Biz necə yarımçıq olduq
Bizi izləyin

Nida Xəbər

Biz necə yarımçıq olduq

Soruşsan: “vətənin haradır?” deyəcək: “variantlar de”.

Türkmənçay müqaviləsi hüquqi sənəd kimi bizi təkcə coğrafi anlamda bölmədi, həm də mədəniyyətimiz də, ədəbiyyatımız da, mənəviyyatımız da bölündü. Yarımçıq olduq.

Elə indi də yarımçığıq. Vətənə, dövlətə, bayrağa münasibətdə belə, boğazdan yuxarı qışqırdan o tərəfə gedə bilmirik. Elə bil, bizim deyil, bilirik ki, yarımçıqdır hər şey.

20 ildən çoxdur TV-lərdən hər il bu bayramı Şuşada qeyd edək sözünü eşidirəm. Orda da səmimi deyilik, yarımçığıq. Çünki, dəqiq əminəm ki, bir azərbaycanlı bahalı maşını, telefonu arzulayıb, qısa müddətdə nə olursa olsun onu əldə etdiyi halda Şuşada bayram eləmək istəsəydi çoxdan edərdi. Orda da səmimi deyilik, yarımçığıq. Teatrımız, baletimiz, operamız maşallah olsun ki, var, gedənimiz yoxdu. Tamaşa vaxtı işıqlar sönür və paltarlarımızı göstərə bilmirik. Toyxanalarda isə əksinə, çıl-çiraq altında paltarlarımız bəq vurur. Öz yaxın qohumlarımızdan nətəəəər ürəkdən heyf alırıq. Toya da buna görə gedirik. Orda da yarımçığıq, sevinmək, gülmək üçün getmirik. Toyda rəqs edən qadınların simasına baxsanız, əl qalxır, ayaq tərpənir amma sifət gülmür ki, gülmür. Əmin olun ki, yüz faiz fikri başqa qadının bahalı paltarında və ya daş-qaşında qalıb. Bayramlarda da yarımçığıq. Səhərimizi xaşla açıb, axşamımızı quzu kababı ilə qurtara biləriyeee, amma övladımıza bu bayraq necə yarandı sözünü deməyə ərinirik. Əslində ərinmiriyeee, bilmirik, sadəcə boynumuza almırıq.

Elə bilirik ki, hazırlığa pul xərcləməklə övladımızı vətəndaş kimi yetişdiririk. De, hazırlıq nəsli maşallah ayaqdadır. Soruşsan: “vətənin haradır?” deyəcək: “variantlar de”. Ona görə də bu günün tələbəsi kitabxana qarşısında yox, topaz qarşısında variant vermək üçün boynunu burur.

Dəbi çox sevirik. Geyimdə filan yox, özümüz özümüzə dəb tapırıq və kollektiv surətdə hamımız buna qoşuluruq. Beləliklə də, 5 illik planı yerinə yetirib yoruluruq. Yenə çırmanırıq keçməyə çay gəlməmiş. Sonra axşamlar başlayırıq günahkar axtarmağa. Onun əvəzinə bircə güzgü qoyub özümüzə baxsaydıq, hər şey yaxşı olardı. Bütün mümkün və mümkünsüz günahları TV-lərin ayağına yazırıq. Elə bil, bizi əxlaqsız eləyən televiziyadır. Televiziya yalnız böyüdücü şüşədir və bizi göstərir. Necə varıqsa, eləcə. Orda da yarımçığıq.

Bayram günlərində otellərimiz maşallah dolu olur. Xarici qonaqlarla yox, xaş və quzu kababı arasındakı fasilədə məşuqəsini feyziyab eləyən və hansısa bayramı mütləq Şuşada qeyd edəcəyini vurğulayan kişilərimizlə doludu. Burda da yarımçıqdırlar, burda da mutlu ola bilmirlər. Sevgini də qorxa-qorxa edirlər. Biz yalnız ziyalımızı aşağılamaqda, onun üstünə gülməkdə özümüzük, bütövük, səmimiyik.

Nazirimizdən sürücümüzə qədər, hər kəs yarışa çıxır- “hansı ziyalını necə aşağıladıq”. Bu bizim böyük naliyyətimizdi. Və bəlkə də, yeganə xalqıq ki, Nəsimi boyda şair yetişdirmişik, onun da haqq yolunda dərisini soymuşuq, şəhərin mərkəzində heykəlini də qoymuşuq, haqqında film də çəkmişik amma əsl qiymətini onun adını bazar adlandırmaqla vermişik. Xaqani, Nizami, Füzuli adına bir dənə də mədəniyyət mərkəzi olmadığı halda, Xəqani ticarət mərkəzimiz var. Bu yazını yazdıqca düşünürdüm ki, görəsən bizdə Təbriz, Ərdəbil, İrəvan, Dərbənd mədəniyyət mərkəzləri var mı? Yoxdur! Əvəzinə Şamaxının mədrəsə kəndində Səddam Hüseyn adına ərzaq mağazası var. Mən heykəltaraş deyiləm, amma heykəllərə baxanda onun nə demək istədiyini anlayıram. Və indi anladım ki, Üzeyir beyin heykəlində başı niyə aşağıdır. Çünki, görür ki, biz nə tövr iş görürük. Fevralın 10-da Türkmənçay müqaviləsinin il dönümüdür. Bu yazını da ona görə yazdım. Bəlkə də, onda bölünməsəydik, belə yarımçıq olmazdıq. Coğrafi anlamda yox, mənən böyük olardıq. Biz bölünmüş mədəniyyətin daşıyıcısıyıq. Ona görə yarımçığıq. Böyük imperiyalar bizi bölərək idarə ediblər. İmperiyalar ölə bilər, ölür də. Amma bölünmüş adam və toplum özü özün idarə edə bilmir. Ona görə də, 600 şadlıq evimiz və cəmi 5 kitab mağazamız var. Bütov olan mədəniyyətimizin parçalanması Güneyi də, Quzeyi də zəlil qoydu. Bu da bir müqavilənin qüdrəti. Ona görə kağız deyəndə tualet və ya restorandakı salfetka yadımıza düşməməlidi. Gözümüzün önünə birinci Türkmənçay müqaviləsi gəlməlidir. Ayrılığımızın növbəti il dönümü münasibətilə, varsa, başımız sağolsun.

P.S yazını bitirəndən sonra Üzeyir bəyin bir məsələsi yadıma düşdü. Deyir: “erməni-müsəlman davasından sonra müsəlmanlar yığışıb 35 dənə müsəlman məktəbi açdılar”. Sual: məktəblərinin sayının 100-ə çatması üçün neçə erməni-müsəlman davası lazımdır? Bunu Üzeyir bəy düz 100 il qabaq yazmışdı.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm