki, öz ölkələri həmin şəxsləri Azərbaycana təhvil verməz. Amma həmin şəxslər Belarus kimi başqa ölkələrə səfər edən zaman tutulub Azərbaycana təhvil verilə bilər. Hər halda Dağlıq Qarabağa qanunsuz səfər edənlərin adları beynəlxalq axtarışda olacaq. Həmin adamlar isə Azərbaycanla münasibətlərə və beynəlxalq sənədlərin tələblərinə hörmət edən istənilən ölkədə saxlanılaraq, ölkəmizə ekstradisiya olunacaq. Yəni, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası yaxşı presedentin yaranmasına səbəb olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm