Türkdilli xalqların ortaq əlifba problemi: eyni qrafikaya keçid nə zaman olacaq?
Bizi izləyin

Nida Xəbər

Türkdilli xalqların ortaq əlifba problemi: eyni qrafikaya keçid nə zaman olacaq?

Türkdilli xalqlar ortaq qrafikaya niyə keçə bilmir?

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ilin sonuna qədər latın qrafikası əsasında qazax əlifbası layihəsinin hazırlanmasını tapşırıb. Gələn ildən etibarən isə tədris-metodik vəsaitlərin və mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Prezidenti Nursultan Nazarbayev hələ 2012-ci ildə çıxışlarında 2025-ci ilə qədər bu qrafikaya keçiləcəyi ilə bağlı açıqlamalar vermişdi. Qazaxıstanda latın qrafikasına keçid, digər türkdilli dövlət və muxtrariyyətlərdəki bu məsələdə vəziyyəti gündəmə gətirib. Hansı türkdilli ölkələr, türkdilli muxtariyyətlər latın qrafikasına keçib və keçiddəki ləngimələr nə ilə bağlıdır?

Publika.az bu suala cavab tapmağa çalışıb:

Türkoloq alim Firudin Cəlilov Qazaxıstanın latın qrafikasına keçidlə bağlı qərar verməsini müsbət addım hesab edir. Onun sözlərinə görə, türk dilləri üçün latın qrafikası ən yararlı qrafika hesab edilir.

Prosesin bəzi türkdilli xalqlarda ləngiməsinə gəldikdə F.Cəlilov bu keçidin ağrılı olduğunu deyir: “Qazaxıstanda əhalinin xeyli hissəsi qazax deyil, orada rusdillilər çoxdur. Keçidə mane olan bu kimi obyektiv çətinliklər var. Qazasıxtanda orta və ali məktəblərin əksəriyyəti rusdilli olub. Qazax dilində yalnız kəndlərdə məktəb var idi. Yadımdadır Almatıda qazaxdilli bağça açılanda Oljas Süleymanov buna çox sevinirdi. Həmçinin əlifba dəyişməyin psixoloji səbəbləri var. Ötən əsrin 20-ci illərində latın qrafikasına keçəndə əhalinin çoxu uzun müddət ərəb əlifbası ilə yazırdı. Hələ də yeni qrafiklə yazmağa vərdiş etməyənlər var”.

F.Cəlilov bildirib ki, muxtar respublikaların isə latın qrafikasına keçməsi real deyil: “1991-ci ildə İstanbulda keçirilən ortaq türk əlifbası simpoziumunda ortaq türk əlifbasının yaradılması qərarı verildi. Həmin əlifbanı parlamentə təqdim etdim və latın qrafikasına keçid qəbul edildi. Bu gün biz ortaq türk əlifbasından istifadə edirik. Bizdən sonra Tatarıstan qəbul etdi, ancaq iki il işlədə bildi. Rusiya Federasiyasının tərkibində olduğu üçün ləğv edildi. Krım tatarları eyni bizim əlifbadan istifadə edir. Qırğızlar həm latın, həm də kirildən istifadə edir. Türkmənlər, Özbəklər müəyyən səviyyədə bu qrafikaya keçib. Türkmənistan və Qazaxıstanda proses gec oldu”.

Millət vəkili Nizami Cəfərov hesab edir ki, türk dövlətləri və muxtariyyətlərində latın qrafikasına keçidin səviyyələri müxtəlif olduğuna görə bu proses fərqli dövrlərə təsadüf edir. Onun sözlərinə görə, latın qrafikasına keçidin ləngiməsi hər bir ölkənin etnoqrafik, demoqrafik xüsusiyyətləri ilə bağlıdır: “Azərbaycan təxminən 10 ildə latın qrafikasına keçdi, hələ də türkiyə əlifbası ilə müəyyən fərqlər qalır. Özbəkistanda latın qrafikasına müəyyən səviyyədə keçilib. İctimai yerlərdə latın qrafikasından istifadə edilsə də, tam keçilməyib. Özbəklər “s” və “ş” səslərini bizdən fərqli olaraq ch, sh kimi yazırlar. Qazaxıstanda prosesin təmkinlə aparıldığını düşünürəm. Bir müddət əvvəl Qazaxıstandan gələn nümayəndə heyəti həm Azərbaycan, həm də Türkiyədə olub latın qrafikasına keçid təcrübəsini öyrəndilər. Bu ölkədə prosesin gecikməsi həm də çoxmillətli olması ilə bağlıdır. Düzdür, türk xalqlarının latın qrafikasına keçidində maneələr var idi. Lakin bütün dünyada türk xalqlarının bu prosesə keçid yolunu tutduğunu qəbul edirlər. Üstəlik, türkdilli xalqlar ötən əsrin 20-ci illərin əvvəlindən 30-cu illərin sonuna qədər latın qrafikasını qəbul etmişdilər. Lakin sonra birdən-birə kiril qrafikası tətbiq olundu. Ona görə türkdilli xalqların bu qrafikaya keçməsi labüddür. Həm də bu qrafikanın texniki imkanları genişdir”.

Millət vəkili Qazaxıstanın latın qrafikasına keçməsinin strateji əhəmiyyətə malik olduğunu deyir: “Bu qərar xeyli sayda türkdilli xalqların latın qrafikasına keçməsi üçün start rolunu oynyacaq. Çünki Azərbaycan, türkmən və türkiyə türkcəsi bir qrupa aiddir və onlar bir-birinə təsir edir. Özbəklərlə uyğurlar bir qrupdadır. Özbəklərdə bu qrafikaya keçid başa çatanda uyğurların da keçidi asanlaşa bilər. Lakin onların Çinin tərkibində olması prosesi çətinləşdirə bilər. Qazaxların bu qrafikaya keçməsi 10-dan çox türkdilli xalq üçün əhəmiyyətlidir, bu zaman Qırğız, tatar, başqırdlar üçün problem qalmayacaq. Qaraçaylar, kumıklar, noqaylar, qaraqalpaqların keçməsi üçün şərait yaradacaq”.

“Türkologiya” jurnalının şöbə müdiri Elçin İbrahimov türkdilli dövlət və muxtariyyətlər arasında son illər latın qrafikasına tam formada yalnız Azərbaycanın keçdiyini deyib: “Türkiyədə ötən əsrin 20-ci illərində qrafikanı dəyişib. Biz isə müstəqillikdən sonra bu qrafikaya keçdik, 10 il sonra tam şəkildə tətbiq etdik. Özbəkistan rəsmi şəkildə latın qrafikasına keçsə də, tam tətbiq edilmir. Qazaxıstanla, Qırğızıstan rəsmi şəkildə latın qrafikasına keçməyib. Bu ölkələrdə keçidin ləngiməsində siyasi səbəbləri ola bilər. Həmçinin qrafikanın dəyişməsi bir sıra çətinliklər də yaradır. Məsələn, bu gün Özbəkistan latın qrafikasına keçsə, kiril qrafikası ilə təhsil almış şəxslərə çətinliklər yaradacaq. Lakin qrafikanın dəyişməsi labüddür. Bu ləngimənin ölkələrin daxilində hər hansı problemlərlə bağlı olması da mümkündür. Həmçinin türkdilli ölkələrin dilçiləri arasında da bu məsələyə yanaşma fərqlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm