Qaqauziya prezidenti: “Azərbaycanlı iş adamlarını ölkəmizə dəvət edirik”
Bizi izləyin

Nida Xəbər

Qaqauziya prezidenti: “Azərbaycanlı iş adamlarını ölkəmizə dəvət edirik”

Həm Rusiya, həm Türkiyə və bizim üçün uyğun olan bütün ölkələrlə əməkdaşlığa açıq olmaq istəyirik.

Avropadakı tək türk respublikası Qaqauziya haqqında yazıdan sonra qismət elə gətirdi ki, qaqauzların lideri ilə müsahibə götürmək imkanı yarandı. Ankarada keçirilən “Martışor” Moldova bahar bayramı tədbirlərində iştirak etmək üçün Türkiyə paytaxtına gələn İrina Vlax ilə “Yeni Müsavat” üçün müsahibəni Türkiyə-Moldova Dostluq Dərnəyinin sədri Rafet Köksal təşkil etdi. Elə Rafet bəyin ofisində qaqauzların lideri ilə söhbət etdik. İlk sualımız da Türkiyəyə səfərinin məqsədi barədə oldu.

- Türkiyə və Qaqauziya arasında geniş əlaqələr mövcuddur. 2016-cı ildə iki ölkə arasında qarşılıqlı səfərlərimiz və rəsmi görüşlərimiz oldu. Ancaq budəfəki səfərim şəxsi işlərimlə bağlıdır. Bizim üçün Türkiyə ilə əlaqələr mühüm əhəmiyyət kəsb edir. Türkiyə ilə əməkdaşlıq, buradakı tərəfdaşlarımızın bizə dəstəyi çox mühümdür. Türkiyənin Qaqauziya ilə əlaqələrinin əsas istiqamətlərindən biri iqtisadi sahədə əməkdaşlıqdır. Qaqauziyada iqtisadi inkişaf, iş yerlərinin yaradılması başlıca məqsədimizdir.

Nə üçün Qaqauziya? Çünki Qaqauziyada coğrafi şərtlər çox münasibdir, bizim ərazimiz Moldova daxilində yerləşir. Hazırda 3 əsas istiqamətdə iqtisadi əməkdaşlığımız var. Birincisi, MDB ölkələri ilə əməkdaşlıqdır. İkinci ticarət tərəfdaşımız Türkiyə, üçüncüsü isə Avropa Birliyidir. Bu səbəbdən birinci növbədə bu 3 istiqamətdə əməkdaşlığa önəm veririk.

Qaqauziya dənizə 30 kilometrlik bir məsafədə limana sahibdir. Biz orda Azad İqtisadi Zona yaratmışıq. (Moldovanın Qara dənizə çıxış yolu olan Dunay çayı deltasında 10 min tonluq gəmilərin üzə bildiyi deltaya Qaqauziyanın çıxışı var-red.) Bundan başqa, biz muxtar respublikada iki şəhərdə sənaye parkı yaratmışıq. Hansı ki, orda investisiya yatırmaq üçün hər cür imkanlar var, eləcə də iş adamları üçün güzəştlər tətbiq olunur. Qaqauziyanın qanunverici aktlar qəbul etmək hüququ var. Bizim Qaqauz parlamenti var. Ötən il biz investisiya haqqında qanun qəbul eləmişik, hansı ki, iş adamları üçün uyğun şərtlər təklif edir. Xarici iş adamlarının muxtar respublika ərazisində çalışması üçün lazımi hüquqi bazanı yaratmağa nail olmuşuq. Biz anlayırıq ki, iqtisadiyyatı dirçəltmək üçün xarici investisiyalar üçün münasib şərtlər yaratmalıyıq. Bizim ən yaxın tərəfdaşlarımızdan biri də Türkiyədir. Biz maraqlıyıq ki, Türkiyə iş adamları Qaqauziyaya gəlib şirkətlər qursunlar, yerli əhali üçün iş yerləri açılsın. Bu səbəbdən də hazırkı səfərim zamanı iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün bir sıra görüşlər keçirməyi planlaşdırmışam. Bundan başqa, 4-cü Qaqauz konqresinə hazırlıqla bağlı danışıqlar aparmaqdır. Konqresdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. 2016-cı ildə Türkiyəyə iki dəfə ziyarətimiz oldu. İyun və dekabr aylarında.

IMG-20170313-WA0002.jpg (184 KB)

- Qaqauziyada indi siyasi vəziyyət haqqında görüşlərinizi bilmək istərdik. Qaqauziyadan yerli əhalinin köçüb getməsi, xüsusən də Avropa və Rusiyaya miqrasiya etməsi haqqında bilgilər var. İndi vəziyyət necədir?

- Bizim insanlar əsasən Rusiya və Türkiyəyə gedir işləmək üçün. Avropaya gedənlər yoxdur demək olar ki... Kişilər əsasən Rusiyaya gedir, qadınlar isə Türkiyəyə gəlir iş üçün. Ancaq biz çalışırıq ki, qaqauzları geri gətirək. Bunun üçün də ilk növbədə iqtisadi vəziyyətin düzəlməsi, yeni iş yerlərinin açılması lazımdır ki, insanlar qayıdıb iş tapa bilsinlər. Hazırda hökumətimizin əsas fəaliyyəti buna köklənib. Bu məqsədlə bir sıra ölkələrə səfərlər etmişik, görüşlərimiz, toplantılarımız olub. Azərbaycana da səfər etmişəm. Biz Azərbaycan iş adamlarını da Qaqauziyaya gəlib iqtisadiyyata yatırım qoymalarını təklif edirik.

- Azərbaycanla Qaqauziya arasında əlaqələr hansı durumdadır?

- Hələlik Azərbaycandan yatırım qoyan şirkət gəlmədi. Ancaq biz çalışırıq. Mən ötən il Bakıya getdim, Heydər Əliyev Mərkəzində keçirilən Sivilizasiyalar Forumunda iştirak etdim. Biz orda Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva ilə görüşdük, ona məktub verdik, Azərbaycan hökumətini Qaqauziya İnvestisiya Fondunda iştirakına dəvət etdik. Eyni zamanda iki il əvvəl prezident İlham Əliyev Azərbaycan dövlətinin Qaqauziyada idman kompleksinin tikdirəcəyini bildirib. Biz Azərbaycanla həm iqtisadi, həm də sosial layihələr sahəsində əməkdaşlıq etməyi düşünürük. Belə sosial proyektlərdən biri də Qaqauziyada idman kompleksinin tikilməsidir.

“Avropa Moldovadan Rusiya ilə iqtisadi əlaqələri zəiflətməyi tələb etdi və bunun nəticəsində Qaqauziya iqtisadiyyatı ciddi şəkildə gerilədi”

- Bu barədə biz bir neçə gün əvvəl Moldova-Türkiyə dostluq dərnəyinin sədri Rafet Köksalla da danışdıq. Qaqauziyada Rusiya və Avropa Birliyi arasında rəqabət yaşandığı məlumdur. Bu rəqabətin səbəbi və əldə etmək istədikləri nədir?

- Rusiya və Qaqauziya arasında həmişə yaxşı və isti münasibətlər mövcud olub. Əhalimizin böyük hissəsi rus dilində danışır. Təhsil rus dilində olub. Biz eyni zamanda maraqlıyıq ki, rus iş adamları Qaqauziyaya gəlib iş görsünlər. Avropa Birliyinin Moldova ilə yaxın tərəfdaşlığı var. Ancaq Avropa Moldovadan Rusiya ilə iqtisadi əlaqələri zəiflətməyi tələb etdi və bunun nəticəsində Qaqauziya iqtisadiyyatı ciddi şəkildə zəiflədi. Ancaq bizim üçün bu uyğun deyil, biz iqtisadiyyatın inkişaf etməsini, iş adamlarının 360 dərəcədə bütün tərəflərlə əməkdaşlıq etməsində maraqlıyıq. Həm Rusiya, həm Türkiyə və bizim üçün uyğun olan bütün ölkələrlə əməkdaşlığa açıq olmaq istəyirik.

- May ayında Türkiyə prezidentinin Qaqauziyaya səfəri planlaşdırılır. Ciddi iqtisadi, mədəni layihələrin əsasının qoyulacağı haqda məlumatlar var. Azərbaycandan da iş adamları dəvət olunubmu?

- Biz növbəti - 4-cü Qaqauz konqresini keçirməyə hazırlaşırıq. Bu məqsədlə dünyanın bütün ölkələrində yaşayan və işləyən qaqauzları aradıq, onların hamısını dəvət etdik. Son 10 ildə 3 konqres keçirmişik. Bu ilin mayında 4-cünü keçirəcəyik, araşdırdıq, hazırda Bakıda iki qaqauz yaşayır. Onları dəvət etmişik.

- Qaqauziyanın iqtisadi inkişafı, xarici sərmayənin cəlb olunması və yeni iş yerlərinin açılmasından bəhs etdiniz. Bu istiqamətdə bir “yol xəritəsi” varmı?

IMG-20170313-WA0008.jpg (213 KB)

- Qaqauziya aqrar ölkədir. Biz də istəyirik ki, ölkənin potensialı açılsın, eynidən aqrar-sənaye kompleksi qurulsun. Bunun üçün azad iqtisadi zonalar, istehsal mərkəzlərinin yaradılması ilə bağlı planlar hazırlamışıq. Bizim bu barədə konkret fəaliyyət planımız var. Bizim artıq iqtisadi inkişaf proqramımız Moldova parlamenti və hökumətinə təqdim olunmaq ərəfəsindədir. Hökumət və parlament bunu təsdiqlədikdən sonra düşünürəm ki, ilin sonuna qədər Moldova dövləti layihələrimizi təsdiqləyəcək.

“Azərbaycanlı iş adamlarını Qaqauziyaya dəvət edirik”

- Moldova mərkəzi hökuməti ilə münasibətlər necədir? Mərkəzi hökuməti ilə hansısa anlaşmazlıq varmı?

- Biz Moldova hökuməti ilə yaxından əməkdaşlıq içərisində birgə fəaliyyət göstəririk, mən muxtariyyətin rəhbəri olaraq Moldova hökumət kabinetinin üzvüyəm, hökumətin qərarlarının qəbul olunmasında iştirak edirəm. Hazırda mərkəzi hökumətlə hər hansı anlaşılmazlıq yoxdur. Əksinə, biz yaxından əməkdaşlıq edirik, Moldova hökuməti ilə koordinasiyalı fəaliyyət göstəririk. Çünki qeyd etdiyim layihələr eyni zamanda Moldovanın özünün inkişafı, iqtisadiyyatın dirçəlməsi üçün mühüm əhəmiyyət daşıyır. Təbii ki, çatışmazlıqlar, problemlər də var.

irina ve kenan.jpg (98 KB)

Uzun müddət Qaqauziya Moldovada, necə deyərlər, “ilk planda” olmayıb. Qaqauziyaya diqqət lazımdır. Və biz indi mərkəzi hökumətlə yaxından əməkdaşlıq edirik bu istiqamətdə. 2016-cı ildə Moldova hökumətinin Qaqauziyada toplantısı keçirilib, problemlər müzakirə olunub. Moldovada aktiv Azərbaycan diasporu var. Biz onlarla yaxından əməkdaşlıq edirik, əlaqələrimiz var. Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov fəal diplomatdır. Qaqauziyaya səfər edib, görüşümüz olub.

Biz Qaqauziya olaraq yalnız Türkiyə deyil, bütün türkdilli xalqlarla yaxından əməkdaşlıq etmək, mədəni, tarixi bağları qoruyub saxlayıb və gücləndirmək istəyirik. Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanla da əlaqələrimizi inkişaf etdirməkdə maraqlıyıq. Dilimizi qoruyub saxlamaq və ortaq mədəniyyətimizə sahib çıxmaq baxımından bu, çox vacib addımdır. Daha əvvəl Qaqauziyadan Azərbaycana təhsil almaq üçün tələbələr gedib. Eyni zamanda son illərə qədər Azərbaycandan da tələbələr Komrat Dövlət Universitetində təhsil alıblar. Ancaq indi bu sahədə bir durğunluq var. Biz istəyirik ki, bu sahədə inkişaf olsun, azərbaycanlı tələbələr yenidən Komratda təhsil üçün gəlsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm