Aprel qəhrəmanı: “Qumbaranı atandan sonra ermənilərin səsi kəsildi”
Bizi izləyin

Nida Xəbər

Aprel qəhrəmanı: “Qumbaranı atandan sonra ermənilərin səsi kəsildi”

"Postun qarşısındakı kiçik təpənin üzərinə çıxıb düşmənin üzərinə əl qumbarası atdım".

Aprelin 2-nə keçən gecə düşmənin qəfil hücumunun qarşısını aldıq və əks-hücuma keçdik. Xeyli itki verən düşmən silah-sursatını, mövqelərini qoyub qaçdı. Səhər saatlarında Lələtəpə yüksəkliyini azad edərək, üçrəngli bayrağımızı təpənin zirvəsinə sancdıq.

Publika.az xəbər verir ki, bunu ötən ilin aprelində Lələtəpə istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq, ordudan tərxis olunan Ruslan Abbaszadə Azərtac-a müsahibəsində bildirib.

R.Abbaszadə döyüşlərdə Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən danışaraq deyib: “Lələtəpədən aşağıda düşmənin postu var idi. Oradan əsgərlərimizə atəş açırdılar. Biz altı nəfərlə posta doğru irəlilədik. Burada ağır döyüşlər gedirdi. Döyüşçü yoldaşım yaralandı. Postun qarşısındakı kiçik təpənin üzərinə çıxıb düşmənin üzərinə əl qumbarası atdım. Bu vaxt başımdan güllə yarası aldım. Atdığım qumbara partlayandan sonra düşmənin atəşi kəsildi. Sonradan öyrəndim ki, həmin vaxt postda biri mayor, digəri leytenant olmaqla iki erməni zabiti məhv olub”.

Hərbçimiz döyüşdə yaralanmasına baxmayaraq, yaralı yoldaşını çıxarmaq üçün geri qayıdır. Bu zaman düşmən snayperi onu sinəsindən vurur. Yeddi qabırğası qırılır, ağ ciyəri ciddi zədələnir. Müalicəsi başa çatdıqdan sonra ordudan tərxis olunur.

“Düşmən anlamalıdır ki, Azərbaycan Ordusunun qarşısında dayana bilməz. Əgər ermənilər torpaqlarımızı tərk etməsələr, Azərbaycan Ordusunun ərazi bütövlüyümüzü təmin etmək uğrunda hücumu daha şiddətli olacaq və düşmənin tam məğlubiyyəti ilə nəticələnəcək”, – deyə R.Abbaszadə bildirib.

Qeyd edək ki, aprel döyüşlərinin iştirakçısı Ruslan Abbaszadə nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm