Qüdrət Həsənquliyev: “Prezidentə islahatlar aparmaq gücündə olan yeni komanda lazımdır” - - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

Qüdrət Həsənquliyev: “Prezidentə islahatlar aparmaq gücündə olan yeni komanda lazımdır” - - MÜSAHİBƏ

Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin Publika.az-a müsahibəsi:

“Vladimir Jirinovski çox tərbiyəsiz insandır”

- Bu yaxınlarda Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Tsarqrad TV” kanalına müsahibəsində növbəti dəfə Azərbaycanla bağlı millətçi və şovinist bəyanatlar səsləndirib. Buna münasibətiniz necədir?

- Mən düşünmürəm ki, dünyada kimsə Vladimir Jirinovskinin dediyi fikirləri ciddi qəbul etsin. O, vaxtilə padşahların yanında saxlanılan təlxək rolunu oynayır. Bəzən bu adam Vladimir Putinə yaxın olan insanları da çox pis şəkildə təhqir edir. Buna görə də Vladimir Jirinovskinin ciddi tərbiyə problemi var.

Vaxtilə Jirinovski Rusiyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edirdi. Sonradan NATO-nun tələbi ilə Assmableyadan uzaqlaşdırıldı. Çünki bütün iclasları pozurdu. O, çox tərbiyəsiz insandır.

Azərbaycan hakimiyyəti Vladimir Jirinovskinin padşahın təlxəyi rolunda çıxış etdiyini yaxşı bildiyi üçün onu Bakıda yüksək səviyyədə qəbul etmişdi. Həm də o, Azərbaycanda protokola uyğun olaraq Rusiya parlamentinin vitse-spikeri kimi qarşılanmışdı ki, ən azından Azərbaycana qarşı ağızı yumulsun, artıq-əskik danışmasın. Ancaq bu adamın xarakteri və tərbiyəsi imkan vermir ki, üzərinə götürdüyü öhdəliklərə sadiq qalsın. Vladimir Jirinovski kəsdiyi çörəyə belə hörmət etməyən adamdır. Bundan sonra da öhdəlik götürə və söz verə bilər ki, bir daha Azərbaycana qarşı hörmətsizlik etməyəcək. Ancaq sabah ağası tərəfindən hər hansı tapşırıq verilsə, mütləq icra edəcək.

Jirinovski yaxın illərdə Türkiyənin də əleyhinə sərsəm fikirlər səsləndirirdi. Ancaq sonradan Türkiyəni müdafiə etməyə başladı. Bu baxımdan da mövqesiz, qeyri-sabit, özünə nəzarət edə bilməyən, kiminsə göstərişi ilə hərəkət edən adamdır. Bəzən onun kimi əhəmiyyətsiz adamların fikirlərinə çox ciddi diqqət yetirilir. Ancaq buna dəyməz.

“Nə qədər ki, Rusiya demokratik ölkə deyil, Azərbaycanın suverenliyinə qarşı təhlükə hər zaman qalacaq”

- Son vaxtlar dünya mediasından da açıq müşahidə etmək olur ki, Rusiyanın keçmiş SSRİ üzvü olmuş dövlətlərə, o cümlədən Azərbaycana təzyiqləri artıb. Sizcə, bu, ölkəmizin müstəqilliyi üçün nə dərəcədə ciddi təhdidlər yaradır?

- Vladimir Jirinovskinin dedikləri də göstərir ki, Rusiyada hələ də imperiya arzuları və iddiaları ilə yaşayan çoxlu sayda siyasətçilər və vətəndaşlar var. İndi Rusiyada keçmiş SSRİ üzvü olmuş ölkələri öz sərhədləri daxilində görmək istəyən xeyli sayda vətəndaşlar mövcuddur. Demokratik bir ölkəyə çevrilməyənə, demokratik institutları oturuşmayana qədər Azərbaycan Rusiyadan təhlükə gözləyəcək. Hələ vaxtilə mən NATO iclaslarında onlara deyirdim ki, siz keçmiş SSRİ üzvü olmuş ölkələrdə tam demokratiya istəyirsizsə, ilk növbədə Rusiyada demokratikləşməyə çalışmalısınız, demokratik qüvvələrə ciddi siyasi dəstək verməlisiniz. Ona görə də Rusiyadan Azərbaycana qarşı bu cür təhlükələr zaman-zaman arta və ya azala bilər. Ancaq nə qədər ki, Rusiya demokratik ölkə deyil, bu dövlətdən Azərbaycanın suverenliyinə qarşı təhdid və təhlükə hər zaman qalacaq.

“Rusiya keçmiş SSRİ ölkələri qarşılığında Çin və İranın ABŞ-a güzəştə getməsinə cəhd edəcək”

- Vladimir Jirinovski son açıqlamasında deyir ki, guya Rusiya ABŞ-ın yeni prezidenti Donald Trampla razılaşacaq. Əvəzində isə ABŞ Çin və İranın qarşılığında keçmiş SSRİ üzvü olan ölkələrin Rusiya sərhədlərinə birləşdirilməsinə göz yumacaq və sairə. Bütün bunlar nə dərəcədə gözləniləndir?

- Bilirsiz, böyük dövlətlər arasında belə razılaşmalar yaxın keçmişdə də mövcud olub. Vaxtilə Boris Yeltsinlə razılaşma əsasında Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya – müəllif) Qərbə verilmişdi. Əvəzində isə Qərb çeçenlərə yardımları dayandırdı. Eyni zamanda isə Qərb Rusiyanın Şimali Qafqazda çeçenlərə qarşı törədiyi cinayətlərə və silahlı əməliyyatlara göz yumdu. Halbuki həmin vaxtı keçmiş SSRİ üzvü olmuş ölkələrlə yanaşı, Çeçenistan və digər müstəqil respublikalar da yaradılacaqdı. Belə bir gizli razılıq ötən əsrin 90-cı illərinin əvvəlində ABŞ və Rusiya arasında olub. Hətta, Cövhər Dudayevin öldürülməsi və sonrakı proseslər də bu razılaşmaya uyğun həyata keçirilib. Təbii ki, zaman gələcək, bütün bunların üstü açılacaq. Görünür, Vladimir Jirinovski də vaxtilə belə bir razılaşmanın olduğunu bilir və düşünür ki, indi də ABŞ-la Rusiya arasında oxşar əməkdaşlıq ola bilər. Bütün bunlara da Donald Trampın verdiyi bəzi açıqlamalar əsas yaradır. Yəqin ki, Rusiya belə bir cəhdi edəcək. Amma ABŞ-ın dövlət institutları Donald Trampın belə addım atmasına imkan verəcəklər, ya yox, bu hələ ki, bəlli deyil.

Vaxtilə ABŞ-ın ayrı-ayrı konqres üzvlərinə “siz Çeçenistanı Rusiyaya niyə qurban verdiniz” sualını verəndə, onlar mənə dedilər ki, Rusiyanın tərkibində keçmiş SSRİ üzvü olan 15 ölkədən savayı, 20 yeni dövlətin yaranmasını təhlükəli hesab ediblər. Onlar bildirdilər ki, həmin vaxtı Qərb SSRİ-dən müstəqillik qazanan 15 ölkə ilə necə işləməyi dəqiq bilmirdi. Üstəlik də Çeçenistan kimi əlavə 20 müstəqil dövlət yaransaydı, nə edəcəklərini ümumiyyətlə bilməyəcəklərdi. Ona görə də Çeçenistan məsələsində Rusiyaya dəstək verdilər. İndi Rusiya da Donald Trampla belə bir razılığa gələ biləcəyini düşünür. Yəqin ki, Vladimir Jirinovskinin bununla bağlı fikirləri də ilkin nəbz yoxlamasıdır. Ancaq bu cür planların baş tutmaması üçün biz ciddi müqavimət göstərməliyik.

Bilirsiz ki, 19-20-ci əsrlərdə də bu cür razılaşmalar mövcud olub. Ancaq həmin dövrdə keçmiş Sovet İttifaqı Balktikyanı ölkələri işğal etsə də, Finlandiya ərazilərini öz sərhədlərinə daxil edə bilmədi. Həmin dövrdə finlilər ölüm-dirim savaşına girərək, müstəqilliklərini qoruyub saxlaya bildilər. Mütləq əksəriyyət bir olarsa, düzgün xarici siyasət aparılarsa, böyük dövlətlər belə xalqın iradəsini qıra bilməz. Azərbaycan daim güclü dövlət olmalıdır ki, belə təhdidlərə qarşı dayana bilək. Düşünürəm ki, Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlıq haqqında sazişin hazırlanması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq ölkəmizin suverenliyinin qorunmasını təmin edən əlavə faktordur. Azərbaycan dünyanın digər gücləri və dövlətləri ilə də kifayət qədər yüksək əlaqələr qurmağa çalışmalıdır ki, bu cür təhdidlərin qarşısında dayana bilsin. Burada söhbət təkcə ABŞ və Qərbi Avropa ölkələrindən getmir, eyni zamanda Çin, Türkiyə, Pakistan və islam dünyası ilə də yüksək əlaqələr qurulmalıdır.

“Araz Əlizadə barəsində mətbuatda yazılanlara haqq edir”

- Jirinovskinin məlum bəyanatı verdiyi ərəfədə növbəti etiraz doğuran açıqlamalar Milli Məclisin deputatı Araz Əlizadədən gəldi. Onun Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı fikirləri cəmiyyətdə etirazla qarşılandı. Əlizadənin məlum fikirlərinə münasibətiniz necədir?

- Türkiyə və türkçülüyə qarşı bu cür çıxış edən əksər şəxslərin milli kimliyini araşdırsanız, bəlli olacaq ki, onlar digər millətlərdəndir. Amma bütün bunlar o demək deyil ki, Azərbaycanda yaşayan azsaylı millətlərin nümayəndələrinin hamısı türklərə qarşıdır. Xeyr, bu belə deyil. Biz də türkük, onlar biz türklərlə bir qardaş kimi mehriban yaşayırlar. Amma etnik xalqların içərisində xaricdən idarə olunan, xarici dövlətlərin təsiri altına düşən və türklərə qarşı çıxan bəzi şəxslərin bu tipli açıqlamalarına şahid olacağıq.

Bu məsələyə cəmiyyətdən çox haqlı olaraq böyük etiraz gəldi. Türkiyə və Azərbaycan hökumətinin hansısa qərarlarından narazı qala bilərik. Ancaq biz eyni millətik. Ona görə də türklərə qarşı bu cür təhqiramiz və həqarət doğuran çıxışlar edən şəxslərə ictimaiyyət tərəfindən layiq olduqları cavablar verilir. Bu cür çıxışlarla heç kəs Türkiyə-Azərbaycan münasibətlərinə kölgə sala və eyni millət olaraq birliyimizi poza bilməz. Heç bir əsası olmayan, yalan və böhtandan ibarət bu cür iddialar heç kəsə baş ucalığı gətirməz.

Millət vəkili kimi şəxsən mən Araz Əlizadənin bu açıqlamasından çox narazı qalmışam. Düşünürəm ki, türklərə qarşı bu cür açıqlamalarına görə barəsində mətbuatda yazılanlara haqq edir.

“Azərbaycan da Avropa Birliyinə vizasız gediş-gəlişə nail olmalıdır”

- Bu həftə Prezident İlham Əliyev Brüsselə səfər edərək, Avropa Birliyi rəsmilərilə bir çox görüşlər keçirib. Eyni zamanda, dövlət başçısı ilə Avropa Parlamentinin prezidenti Antonio Tajani arasında keçirilməsi nəzərdə tutulan görüş ləğv olunub. Sizcə, bütün bunlar hansı proseslərdən xəbər verir?

- Bu səfəri çox yüksək qiymətləndirirəm. Azərbaycan bu istiqamətdə səylərini daha da artırmalıdır. Az öncə də bildirdim ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldırılması vacib əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın milli maraqları və müstəqilliyinin qorunması üçün də lazımdır. Bu gün Avropa Birliyi dünyada nüfuzlu və güclü ittifaqdır. Belə bir beynəlxalq təşkilatla Azərbaycan güclü əlaqələr qurmalıdır. Bilirsiz ki, bu yaxınlarda Avropa Birliyi qonşu Gürcüstan vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Azərbaycan da Avropa Birliyinə vizasız gediş-gəlişə nail olmalıdır, siyasi əlaqələrini genişləndirməlidir. Bu gün biz Avropa Birliyi ilə daha çox enerji sahəsində əməkdaşlıq qururuq. Ancaq eyni zamanda, ictimai və siyasi əlaqələr də çox geniş səviyyədə qurulmalıdır. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü açıq dəstəkləyəcək şəkildə strateji müttəfiqimiz olmalıdır.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı xüsusi bəyanatla çıxış etməsi hesab edirəm ki, son dərəcə vacib əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa Birliyi ilə yüksək müttəfiqliyə ehtiyacı var. Eyni zamanda, Azərbaycan ABŞ-la da yüksək səviyyəli münasibətlər qurmalıdır. Nəzərə almalıyıq ki, Qərbdən Azərbaycanın müstəqilliyinə və konstitusiya quruluşuna hansısa təhdid yoxdur. Halbuki, bəzi qonşu dövlətlər Azərbaycanda demokratik və dünyəvi dövlətin olmasını istəmir. Amma Azərbaycan dünyəvi dövlət olduğu üçün Qərb də buna dəstək verir. Qərblə bu münasibətlər isə bəzi qonşu ölkələr tərəfindən təhdid kimi qarşılanmamalıdır. Biz bu münasibətləri Rusiya və İranla əməkdaşlığın zəiflədilməsi hesabına qurmamalıyıq. Mən hər zaman deyirəm ki, Azərbaycan eyni zamanda Rusiya ilə də yüksək səviyyədə əlaqələr qurmağa çalışmalıdır. Azərbaycan Qarabağ probleminin əsas tərəfi kimi Rusiya ilə danışıqlar aparmalıdır. Bu problemin həlli üçün Rusiyanın razılığını almalıyıq. Çalışmalıyıq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü təkcə sözdə deyil, əməldə də dəstəkləsin və bölgədə sülhün yaranmasına qarşı çıxmasın. Ona görə də Azərbaycanın Qərblə münasibətləri yaxşılaşdırması İrana və Rusiyaya qarşı addım kimi başa düşülməli deyil. Biz bunlara çalışmalıyıq. Həmin ölkələr inanacaq, yaxud inanmayacaq, bu ayrı məsələdir.

“Məcburi köçkünlərlə bağlı Prezidentə hesabat verən şəxslər vəziyyəti düzgün təhlil etməyiblər”

- Son vaxtlar ayrı-ayrı yerlərdə məskunlaşan məcburi köçkünlərin elektrik enerjisi və təbii qaz sayğaclarının quraşdırılması və bu sahədə qiymətlərin qaldırılması ilə bağlı etirazları müşahidə olunur. Bu problemin həlli yollarını siz necə və nədə görürsünüz?

- Son vaxtlar belə hallara tez-tez rast gəlirəm. Məcburi köçkünlər elektrik sayğaclarının quraşdırılımasının əleyhinədirlər. Onların çətinliklərini bilirəm və bu narahatlığı başa düşürəm. Hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələdə tələsik qərar verib. Kifayət qədər hazırlıq işləri görülmədən belə qərar qəbul olunub. Çünki həmin məcburi köçkünlərin məskunlaşdığı binalar çox təhlükəli vəziyyətdədirlər. Hətta, Fövqəladə Hallar Nazirliyinin verdiyi rəsmi rəyə görə, hazırda 9 min məcburi köçkün ailəsi qəzalı binalarda yaşayır. Həmin binaların çoxunda isə məcburi köçkünlər həm otaqların qızdırılması, həm işıqlandırılması, həm də yemək bişirilməsi üçün elektrik enerjisindən istifadə edirlər. Ancaq onlara adambaşı 36 manat vəsait ödənilir. Lap bir ailədə 5 adam olsa belə, onlara verilən vəsait sərf olunan elektrik enerjisi dəyərinin heç 35 faizini ödəmir. Ona görə də bu insanlar ya soyuq evlərdə yaşamalı, ya da ümumiyyətlə evlərində elektrik enerjisindən istifadə etməməlidir. Bu insanların əksəriyyətinin aldıqları vəsait təkcə kommunal xərcləri qarşılamağa belə yetmir. Fikrimcə, onların məsələsi ilə bağlı qərar qəbul edilən zaman obyektiv hesablama aparılmayıb. Onların problemləri ilə bağlı Prezidentə hesabat verən şəxslər mövcud vəziyyəti düzgün təhlil etməyiblər.

Son zamanlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı aparılan kampaniyanı da qətiyyətlə pisləyirəm. Çünki ən çətin vaxtlarda komitənin sədri Əli Həsənov və bu qurumda işləyən insanlar ac, evsiz-eşiksiz məcburi köçkünlərin yanında dayanıblar, onları sakitləşdiriblər və sairə. Çox təəssüf ki, son vaxtlar bəzən bu komitəyə qarşı məqsədli şəkildə müəyyən kampaniyalar aparılır. Bütün bunlar yolverilməzdir. Bunu Baş nazirin müavini Əli Həsənov da Milli Məclisin iclasında çıxışı zamanı söylədi. Sanki kimlərsə məcburi köçkünləri dövlətə qarşı qaldırmaq, onlardan istifadə edərək ölkədə sosial gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq istəyir və bu istiqamətdə müəyyən işlər gedir. Buna görə də hökuməti məcburi köçkünlərə qarşı həssas və təmkinli davranmağa çağırıram.

Bilirsiz ki, Cəbrayıldan olan məcburi köçkünlərin yaşadıqları mənzillərə qaz verilmirdi. Digər tərəfdən elektrik enerjisini də kəsmişdilər. Onlar da soyuq havada etiraz aksiyası keçirirdilər. Bu cür etirazlar zamanı ola bilər ki, kimsə hisslərini cilovlaya bilmir. Bu cür adamlara qarşı dərhal sərt tədbirlər görmək də doğru deyil. Bildiyimə görə, Cəbrayıldan olan bir neçə məcburi köçkün etiraz aksiyası zamanı saxlanılıb. Mən sizin vasitənizlə ölkə Prezidentinə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək deyirəm ki, həmin insanlar çox əziyyət çəkirlər, qarşıdan Novruz bayramı gəlir, onları azad etmək lazımdır. Həmin məcburi köçkünlərin elektrik enerjisini kəsən adamlar bir anlıq özlərini onların yerinə qoysunlar. Soyuq, şaxtalı havada evdə qaz olmaya-olmaya işığını da gəlib kəssələr, necə olar? Bu adamlar qanunu pozublarsa, inzibati tənbeh tədbirləri də görmək olardı. Ancaq təəssüf ki, barələrində cinayət işi açılıb, həbs qərarı çıxarılıb və sairə. O insanları düzgün başa düşmək lazımdır. Ümumiyyətlə, məcburi köçkünlərə münasibət dəyişməlidir. Bəzi adamlar deyirlər ki, guya məcburi köçkünlər uzun illərdir məskunlaşıblar və sairə. Həmin adamların bu cür fikirləri kiməsə yarınmaqdır. Həmin şəxslər gedib özlərini bir gün məcburi köçkünlərin yerinə qoysunlar. Mən təkrar edirəm, vəziyyətlərini bilmək üçün onların yerində olmaq lazımdır.

Vaxtilə Goranboydan da Milli Məclisə deputat seçilmişəm. Həmin vaxtı 10 min qaçqın seçicim olub, onların yaşadıqları yerlərdə, palçıqdan, qamışdan tikilmiş evlərdə olmuşam. Külək əsən kimi həmin evlər silkələnirdi. Orada insanlar çox ağır şəraitdə yaşayırdılar. İndi nə olsun ki, onlardan kimsə bu gün büdcədən maaş alır? Axı həmin maaş kommunal xərcləri ödəməyə bəs etmir! Ona görə də hesab edirəm ki, dövlət məcburi köçkünlərə daha çox diqqət göstərməlidir.

Bu cür məsələlərlə bağlı da hər hansı radikal qərarlar qəbul edilməmişdən öncə mütləq geniş müzakirə olunmalıdır. Xüsusilə də məcburi köçkünlərlə bağlı qərarlar olan zaman daha geniş şəkildə müzakirə edilməlidir. Hər zaman deyirəm ki, hökumət ilk növbədə məcburi köçkünlərin mənzil və işlə təmin olunması problemlərini həll etməlidir. Bu problemlər tam həll edildikdən sonra güzəştlərin bir qismi ləğv oluna bilər. Yoxsa ki, onların problemləri həll edilmədən vəziyyəti daha da ağırlaşdıracaq hansısa qərar qəbul etmək doğru deyil.

“Azərbaycanda “siyasi məhbus” adlanan şəxslər əfv olunmalıdır”

- Qarşıdan gələn Novruz bayramı ərəfəsində Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. Siz daha çox kimlərin əfv edilməsini istərdiniz?

- Ümumiyyətlə, beynəlxalq insan hüquqları və müdafiəsi təşkilatlarının Azərbaycanda siyasi məhbus hesab etdikləri şəxslər əfv olunmalıdır. Burada bir istisna ola bilər. Əfv həmin şəxslərdən xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, Azərbaycanda dünyəvi dövlət modelinə qarşı çıxan, dövlət quruluşunu zorla dəyişmək istəyən adamlara şamil edilməsin. Yəni, bu kateqoriyadan olan adamlara qarşı müəyyən istisnalar ola bilər. Ancaq digər şəxslər azad olunmalıdır. Fərqi yoxdur ki, onlarla bağlı beynəlxalq insan hüququ təşkilatları haqlıdır və yaxud haqsız. Biz bilirik ki, insan haqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar onları maliyyələşdirən dövlətlərin göstərişlərinə uyğun olaraq bu və digər məsələlərə daha çox diqqət göstərirlər. Ancaq biz onu nəzərə almalıyıq ki, bu gün dünyada insan haqları ilə bağlı ictimai rəyi həmin təşkilatlar formalaşdırır. Hansısa ölkənin bu istiqamətdə imici yaxşı deyilsə, həmin ölkəyə investisiya qoyulmur, beynəlxalq birlik çərçivəsində dəstək verilmir. Bu gün bizim həm investisiya qoyuluşuna, həm də Qarabağa görə siyasi dəstəyə ehtiyacımız var. Yəni Azərbaycan 5-10 nəfərə görə imicini təhlükələrlə üz-üzə qoymamalıdır. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan dövləti daha müdrik və humanist davranaraq, həmin şəxsləri əfv etməlidir. Çünki bu cür təşkilatların güc təşkil etməsi reallıqdır. Misal üçün, Rusiyanın güc olması reallıqdır. Ona görə istəsək də, istəməsək də Rusiyanı Qarabağ məsələsinin həllində vasitəçi kimi qəbul edirik. Yəni, bu acı reallıqdır. Dünyada mövcud olan əksər insan hüquqları təşkilatları böyük dövlətlər tərəfindən maliyyələşdirilir və idarə olunur. Buna görə Azərbaycan hökuməti bu məsələyə diqqət yetirməli və onları əfv etməlidir. Digər tərəfdən isə həmin şəxslərin böyük əksəriyyəti verilən cəzanın çox hissəsini çəkiblər. Novruz bayramı ərəfəsində əfv olunmaları çox yaxşı addım olardı.

“Müxalifət Azərbaycanda davamlı sabitliyin qorunmasına töhfə verə bilər”

- Yaxın vaxtlarda siyasi partiyalarla hakimiyyət arasında dialoq gözlənilir?

- Hələlik rəsmi şəkildə formal dialoq yoxdur. Qeyri-rəsmi şəkildə isə onsuz da Milli Məclisdə iqtidar partiyası nümayəndələri və hökumət üzvləri ilə təmaslarımız olur, müəyyən fikir mübadiləsi aparılır. Ancaq rəsmi dialoqun da olmasına böyük ehtiyac var. Azərbaycan hökuməti bu istiqamətdə də islahatlar aparmalıdır ki, konstruktiv müxalifət cəmiyyətdə siyasi institut kimi formalaşa, ölkənin ictimai-siyasi həyatında daha ciddi rol oynaya bilsin. Yəni, müxalifət Azərbaycanda davamlı sabitliyin qorunmasına öz töhfəsini verə bilər. Hakimiyyət rəsmiləri bu barədə düşünməlidir. Çox təəssüf ki, hazırda hökumətin bu istiqamətdə apardığı siyasət bizi qane etmir.

“Köhnə dünyagörüşlü adamları hörmətlə yola salmağın zamanı çatıb”

- Əhalinin banklara olan kredit borcları ilə bağlı problemlər hələ də qalır. Bu məsələ ilə bağlı da əhalidə müəyyən narazılıqlar mövcuddur. Hansı addımların atılmasını təklif edirsiniz?

- Vaxtilə hökumət rəsmiləri söylədi ki, xarici şirkətlə razılıq əldə olunub, “Yol xəritəsi” hazırlanır və sairə. Sonra da həmin “Yol xəritəsi” Prezident tərəfindən təsdiq olundu. Strateji istiqamətlər üzrə planın olması yaxşı haldır. Amma iqtisadiyyatın əlifbasını əsasən biznes mühiti təşkil edir. İnvestorlar əlverişli biznes mühiti olmayan ölkəyə pul qoymurlar, bunun üçün də investisiya mühiti qanunla daha ciddi təmin olunmalıdır. Hökumət bu istiqamətdə vacib işlər görməlidir, mütləq hüquqi islahatlar həyata keçirilməlidir, bu sahəyə islahatlar aparmaq gücündə olan adamlar gətirilməlidir. Yəni, bunlar keçmiş dünyagörüşləri ilə yaşayan adamlar olmamalıdır. Hesab edirəm ki, belə adamlar artıq öz xidmətlərini göstəriblər. Onları hörmətlə yola salmağın zamanı çatıb. Azərbaycan Prezidentinə bütün bu islahatları aparmaq gücündə olan yeni köməkçilər, müşavirlər və yeni komanda lazımdır. Bütün bunlar olmalıdır ki, investor Azərbaycana pul qoysun.

Digər tərəfdən isə maliyyə bazarında sabitlik yaradılmalıdır ki, investor qoyduğu vəsaitin qarşılığında Azərbaycandan pul qazanacağına əmin olsun. Bunun üçün də mütləq valyuta sərbəst məzənnəyə buraxılmalıdır və onun həqiqi rəsmi kursu bilinməlidir. Dövlətin valyuta ehtiyatları da manatın kursunun hansısa həddə saxlanılmasına deyil, real sektora, yeni istehsal və emal müəssisələrinin açılışına, xidmət sahələrinin yaradılmasına qoyulmalıdır. Ancaq bu gün Dövlət Neft Fondunun və Mərkəzi Bankın maliyyə ehtiyatları manatın kursunun saxlanılmasını sərf olunur. Ona görə də mütəmadi olaraq hərraclarda valyuta satılır. Mən bütün bu məsələlərlə bağlı uzun illərdir ki, çıxışlar edirəm, təkliflər verirəm, ancaq çox təəssüf ki, bir çox məmurlar vəziyyəti dəyişmək gücündə deyillər. Bu sahədə də yeni kadrlara ehtiyac var.

Bu gün dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatları sektorunda, eləcə də xaricdə kifayət qədər təcrübəli azərbaycanlı kadrlar var. Onları dəvət edib, sadaladığım sahələrin başına gətirmək mümkündür. Hökumətdə belə istək olsa, ölkəni böhrandan çıxara biləcək gənc komanda hazırlamaq olar.

“Vitse-prezidentlik institutu yaradılırdısa, Nazirlər Kabinetinin saxlanılmasına ehtiyac yox idi”

- Yeni viste-prezidentlərin təyinatı gözlənilir. Ola bilərmi ki, sizin dediyiniz kadrları həmin postlarda görək?

- Bu Prezidentin səlahiyyətinə aid olan məsələdir. Prezident nə zaman məqsədə uyğun saysa, vitse-prezidentləri təyin edəcək. Ancaq vaxtilə söləmişdim ki, vitse-prezidentlik institutu yaradılırdısa, Nazirlər Kabinetinin saxlanılmasına ehtiyac yox idi. Onsuz da bu gün vitse-prezidentlərin rolunu baş nazirin müavinləri icra edir, onlar müxtəlif nazirliklərə nəzarət edirlər. Amma Azərbaycanda mütləq ciddi struktur islahatları aparılmalıdır, dövlət idarəetmə xərcləri minimuma endirilməlidir. İndiki idarəetmə aparatının ən azı 30 faizini ixtisar etmək mümkündür. Ora ayrılan vəsaitlər isə daha çox sosial problemlərin həllinə yöndəldilməlidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm