İran aksiyalarının pərdəarxası və inqilaba gedən yol: “Xarici güclər...” - MÜSAHİBƏ
Bizi izləyin

Nida Xəbər

İran aksiyalarının pərdəarxası və inqilaba gedən yol: “Xarici güclər...” - MÜSAHİBƏ

İran aksiyalarının pərdəarxası və inqilaba gedən yol

Son bir həftədir İranın Əhvaz şəhərində hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Aksiyalar artıq toqquşma həddinə çatıb. Ölən və yaralananlar var. Aksiyaya müdaxilə edən İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) qərargahı yandırılıb. Bu aksiyaların məhz indi baş verməsi, Əhvazın İran üçün strateji əhəmiyyəti və şəhərdə ərəblərin kompakt şəkildə yaşaması kimi faktorlar diqqət çəkir.

Yaxın Şərq üzrə ekspert Sədrəddin Soltan Publika.az-a müsahibəsində baş verənləri şərh edib.

- Baş verənlər İranın daxili vəziyyətilə bağlıdır, yoxsa burada xarici amillər də rol oynayır?

- İranda bu sayaq etiraz aksiyalarının keçirilməsində qeyri-adi heç nə yoxdur. Çünki fars olmayan bütün bölgələrdə oxşar problemlər var. Azərbaycan türkləri kimi İrandakı ərəblər də hakimiyyət tərəfindən milli zülmə, assimilyasiyaya məruz qalırlar. Ərəblərin yaşadığı bölgədə neft və təbii qazla zəngin olsa da ölkənin ən yoxsul bölgələrindəndir. Tehran hakimiyyəti İslam adından istifadə etsə də ərəb dilinə qarşı bir qısqanclıq var. Ona görə də məsələyə ölkə daxilindəki çoxsaylı milli, sosial və mədəni problemlərin mövcudluğu baxımından yanaşsaq, etiraz aksiyasının keçirilməsi təbii qəbul olunmalıdır. Xarici amillər daha çox hakimiyyətə sərf edir. O, ölkə daxilindəki bu sayaq etiraz aksiyalarını yatırmaq üçün bir qayda olaraq, hadisədə ənənəvi “ingilis barmağı” axtarır. Onu da qeyd edək ki, 1979-cu il inqilabı illərində ərəblər həmin bölgədə öz müstəqilliklərini elan etmişdilər. Ancaq bu proses uzun sürmədi. Odur ki, İrandakı ərəblərin milli haqlarının təmin edilməsi istiqamətində mübarizəsini yeni saymaq düzgün olmazdı.

- Əhvazda ərəblər çox yaşayır. Həmçinin, dediyiniz kimi, bura neft və qazla zəngindir. Etirazların məhz bu şəhərdə olmasında hansısa plan ola bilərmi?

- Ümumiyyətlə, Xuzistanda ərəblərin etiraz aksiyası tez-tez olur. Hakimiyyəti isə onları bir qayda olaraq, güc yolu ilə yatırır. Təəssüf ki, hər dəfə aksiya iştirakçıları güc strukturlarının zorakılıqlarının qurbanı olur. İranın ərəb dövlətlərində fəallığı, özəlliklə Suriya və İraqdakı silahlı əməliyyatlarda açıq-aşkar iştirakı, Yəməndə qiyamçıları dəstəkləməsi də burada rol oynaya bilər. Bu baxımdan, etiraz aksiyasından Tehran hakimiyyətinə qarşı istifadə etmək istəyən güclər də tapıla bilər. Ancaq aksiyanın sakitləşəcəyi ehtimalı daha böyükdür. Hakimiyyət əvvəlki illərdən fərqli olaraq, bölgəyə diqqətini artırmağa çalışacaq. Aksiya iştirakçılarına qarşı ənənəvi təqib-təzyiqlər artacaq.

- Bəs bu proseslərin hansı nəticələri ola bilər?

- Bu etiraz aksiyası beynəlxalq ictimaiyyətin diqqətinin İrana bir daha yönəldəcək. Tehran körfəzdəki ərəb dövlətlərinin daxili işlərinə müdaxilə etməkdə ittiham edilir. Bundan başqa İran İraq və Suriyada münaqişənin uzanmasında maraqlı görünür. Bununla o, beynəlxalq ictimaiyyətin hədəfindən yayınmağa çalışırdı. Ancaq Əhvazdakı son etiraz aksiyası bunun əksini sübut etdi. Başqa sözlə, İran xarici silahlı münaqişələrdə iştirak etməklə daxildəki problemləri ört-basdır edə bilmir. Ona görə də ehtimal etmək olar ki, İranın ayrı-ayır bölgələrində də etiraz aksiyaları keçiriləcək. Oxşar hadisələrin Sistan-Bəlucistan əyalətində olacağı da mümkündür. Çünki hakimiyyət oradakı bəluclara qarşı da ayrı-seçkilik edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm