Zabit: "Aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəman obrazını nümayiş etdirdi"
Bizi izləyin

Nida Xəbər

Zabit: "Aprel döyüşləri Azərbaycan əsgərinin qəhrəman obrazını nümayiş etdirdi"

"Bütün əhali arxayın ola bilər ki..."

Aprel döyüşləri Azərbaycan dövlətinin və ordusunun qüdrətini, xalqımızın birliyinin, Vətən sevgisinin, milli mənəvi dəyərlərimizə bağlılığının, eləcə də Silahlı Qüvvələrimizə inamının sarsılmazlığını nəinki işğalçı Ermənistana, bütün dünyaya göstərdi.

Publika.az xəbər verir ki, bu sözləri ötən ilin aprelində Talış istiqamətində gedən döyüşlərin iştirakçısı, polkovnik-leytenant Ruslan Hacıyev AZƏRTAC-a müsahibəsində deyib.

Silahlı Qüvvələrimizin zabiti bildirib ki, bu döyüşlərdə ən mühüm üstünlüklərdən biri də Azərbaycan Ordusunun döyüş tapşırığını hər an ən yüksək səviyyədə yerinə yetirməyə hazır və qadir olması idi. Bu isə şəxsi heyətin komandirlərə inamı, əmr və tapşırıqların vaxtında icrası, bölmələrdə və birləşmələrdə döyüş hazırlığı dərslərinin yüksək səviyyədə keçirilməsi sayəsində mümkün olub. Məhz bu yüksək hazırlığın və peşəkarlığın sayəsində aprel döyüşlərində düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında və layiqincə alındı, Ermənistan ordusuna sarsıdıcı zərbə vuruldu.

“Aprelin 1-dən 2-nə keçən gecə düşmənin kəşfiyyat-təxribat qrupu Talış istiqamətində qəflətən mövqelərimizə soxulmağa cəhd etdi. Lakin Azərbaycan əsgərinin ayıq-sayıqlığı nəticəsində düşmənin kəşfiyyat qruplarının qarşısı alındı və ermənilər qaçmağa məcbur oldular. Ermənilər bütün silahlarını, texnikalarını qoyub qaçırdılar. Bu da onu göstərirdi ki, düşmən əsgəri öz torpağında xidmət etmir və ona görə də onun qədrini heç vaxt bilməz. Düşmən həmişə atəşkəsi pozur. Aprel döyüşləri ərəfəsində gözlənilməyən anda düşmənin basqını, artilleriya atəşləri oldu. Buna baxmayaraq, biz bir qarış belə geriyə addım atmadıq. Bu döyüşlərdə düşmən qruplarının, kəşfiyyat dəstələrinin qarşısı layiqincə alındı, onların xeyli canlı qüvvə və texnikası məhv edildi. Talış-Madagiz istiqamətində bir çox strateji yüksəkliklər ələ keçirildi. İndi həmin ərazidə əsas strateji yüksəkliklər demək olar ki, Azərbaycan Ordusunun əlindədir. Düşmənin bütün fəaliyyəti, Talış-Madagiş istiqamətində hərəkət yolları nəzarətdə saxlanılır. Ermənilər aprel döyüşlərindən əvvəl atəşkəs rejiminin pozaraq Tap Qaraqoyunlunu, bir neçə yaşayış məntəqəsini və dinc sakinləri atəşə tutur, artilleriya mərmiləri yağdırırdılar”, - deyə R.Hacıyev qeyd edib.

Azərbaycan Ordusunun zabiti bildirib ki, hazırda cəbhəboyu zonada yerləşən bütün kəndlərin camaatı rahatlıqla öz işləri ilə məşğul olurlar. Bütün əhali arxayın ola bilər ki, Azərbaycan Silahlı Qüvvələri döyüş tapşırığını layiqincə yerinə yetirir və Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə Nazirliyinin rəhbərliyinin bütün tapşırıqlarını bundan sonra da yerinə yetirməyə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm