Vəkillər Kollegiyası: Belarus o halda Lapşini Azərbaycana verməzdi ki,...
Bizi izləyin

Nida Xəbər

Vəkillər Kollegiyası: Belarus o halda Lapşini Azərbaycana verməzdi ki,...

Azərbaycanın cinayət qanunvericiliyi təkmilləşib və ölkə bir çox beynəlxalq konvensiyalara qoşulub.

Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin Belarusda saxlanılaraq Azərbaycana ekstradisiya edilməsi qanunlar çərçivəsində həyata keçirilib.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Bəxtiyar Muradov deyib.

Hüquqşünas bildirib ki, Azərbaycanın cinayət qanunvericiliyi təkmilləşib və ölkə bir çox beynəlxalq konvensiyalara qoşulub:

"Azərbaycan Avropa Şurasının üzvüdür. Ölkə Avropa çərçivəsində bir sıra konvensiyalara - cinayət işlərində hüquqi yardım göstərilməsi, cinayət törətmiş şəxslərin ekstradisiya edilməsi, eyni zamanda, MDB çərçivəsində olan konvensiyalara qoşulub. Aleksandr Lapşinin ekstradisiya edilməsi prosesi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12-ci maddəsinin tələblərilə həyata keçirilib. Həmin maddədəki müddəalar digər ölkələrin qanunvericiliyində də əksini tapıb. Maddədə Azərbaycan Respublikası hüdudlarından kənarda və ölkə ərazisində törədilən cinayətlər göstərilir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir və Aleksandr Lapşin də Azərbaycan ərazisində cinayət törədib. Cinayət Məcəlləsinin 12-ci maddəsində bunlar qeyd olunub".

B.Muradov həmçinin bildirib ki, Məcəllənin 11-ci maddəsində isə Azərbaycan ərazisində başlayan, törədilən və başa çatan cinayətlər göstərilir: "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, burada istər Lapşin, istər digər xarici ölkə vətəndaşı, istər vətəndaşlığı olmayan şəxs cinayət törədərsə, bu, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət hesab edilir. Bu prosesdə cinayət təqibi isə Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun aparılır. Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən hökm çıxarılmalıdır. Lapşinin Dağlıq Qarabağda olub, orada cinayət törədib, açıq çağırışlar edib, bu hərəkətlər Azərbaycanın Cinayət Məcəlləsinin 11-ci maddəsinin təsiri altına düşür".

B.Muradov sözügedən məsələ ilə bağlı digər məqamlara da aydınlıq gətirib: "Hesab edək ki, Lapşin Azərbaycana qarşı təxribat xarakterli məlumatları ölkəmizin hüdudlarından kənarda yayıb, xaricdə bu istiqamətdə təbliğat aparıb. Azərbaycan Cinayət Məcəlləsinin 12.2-ci maddəsində göstərilir ki, əgər əcnəbi vətəndaşlar Azərbaycan Respublikasının hüdudlarından kənarda ölkəmizin vətəndaşlarına, dövlətimizin maraqlarına qarşı cinayət törətdikləri və bu cinayətə görə xarici ölkədə məhkum olunmadıqları halda, bu Məcəllə əsasında onlar cinayət məsuliyyətinə cəlb olunurlar. Əgər xarici kütləvi informasiya vasitələri Aleksandr Lapşinin xaricdə cinayət törətdiyini və Azərbaycan ərazisində cinayət törətmədiyini iddia edirsə, o zaman Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsində göstərilən müddəalara nəzər salsınlar. Bu maddədə göstərilir ki, həmin şəxs barəsində cinayət işi başlanır, onun yeri müəyyən olunmursa, barəsində axtarış elan edilir. Təqsirləndirilən şəxs barəsində axtarış elan ediləndən sonra onun barəsindəki cinayət işinin icraatı dayandırılır. Cinayətkarın hansı ölkədə olduğu müəyyən ediləndən sonra onun barəsində həmin ölkəyə sorğu göndərilir. Bundan başqa, Azərbaycan Respublikasının "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiyası) haqqında" qanunu var. Belarus hökumətinin Lapşini Azərbaycana təhvil verməsinə gəlincə, bu ölkə onu Azərbaycana təhvil verməyə bilməz. Belarus o halda Lapşini Azərbaycana verməz ki, həmin ölkə onun törətdiyi cinayət barədə istintaq materiallarını Azərbaycandan alıb, özü cinayət məsuliyyətinə cəlb etsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm