• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Bu il Xəzərin Azərbaycan sahillərində 21 çimərlik yaradılacaq

Bu il Xəzərin Azərbaycan sahillərində 21 çimərlik yaradılacaq

Aprelin 27-də Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Publika.az xəbər verir ki, tədbirdə Lənkəran şəhər, Masallı, Neftçala və Astara rayon icra hakimiyyətlərinin başçıları, Mədəniyyət və Turizm Nazirliyinin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açaraq bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı, eləcə də dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkə turizminin hərtərəfli inkişaf məsələləri əksini tapıb.

Qeyd olunub ki, “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisin gündəliyindədir və bu günlərdə müzakirə ediləcək. Qanunun qəbul olunması bu sahənin gələcək inkişafına öz müsbət təsirini göstərəcək.

Bildirilib ki, Azərbaycanda, digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də böyük potensial var.

Nazir Ə.Qarayev martın 30-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qəbul edilən sənəddə çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər əksini tapıb.

Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çimərlik turizminin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Bu istiqamətdə işlər davam etdiriləcək. Turizm sənayesinin inkişafında bu sahəyə aidiyyəti olan dövlət qurumlarının birgə fəaliyyət göstərməsi vacib məsələdir.

Nazir Ə.Qarayev ölkəmizdə mövcud olan çimərliklərin vəziyyətindən söz açaraq, bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda, təhlükəsizlik tədbirlərinə lazımı qaydada əməl olunmadığını bildirib. Diqqətə çatdırılıb ki, çimərlik turizmi ilə bağlı müvafiq standartlar hazırlanaraq təsdiq olunmaq üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edilib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliyin yaradılması planlaşdırılır.

Görüşdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov turizm sənayesinin inkişaf etdirilməsində bölgənin böyük potensialının olduğunu vurğulayaraq bildirib ki, hazırda Lənkəranın dənizsahili ərazilərində bir sıra çimərliklər fəaliyyət göstərir. Bu çimərliklərin mövcud standartlara çatdırılması istiqamətində birgə işlərin görülməsi vacibdir.

Digər çıxış edənlər də ölkədə çimərlik turizminin inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının qarşılıqlı fəaliyyət göstərməsinin zəruriliyini bildiriblər.

Nazir Əbülfəs Qarayev çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib. (AZƏRTAC)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR