Moskva görüşünün qapalı keçirilməsinin SİRRİ: Lavrov nazirlərə nə təqdim edib?
Bizi izləyin

Nida Xəbər

Moskva görüşünün qapalı keçirilməsinin SİRRİ: Lavrov nazirlərə nə təqdim edib?

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin Qarabağ görüşü başa çatdı. Görüş qapalı keçirilirdi və Minsk qrupunun həmsədrləri müəyyən məqamlarda bağlı qapılar arxasına buraxılırdı. Bu baxımdan, bağlı qapılar arxasında konkret nələrin müzakirə edildiyi, hansı razılıqların olduğu məlum deyil. Nazirlər “danışıqların davam etdirilməsi ilə bağlı razılıqlar var” deyə qısa bəyanat səsləndirdi. Lakin qapalı qapılar arxasında daha ciddi müzakirələrin getdiyi şübhəsizdir.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında Moskva görüşün şərh edib.

Onun fikrincə, Moskva görüşü Rusiyanın münaqişə ilə bağlı aparacağı danışıqların başlanğıcıdır: “Görüş yeni mərhələnin başlanmasıdır. Lakin orada konkret hansısa razılaşmalardan söhbət gedə bilməz. Burada daha çox gələcəkdə prezidentlərin görüşü ilə bağlı müzakirələr aparılıb. Həmçinin, müzakirələrdə Qarabağ ətrafındakı rayonların boşladılması məsələsi də qaldırılıb. Təbii ki, bu, yalnız “mərhələli həll” variantı ilə mümkündür”.

N.Miri qeyd edib ki, Ermənistanda seçkilər başa çatıb və Serj Sarkisyanın Rusiyanın dəstəyi ilə istədiyi hökuməti formalaşdırıb.

“Bundan sonra Ermənistanın danışıqlar masasına gəlməməsinə səbəb yoxdur. Əks təqdirdə müharibə olacaq və bu, nə Ermənistana nə də Rusiyaya sərf edir”, - deyə o bildirib.

Politoloqa görə, Moskva görüşü Rusiyanın prosesi təkbaşına yürütmək istəyini bir daha ortaya qoydu: “Həmsədrlərin ora dəvəti isə sadəcə görüntü yaratmaqdır. Həmsədrlər qapalı danışıqların müəyyən hissəsində içəri dəvət olunublar. Güman ki, qapalı görüşdə Lavrov nazirlərə hansısa həll modelini təklif edib. Sankt-Peterburq görüşündə “Kazan düsturu” var idi. Bu, “Madrid prinsipləri”nin yenilənmiş formasıdır və “mərhələli həll”i əsas götürür. Ermənistan isə hər şeyin eyni anda, yəni Qarabağın statusu ilə ətraf rayonların qaytarılmasının eyni vaxtda baş tutmasını istəyir. Bu ilin əvvəlində Lavrov da eyni şeyi dilə gətirmişdi. Lakin Bakı buna razı deyil”.

N.Miri görüşün qapalı keçirilməsinin digər səbəbini Ermənistanın ictimai rəyinə hesablanması ilə əlaqələndirib.

“Ermənistanda vəziyyət o qədər də ürəkaçan deyil. Rusiya istəmir ki, ermənilərin gözündə anti-Ermənistan imici olsun. Rusiya həmçinin, danışıqları başlayaraq, müharibə variantını ikinci plana da salır. Çünki heç nə etməsə ya müharibə olacaq, yaxud da digər həmsədr ölkə prosesi nəzarətə götürəcək. Suriya cəbhəsində bu, baş verdi. Amerika Suriyanı bombalamaqla bütün geosiyasi vəziyyəti dəyişdirdi. Moskvanı narahat edən məsələlərdən biri də Vaşinqtonun Qafqaz cəbhəsində aktivləşməsidir. Bu baxımdan, Qarabağ danışıqlarını yenidən aktivləşdirməklə, ABŞ-ın prosesə daxil olmasının qarşısını aldı. Bununla həm də zaman qazandı. Lakin bir şey dəqiqdir ki, Azərbaycan daha nəticəsiz danışıqlarda uzun müddət olmayacaq”, - deyə o diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm