Əli Əhmədov: “Bəzi qüvvələr sabitliyi pozmaq istəyir, amma əllərindən çox şey gəlmir”
Bizi izləyin

Nida Xəbər

Əli Əhmədov: “Bəzi qüvvələr sabitliyi pozmaq istəyir, amma əllərindən çox şey gəlmir”

Onların bu günə qədər cəhd etdikləri addımlar puça çıxdığı kimi, bu gün də puça çıxacaq.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov müxalifətin bu gün “Məhsul” stadionunda keçirəcəyi mitinqə münasibət bildirib.

Ə.Əhmədov deyib ki, Azərbaycanda siyasi partiyalarda təmsil olunan insanlarda iki növ məfkurə mövcuddur: “Bunlardan biri dövlətçilik məfkurəsidir ki, bunu YAP-ın timsalında görmək olar. Dövlətçilik məfkurəsinə xidmət edən başqa siyasi qüvvələr də ölkəmizdə aparılan quruculuq işlərinə öz töhfələrini verməklə məşğuldurlar. Digər siyasi düşərgədə isə dövlətçilik məfkurəsinin çox az olduğu, yaxud tamamilə başqa istiqamətə yönələn qüvvələr var. Bu gün Azərbaycan vətəndaşlarını düşündürən ölkədəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılmasıdır, ölkədə həyata keçirilən islahatlara töhfə verməkdir. Biz indi çox narahat bir dünyada yaşayırıq. Azərbaycanından çox da uzaq olmayan ətraflarda baş verənləri hər kəs görür. Ona görə də hər bir vətəndaşı düşündürən odur ki, ölkəmizdəki sabitlik qorunub saxlanılsın, Azərbaycan bu narahat dünyada rahat həyatını qoruyub saxlaya bilsin”.

Ə.Əhmədovun sözlərinə görə, digər məsələ də ölkənin iqtisadi inkişafının sürətləndirilməsidir. O qeyd edib ki, prezident İlham Əliyev tərəfindən dərin islahatlar həyata keçirilməkdədir: “İnanıram ki, bu, yaxın zamanlarda öz müsbət nəticəsini verəcək. Azərbaycanın keçdiyi inkişaf yolu göz qabağındadır. Amma təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi siyasi qüvvələr Azərbaycanda sabitliyi pozmaq üçün əllərindən gələni edirlər. Çox məmnunam ki, əllərindən çox şey gəlmir, çox şeyi bacara bilmirlər. Çünki insanlarımız onların sabitliyə qarşı çevrilmiş əməllərinə dəstək vermir. Buna görə də onların keçirdikləri aksiyalar zəif alınır. Mitinqlər, sabitliyi pozmaq cəhdi bütövlükdə Azərbaycanın dövlətçiliyinə və insanlarımızın sabitliyinə qarşı çevrilmiş addımlardır. Onların bu günə qədər cəhd etdikləri addımlar puça çıxdığı kimi, bu gün də puça çıxacaq”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm