Bu gün Azərbaycanda ilaxır - torpaq çərşənbəsi qeyd olunur
Bizi izləyin

Nida Xəbər

Bu gün Azərbaycanda ilaxır - torpaq çərşənbəsi qeyd olunur

Bu çərşənbə xalq arasında "yer çərşənbəsi" və ya "ilaxır çərşənbə" kimi də tanınır.

Bu gün isə xalq təqvimi ilə Boz ayın sonuncu - dördüncü çərşənbəsi olan Torpaq çərşənbəsidir. Publika.az xəbər verir ki, xalq arasında buna “İlaxır çərşənbə” də deyilir.

İnanclara görə, bu gündə torpaq oyanır, nəfəs alır və artıq əkinə, toxum səpininə hazır olur.

Bu çərşənbədə torpağa canlanma gəlir, o, öz qarını-buzunu əridir, toxumunu cücərdir. Ağaclar yuxudan oyanaraq tumurcuqlanmağa başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır.

Axır çərşənbə günü bütün evlərdə bayram süfrəsi açılır, süfrələrə bərəkətli nemətlər qoyulur.

Cürbəcür yeməklər, əsasən plov bişirilir, süfrəyə paxlava, şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar qoyulur. Bayram xonçaları bəzədilir. Bayram xonçasının ortasına yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur, ətrafı isə rəngbərəng boyanmış yumurta, qoz, fındıq, badam, innab, kişmiş, müxtəlif meyvələrin qurusu və şirniyyatlarla bəzədilir, ailə üzvlərinin sayı qədər şam yandırılır.

Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrəyə yeddi cür nemətin qoyulması isə müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə işarədir.

Novruz bayramında hər evdə səməni cücərdilməlidir, cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir.

Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.

İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən.

Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm