"Həmin an Vətəndən başqa heç nəyi düşünmürdük" - Aprel döyüşlərinin iştirakçısı - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

"Həmin an Vətəndən başqa heç nəyi düşünmürdük" - Aprel döyüşlərinin iştirakçısı - FOTOLAR

Tarix təkrar olunur, deyib atalar. Bəli, həqiqətən də, bizim hərb tariximiz də zaman-zaman təkrar olunur. Türk millətinin tarixi keçmişinə baxsaq, görərik ki, bu şərəfli millətin tarixi qəhrəmanlıqlarla zəngindir. Daim türk qəhrəmanları öz qoçaqlıqları, igidlikləri ilə seçilmiş və hər zaman da zəfərlərdə öndə olmuşdular.

Tariximizin yaxın keçmişindən başlayaraq, mənfur erməni quldurlarının torpaqlarımıza qarşı ərazi iddiaları nəticəsində çox böyük itkilərimiz olmuşdur. Tariximizə böyük faciələrin möhürü basılmışdır. Erməni quldurları öz havadarlarının köməkliyi ilə torpaqlarımızı işğal edərək, vətəndaşlarımızı qanlarına qəltan edərək, soyqırımlara uğratmışlar.

Bütün bu vəhşiliklərə, faciələrə baxmayaraq, Azərbaycan xalqının mərd oğul və qızları düşmənə qarşı mərdliklə vuruşaraq, onlardan öz qisaslarını alırlar.

Şanlı və şərəfli Aprel döyüşləri kimi tarixə düşən 01-05 aprel 2016-cı ildə baş verən döyüş əməliyyatları bir daha sübut etdi ki, Azərbaycan ordusu hər şeyə qadirdir. Ordumuzun qüdrəti, silah-sursat arsenalımızın gücü sayəsində düşmənə ağır və sarsıdıcı zərbələr vuruldu. Aprel döyüşlərində vətənimizin onlarca igid, qeyrətli oğulları şəhid oldu, qazi oldu. Şəhidlərimizin və qazilərimizin qanı ilə zəfər dolu qəhrəmanlıq tariximizin yeni səhifəsi yazıldı.

Milli.Az xəbər verir ki, aprel döyüşlərdə iştirak etmiş, həmin qanlı döyüşləri öz gözləri ilə görmüş igid vətən oğullarımızdan biri də Altay Vəliyevdir.

Qısa arayış: Altay Oqtay oğlu Vəliyev 2 aprel 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2003-cü ildə Qazax rayon Qaratel Hacımuradova adına orta məktəbin birinci sinfinə gedib, 2014-cü ildə S.Əfəndiyev adına Qazax rayon tam orta məktəbini bitirib. "Avey" İdman Klubunun döyüşçüsüdür. MMA döyüşü üzrə gənclər arasında iki dəfə Respublika Birincisi olub. Bundan başqa Respublika və Beynəlxalq turnirlərdə fəxri kürsünün birinci, ikinci və üçüncü yerlərini tutub. 2015-2016-cı illərdə hərbi xidmətdə olub. Aprel döyüşlərində iştirakına görə hərbi hissə və ordu birləşməsi komandiri tərəfindən "Fəxri fərman" və mükafatla təltif olunub.

2 aprel tarixi həm də Altayın doğum günüdür. Zəfərlə başa çatan döyüşün də bu tarixdə başlaması ad gününə ən böyük hədiyyə olsun gərək ki, Altayın.

Onunla söhbətimizə bir qədər əvvəldən başladıq, güllə səslərinin laylasına çevrildiyi çağlardan

- Altay, tərcümeyi-halınla tanış olanda sənin Qazaxın Fərəhli kəndində anadan olduğunu gördük. Sərhəd kəndində doğulub boya-başa çatmaq sənin üçün nə deməkdir?

- Bəli, mən Fərəhli kəndində anadan olmuşam. Fərəhli kəndi Qazaxın ən qədim kəndlərindən biridir. Bu kənd də mənfur qonşularımız olan ermənilərlə həmsərhəddir. Atam həmişə deyirdi ki, kəndimizin yaşlı insanları danışırdılar ki, bizim kəndin torpaqları daha geniş ərzilərdə olmuşdur. Zaman-zaman ermənilərə verilərək ərazilərimiz daralmışdır. Bu hadisə hər zaman məni narahat etmişdi. Mən anadan olandan düz altı il qabaq bizim Fərəhli kəndinə yaxın olan Bağanıs Ayrımda, Barxudarlıda, Sofluda ermənilər qırğınlar törədibmiş. Bizim hamımız bu faciənin dəhşətini hər zaman içimizdə yaşamışıq.

4-5 yaşım olanda ailəmiz Fərəhlidən Qazaxa köçdü. Mən orada Azərbaycanımızın mərd qızı, ermənilərlə döyüşdə Milli qəhrəman səviyyəsində qəhrəmanlıqları olan ölməz Qaratel Hacımuradovanın adını daşıyan məktəbə getmişəm. Bəlkə də qismətdir ki, mən həmişə qəhrəmanların adı olan, ruhu dolaşan məkanlarda olmuşam. Amma buna baxmayaraq biz hər həftə Fərəhli kəndinə gedirdik. Hər zaman oradakı mərd insanları görüb qürurlanırdım. Yay tətilində isə mütləq kəndə gedirdik. Həmişə də uşaqlarla birgə kəndimizin üstündəki "Odun dağı"na qalxıb oradan erməni postlarına və əldən getmiş torpaqlarımıza baxırdıq. Bu səhnə çox acı bir səhnə idi.

- Altay, sən özün də dediyin kimi, sərhəd kəndində doğulub, boya-başa çatmısan. Sən kənddə olanda heç atışma, döyüş səhnəsi ilə qarşılaşmısanmı?

- Demək olar ki, sərhəd kəndlərində hər gün atəş səsləri eşidilirdi. Bu kəndlər içində daha çox təhlükə ilə üzləşən kəndlər də var. Məsələn, Qazaxın Quşçu Ayrım kəndi üç tərəfdən ermənilərlə əhatələnib, kəndə gedən yeganə yol da ermənilərin nəzarəti altındadır. Lakin bütün bunlara baxmayaraq, bu kənddə yaşayan insanlar heç nədən qorxmurlar. Çünki onlar əmindilər ki, qarşıda onları qoruyan, hər cür silah-sursatla təmin olunmuş Azərbaycan əsgəri var. Gerçəkdən də, bu qəhrəmanlığa baxıb bütün digər kəndlərin əhalisi də ordumuza arxayın olaraq rahat şəkildə öz həyatlarını yaşayırlar. Hər dəfə də atəşkəs pozulanda əsgərlərimiz düşmənə layiqli cavab verərək onları susdururdular. Mən deyərdim ki, elə buna görə də gördüklərimə rəğmən mənim üçün döyüş səhnəsi də adiləşmişdi.

- Aprel döyüşlərindən danışaq. Bu döyüşlər sənin həyatında daha çox nə ilə yadda qalıb?

- Sizə bir şey deyim, ümumiyyətlə, aprel ayı mənim həyatımda çox əlamətdar aydır. Mən aprelin 2-də anadan olmuşam. Aprelin 10-da hərbi xidmətə getmişəm. 19 il doğum günü kimi qeyd etdiyim tarixdə, 2 apreldə mən şəhidlik məqamına yetişmək arzusu ilə döyüşə atılmışam. Həmin gün mən şəhid olmasam da, yanımda əsgər yoldaşlarım şəhid oldu, yaralandı. Ümumiyyətlə, qanlı və şanlı Aprel döyüşləri haqqında bunları deyə bilərəm: 2016-cı ilin aprel ayının 1-i, saat 00:00 radələrində hərbi hissəmizə həyacan siqnalı verildi və biz hərbi maşınlara minib Tərtər rayonunun Qapanlı kəndi istiqamətindən Seysulan kəndi səmtinə gəldik. Gecə saat 02:30 radələrində ermənilərin hücumunun qarşısını almaq üçün əks hücuma keçdik. Artilleriya atəşlərinin müşayiəti altında keçən şiddətli döyüş aprelin 2-si, saat 11:30-a kimi davam etdi. Artıq xeyli irəliləmişdik. Minalanmış ərazini adlayıb düşmənin birinci müdafiə xəttini yarıb keçmişdik. Mən birdən aralıda öz əsgər yoldaşımın yaralı olduğunu gördüm. Ona kömək edib minalanmış ərazidən keçirərək düşmən postunun valının arxasına gətirdim. Əsgər yoldaşıma müəyyən tibbi yardım göstərib, ratsiya vasitəsilə həkimlərə xəbər verdirdim. O, təxminən 1 saata yaxın orada mənim yanımda qaldı. Mən elə durduğum yerdən əsgər yoldaşlarıma kömək edərək düşmən tərəfə atəş açırdım. Sonra səngər yolu ilə gələn hərbi həkim heyəti yaralanmış əsgəri xərəyə qoyaraq geri, hospitala apardılar. Bundan sonra da bizim qanlı döyüşlərimiz yenə də davam etdi. Düşmən postunu keçəndən sonra nisbətən açıq əraziyə çıxdıq. Burada düşmən bizə snayeperlərlə atəş açırdı. Həmin snayper atəşlərindən biri əsgər Kaçayev Samirin gözündən dəydi və əsgər yoldaşımız şəhid oldu. Biz düşmənin nəzarət etdiyi ərazidən geri çəkilərkən əsgər yoldaşım Babazərov Yusiflə birgə şəhid əsgərimizin meyitini də özümüzlə götürüb sürünə-sürünə minalanmış ərazidən çıxardıb səngərimizə gətirdik.

- Aprel döyüşlərində, yəqin ki, fərqinə vardınız, qüvvələr nisbəti hansı formada idi?

- Aprel döyüşləri haqqında çox şey danışmaq olar. Amma bəzi məqamlar var ki, bunlar da hərbi sirr olaraq qalmalıdır. Ümumiyyətlə, bir onu deyə bilərəm ki, bütünlüklə döyüş üstünlüyü bizim əsgərlərdə idi və hər bir əsgərin döyüş əzmi çox yüksək idi. Bundan başqa, bizim silah-sursat arsenalımız da düşməndən güclü idi. Güman edirəm ki, nə zamansa Ali baş komandanımız cənab İlham Əliyevin əmri ilə biz öz torpaqlarımızı düşmən işğalından azad edəcəyik. Buna mən inanıram. Çünki 25 ildə etmədiklərimizi bir gecədə edə bildik. Döyüşlərə girərkən hər birimizin ən böyük amalı düşmənlə ölüm-dirim savaşında döyüşərək şəhid olmaq idi. Həmin an Vətəndən başqa heç nəyi düşünmürdük. Tək düşündüyümüz məsələ işğal altında olan dədə-baba torpaqlarımızın murdar ermənilərdən azad olunması idi. Həmin gün onlarca əsgər və zabitlərimiz Allahın ən uca dərgahına - Şəhidlik zirvəsinə ucaldılar. O mübarək ada layiq görülən şəhidlərimizin ruhları qarşısında baş əyirik. İnşallah, bir gün gələr onların qanlarını alarıq və mən də onların layiq olduğu şəhidlik məqamına yetərəm. Mən ona görə də 2 aprel gününü doğum günü kimi deyil, şəhidlik məqamına yüksəlmiş əsgərlərimizin mübarək günü kimi qeyd edirəm.

Bir də onu qeyd edə bilərəm ki, Aprel döyüşlərindən sonra döyüşdə iştirak edən hər bir əsgər və zabitimiz ölkə rəhbərliyinin və ordu komandanlığının diqqət və qayğısında olmuşdur. Mən də döyüşdə göstərdiyim qəhrəmanlıqlara görə ordu komandiri, general-mayor Hikmət Həsənov tərəfindən "Fəxri fərman"la təltif olunmuşam. Bu təltif həyatımın ən böyük təltifi kimi, hər zaman yaddaşımda qalacaq.

- Altay, bildiyimiz qədər sən həm də idman sahəsində öz sözünü demiş döyüşçülərdənsən. Bu haqda nə deyə bilərsən?

- Mən uşaqlıqdan idmana həvəsli olmuşam və məktəb illərində "Avey" İdman Klubuna yazılmışam və burada MMA döyüş növü üzrə məşqlarə başlamışam. İdmanın bu növü, əsasən, qaydasız döyüş növü kimi olduğundan mən də bu növü seçmişəm. Məşqçim isə beynəlxalq dərəcəli hakim, JIU-JITSU üzrə 4-cü dan Qara kəmər sahibi Şahsuvar Məhyəddinov olmuşdu. Mən və digər idmançı dostlarımız hər zaman "Avey" İdman Klubunun rəhbərliyinin və məşqçilərinin diqqət və qayğısı ilə əhatə olunmuşam. Klubun əsas ideyası dövlətə, vətənə, xalqa sədaqətli, bağlı, sağlam bədənli, sağlam ruhlu, zərərli vərdişlərdən uzaq gənclər yetişdirmək və tərbiyə etməkdir. Ümumiyyətlə, bu klubda hər şey ədalət və qarşılıqlı hörmət əsasında qurulduğundan hədəfə tez çatmaq olur. İdmançı üçünsə bu mühit, sözün həqiqi mənasında, həyat deməkdir.

Mən bir daha xüsusi olaraq qeyd etməyi özümə borc bilirəm ki, biz keçmiş döyüşçülər ölkə rəhbərliyinin, rayonda isə Qazax Rayon İcra Hakimiyyəti rəhbərliyinin də xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşuq. Mən də bir çox gənclər kimi Gənclər günündə icra başçısı Rəcəb Babaşov tərəfindən Aprel döyüşlərinin iştirakçısı kimi mükafat və diplomla təltif edilmişəm. Ümumiyyətlə, Qazax rayon rəhbəriyi daim rayonun ictimai fəal gəncləri ilə də görüşlər keçirir ki, mən də bu görüşlərin aktiv iştirakçısı kimi məktəblərdə, hərbi hissələrdə oluram. Həmçinin bu yaxınlarda bir xeyriyyəçi iş adamı mənə diqqət və qayğı göstərərək öz şirkətində işlə təmin etmişdir. Bundan sonra mən idmanla aktiv formada məşğul olmağı və beynəlxalq yarışlara çıxaraq ölkəmizin üçrəngli bayrağını yüksəklərə qaldıracağımı qarşıma məqsəd qoymuşam. Çünki döyüşçü hər sahədə vətənini, millətini, ölkəsini düşünməlidir. Son olaraq onu da qeyd edim ki, vətən uğrunda döyüşən, canından, qanından keçməyə hazır olan hər bir şəxs dövlətin və dövlətini sevən hər bir xeyirxah insanların diqqət və qayğısı ilə əhatələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm