Deputat: “Mehman Hüseynova verilən cəza ədalətlidir”
Bizi izləyin

Nida Xəbər

Deputat: “Mehman Hüseynova verilən cəza ədalətlidir”

"Cinayət Məcəlləsinin maddəsinə uyğun olaraq cəza alıbsa, nə üçün siyasi məhbus olmalıdır?"

Milli Məclisin deputatı Elman Məmmədov bloger Mehman Hüseynovun Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilməsinə münasibət bildirib.

Qarabağ müharibəsi veteranı olan deputat E.Məmmədov Publika.az-a deyib ki, hər kəs öz əməlinə görə qanun qarşısında cavabdehdir:

“Kimsə hansısa formada qanunun tələblərini pozacaqsa, sonra onun cəzalandırılmasına siyasi don geyindiriləcəksə, bu qəbuledilməzdir. Azərbaycana hər zaman şər-böhtan atan bir sıra beynəlxalq təşkilatlar mövcuddur. Həmin təşkilatlar Azərbaycan daxilində olan bir sıra qüvvələrdən bəhrələnərək, “siyasi məhbus” siyahısı uydurublar. Ancaq bütün bunlar qəbuledilməzdir. Bir adam cinayət törədibsə, Azərbaycan qanunlarını pozubsa, Cinayət Məcəlləsinin maddəsinə uyğun olaraq cəza alıbsa, nə üçün siyasi məhbus olmalıdır? Mən bu cür ittihamları qəti qəbul etmirəm”.

Deputat qeyd edib ki, M.Hüseynov Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilir:

“Mehman Hüseynovun məhkəmə prosesi keçirilib və həmin cəza da orada verilib. Burada heç bir siyasi məqsəddən söhbət gedə bilməz. Azərbaycanda şəffaf və ədalətli məhkəmə prosesləri keçirilir. Mehman Hüseynov da qanunun müvafiq maddələri ilə təqsirləndirilərək, cəzası verilib. Odur ki, ona verilən cəza ədalətlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm