Hüquq müdafiəçisi: "Prezidentin sərəncamı yuvenal ədliyyəni inkişaf etdirəcək"
Bizi izləyin

Nida Xəbər

Hüquq müdafiəçisi: "Prezidentin sərəncamı yuvenal ədliyyəni inkişaf etdirəcək"

Buna görə də ayrıca bir yuvenal məhkəmənin yaradılmasına ehtiyac görmürəm.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, İnsan hüquqları məsələləri üzrə Birgə İşçi Qrupun katibi, hüquq müdafiəçisi Sahib Məmmədov Femida.az-a açıqlamasında bildirdi ki, prezidentin sözügedən sərəncamı ədliyyə sahəsində bir sıra problemlərin kompleks həllinə öz töhfəsini verəcək:

“Azərbaycanda cəza sisteminin hümanistləşdirilməsi prosesi çoxdan başlayıb. Prezidentin məlum sərəncamı da bu prosesin davamı idi. Sərəncam bir neçə məsələnin birdən həllini özündə ehtiva edir. Bu, həm qanunvericiliyin təkmilləşdirilməsi haqqında müvafiq orqanlara tapşırıq və tövsiyyələrin verilməsini özündə birləşdirir, həm də mövcud praktikanın dəyişdirilməsini nəzərdə tutur. Bilindiyi kimi probasiya ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyi ilə Avropa İttifaqı arasında əməkdaşlıq layihəsi mövcuddur. Bu mənada Azərbaycanda Probasiya Xidmətinin yaradılması ədliyyə sahəsində irəli atılmış ən mühüm addımlardandır. Alternativ cəzaların hazırlanması, bəzi maddələrin dekriminallaşdırması sərəncamdan irəli gələn məsələlər içərisindədir. Digər kompleks məsələ isə cəza sistemində müasir texnologiyaların tətbiqi ilə bağlıdır. Məsələn, elektron brosletlər sistemi var. Bu vasitə ilə şəxsi nəzarət altında saxlamaq olur. Məqsəd odur ki, həmin şəxs qaçıb aradan çıxmasın və yeni cinayət əməlləri törətməsin. İctimai işlər növündə cəzanın tətbiqi ilə bağlı ciddi problemlər var. Məsələn, cəza müəyyən olunur, lakin icra mexanizmləri demək olar, yoxdur. Cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb olunması ilə bağlı ciddi problemlər var. Prezidentin sərəncamı ilə bütün bu problemlərin öz həllini tapacağına inanıram”.

Sahib Məmmədov bildirdi ki, Prezidentin məlum sərəncamı yuvenal ədliyyə sisteminin də təkmilləşdirilməsinə öz töhfəsini verəcək:

“Biz balaca bir ölkəyik, buna görə də ayrıca bir yuvenal məhkəmənin yaradılmasına ehtiyac görmürəm. Mövcud məhkəmələrin tərkibində ixtisaslaşmış hakimlər olmalıdır. Hesab edirəm ki, sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsi həm də yuvenal ədliyyə sisteminin, yəni uşaqlara alternativ cəzaların verilməsi məsələlərinin kömək edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm