Aprel qəhrəmanları ilə söhbət: “Azad etdiyimiz torpaqların havasını udmaq başqa hissdir” - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Aprel qəhrəmanları ilə söhbət: “Azad etdiyimiz torpaqların havasını udmaq başqa hissdir” - - FOTOLAR

Hərbi əməliyyatlar zamanı düşmənə məxsus çox sayda artilleriya qurğusu məhv edilib, zirehli texnikalar yararsız hala salınıb.

2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Silahlı Qüvvələrin nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 300-dən çox erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

Hərbi əməliyyatlar zamanı düşmənə məxsus çox sayda artilleriya qurğusu məhv edilib, zirehli texnikalar yararsız hala salınıb.

Publika.az Azərbaycan üçün önəmli, bir o qədər də qürur hissi ilə anılan Aprel döyüşlərinin iştirakçıları ilə müsahibəni təqdim edir:

- Aprel döyüşlərində birbaşa iştirak etmisiniz. Orada nələr baş verdi, hadisələr necə cərəyan etdi?

Leytenant Səbuhi Mehtizadə:

- Aprel döyüşləri ərəfəsində hansı hisslərin yaşandığını sözlərlə ifadə etmək çətindir. O hissləri yaşamaq lazımdı. Mən Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Biz döyüşə böyük ruh yüksəkliyi ilə başladıq. İnanırdıq ki, hər şey yaxşı olacaq. Biz qətiyyən qorxu hissi nədir, bilməmişik. Artıq uzun müddət idi ki, düşmən yaşayış məntəqələrini, bir sıra obyektləri, eləcə də döyüş mövqelərimizi müxtəlif növ silahlardan atəşə tuturdu. Qarşı tərəf cavab atəşi ilə susdurulurdu. Bir müddətdən sonra aprel ayının 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri təxribat hazırladı. Biz hər an belə hallara hazır idik və buna görə də onların təxribatı baş tutmadı. Ordumuz əks-həmlə ilə düşmən qüvvələrini cavab atəşi ilə susdurdu. Ermənilər bizim torpaqlarda qurduqları postları tərk edib qaçırdılar. Biz həmin mövqelərdə düşmən üzərinə gedərək canlı qüvvələrini məhv etdik. Öz torpaqlarımızda yeni postlarımızı qurduq və möhkəmləndirdik. Onlar postları heç nəsiz tərk edirdilər. Bu artıq qələbənin ilk pilləsidir.

Polkovnik-leytenant Eldəniz Sadıqov:

- Mən xidmətimi leytenant kimi ön xətdən başlamışam. Neçə illərdir torpaqlarımız düşmənlərin tapdağı altındadır. Hərbçi kimi bu hissi ifadə etmək bizim üçün ağırdır. Bizim vəzifəmiz torpaqlarımızı azad edib, düşmənlərdən qorumaqdır. Biz çox sevinirik ki, bu döyüşlər baş verdi və biz bu gərgin döyüşlərdən qalib çıxdıq. Çox böyük qürur hissi keçirirəm. Biz neçə illərdir ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Lakin qarşı tərəf bununla razılaşmır. Müharibə yolu ilə də olsa, biz öz torpaqlarımızı geri alacağıq. Azərbaycan ordusu hər an döyüşə hazırdır. Ali Baş Komandanın bir əmri kifayətdir ki, torpaqlarımız uğrunda vuruşaq. Bu gün Lələtəpə və digər yüksəkliklərdə sancılan üçrəngli bayrağımız gün gələcək ki, Qarabağda da dalğalanacaq. 4 gün davam edən aprel döyüşlərindən əldə olunan nəticə onu göstərir ki, ordumuz çox böyük inkişaf mərhələsi keçib. Qarşı tərəf bizdən elə qorxurdu ki, canlarını götürüb qaçırdılar. Biz öz torpaqlarımız üçün vuruşurduq. Buna görə də bizim üçün “geri addım” deyilən anlayış yoxdur. Vətən sevgisi bizə güc verdi və düşməni məhv etdik. Mənim yaşadığım ev düşmənlə sərhəddə yerləşirdi. Yadıma gəlir, atam evimizdə yaralanmışdı və mən uşaq yaşlarımdan düşmənə qarşı nifrət hissi bəsləmişəm.

Polkovnik-leytenant Xəqani Cəfərov:

- Mən də yoldaşlarımın fikirlərinə qoşuluram. Bu qürur hissi bu sevinc hər kəsə nəsib olmur. Düşmənin kəşfiyyat-diversiya qrupu həmin gecə bir yox, bir neçə istiqamətdən mövqelərimizi atəşə tutmuşdu. Bütün istiqamətlərdə, istər Ağdam, istər Füzuli istiqamətində qarşı tərəf cavab atəşi ilə susdurulub. Düşmən gördü ki, bizə gücü çatmır, başladı kənd əhalisinə atəş açmağa. Ağdam istiqamətində bilirsiniz ki, kəndlər bir-birinə yaxındı. Əhali narahat olsa da, heç kim yaşayış yerlərini tərk etmirdi. Əsgərlərimizə ruh yüksəkliyi verən sakinlər onlara güvənirdi. Biz də bu inamı doğrultduğumuz üçün çox sevinirik.

Polkovnik-leytenant Vüqar Mirzəliyev:

- Döyüş zamanı mən və tabeliyimdə olan bütün əsgərlərin tək amalı düşməni məhv etmək idi. O an ölüm haqqında düşünmürdük. Ailələrimiz üçün narahat olurduq, lakin düşünürdük ki, bütün bu döyüşlərdə məhz onları, xalqımız qorumaq üçün iştirak edirik. Hamı bir nəfər kimi Vətən üçün ölümün gözünə dik baxdı. Döyüşdə şəhid olmuş yoldaşlarımıza Allahdan rəhmət diləyirik. Onların qanı yerdə qalmayacaq. Biz çox yaxın zamanda öz torpaqlarımıza geri dönəcəyik və onların ruhu rahatlıq tapacaq.

- Həmin an sizinlə paralel cəbhələrdə döyüşən silahdaşlarınızdan xəbəriniz olurdumu?

Leytenant Səbuhi Mehtizadə:

- Əlbəttə. Bir-birimizlə daim əlaqə saxlayırdıq. Hər kəs bir-birini ruhlandırırdı. Komandirimiz Mais Bərxudarov, Milli Qəhrəmanımız Şükür Həmidov kimi yuxarı rütbəli rəislərimiz bizimlə çiyin-çiyinə vuruşub. Biz onlardan ilhamlanmışıq, inamla irəli getmişik.

Polkovnik-leytenant Eldəniz Sadıqov:

- Düşmən əsgərlərinin də əllərində silahlar var. Bu sizə elə-belə gəlməsin. Hər an hər şey ola bilərdi. Əlbəttə, hər birimiz yoldaşlarımız üçün narahat olurduq, bacardıqca bir-birimizi qoruyurduq.

- Necə fikirləşirsiniz, Aprel döyüşləri bizə nələr qazandırdı?

Polkovnik-leytenant Eldəniz Sadıqov:

- Bu elə bir şeydir ki, əli silah tutmamış, güllə səsi eşitməmiş, hərbi xidmət keçməmiş gənc nəsil başa düşə bilmir. “Vətən uğrunda ölməyə yox, öldürməyə hazıram” deməlidir hərbçi. Bəzən sosial şəbəkələrdə elə yazılar paylaşılır ki, çox təəssüf hissi keçirdirəm. Fikrimcə, o cür laqeyd yanaşmaları bizim millətin vətəndaşı yaza bilməz. Hər gün biz təlimlərimizi keçirdik, lakin aprel döyüşlərini biz praktiki olaraq yaşadıq. Şüurlu şəkildə döyüşə getmək hər igidin işi olmur. Biz bilirdik ki, orda bizi ölüm də gözləyə bilər. Amma məqsədimizə çatdıq. Birlik olduğumuzu bir daha sübut etdik. Aprel döyüşləri bizə millət olduğumuzu yenidən xatırlatdı. Əhali, hospitalın həkimləri, polislər - hər kəs bizə dəstək olurdu. Hospitalın həkimlərinin fədakarlığını vurğulamaq istərdim. Onlara güvənirdik. Şəxsən mən Mahir həkimi xüsusi vurğulamaq istərdim. Mümkünsüz olan əməliyyatı etdi. Yaralı yoldaşlarımıza yüksək səviyyədə xidmət edirdilər. Eləcə də, Anar, Eldəniz, Şəmistan həkimin də zəhmətləri böyük olub. Bu gün biz sağ-salamat ailəmizin yanındayıqsa, bu həkimlərimizin savadının, zəhmətinin sayəsindədir.

Polkovnik-leytenant Xəqani Cəfərov:

- Bilirsiz, döyüşlər bir hərbçiyə azad edilən torpaqlarından, qürur və sevinc hissindən daha artıq nə verməlidir? Biz vətənə xidmətimizi təmənnasız yerinə yetiririk. Bizim ən böyük qazancımız işğal altında olan ərazilərimizi bir-bir azad etmək olar. Ümumilikdə isə onu deyə bilərəm ki, ayın 1-dən 4-nə qədər davam edən döyüşlər bizə çox şey qazandırdı. Təsəvvür edin, biz sadəcə, 1 gün ərzində o əraziləri geri aldıq. 2 min hektar ərazini bir neçə gün ərzində geri aldıqsa, 1 ay bizə bəs edər ki, bütün torpaqlarımızı azad edək.

- Yenidən müharibə başlayarsa, o yerlərə bir daha qayıtmaq istərdinizmi?

Leytenant Səbuhi Mehtizadə:

- Əlbəttə. Mən yaşca yoldaşlarımdan daha gəncəm. Ona görə mənim üçün bu hadisə bir ilk idi. İllər əvvəl işğal olunmuş torpaqlarımıza qədəm qoymaq, oraların havasını udmaq başqa bir hissdir. Təbii ki, bu qələbəni bir dəfə dadan bir daha dadmaq istəyər. (gülür)

Polkovnik-leytenant Xəqani Cəfərov:

- Hərbçi formasını daşıyan hər bir insan o formanın haqqını verməlidir. Günü bu gün belə Ali Baş Komandan əmr versə, mən döyüşə hazıram. 22 il uzun müddətdir. Uzun illərdən sonra torpaqlarımızı geri almışıq. Bizi heç nə və heç kim durdura bilməz.

Polkovnik-leytenant Eldəniz Sadıqov:

- Döyüşlərdə yaralansam da, yenə deyirəm, mən və yoldaşlarım hələ də vətənimizə xidmət edirik. Nə qədər ki, mən tərxis edilməmişəm, hərbçi kimi yenidən müharibə başlayarsa, döyüşməyə hazıram.

Polkovnik-leytenant Vüqar Mirzəliyev:

- Bir anda müharibə başladı və hər kəs bizə dəstək oldu. Ona görə yenidən müharibə başlayarsa, vətən uğrunda son damla qanımıza qədər vuruşmağa hazırıq. Təki vətən sağ olsun.

Könül Cəfərli

Foto: Nurlan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm