IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı
Bizi izləyin

Nida Xəbər

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

Bu gün Bakıda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, bağlanış mərasimində çıxış edən YUNESKO-nun baş direktoru İrina Bokova forumun çox səmərəli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, forumda çox vacib məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparıldı: “Biz müzakirələr zamanı dünyanı narahat edən problemlərin həlli yollarını axtardıq. Ümid edirəm ki, müzakirə olunan məsələlərin həlli istiqamətində lazımi işlər görüləcək. Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan dünyada sülhün bərqərar olmasına, ekstremizmə qarşı mübarizəyə mühüm töhfə verir. Bu forum da Azərbaycanın növbəti töhfəsi idi. Mən forumu optimizimlə tərk edirəm. Bundan sonra sülhü bərqərar etmək üçün daha çox çalışmalıyıq".

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycana bu mühüm tədbiri təşkil etdiyinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda mədəniyyətlərarası dialoq getdikcə öz əhəmiyyətini daha da artırır: “Çünki problemlərin həlli mədəniyyətlərin yaxınlaşması ilə tapıla bilər. Azərbaycan bu sahədə özünün saiqliyini nümayiş etdirir. Forumda dünyada sülhün necə bərqərar olması ilə bağlı fikir mübadiləsi aparıldı. Bundan sonra qarşımızda duran əsas məsələ forumda müzakirə edilən mövzuların həyata keçirilməsidir. Biz bundan sonra da Azərbaycan ilə səmərəli əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik”.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri də forumun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli keçdiyini qeyd edib: “Forum ərzində çox səmərəli günlər keçirdik. Azərbaycan forumu çox yüksək səviyyədə təşkil etmişdi. Buna görə Azərbaycana və eyni zamanda forumun həmtəşkilatçılarına təşəkkürümü bildirirəm. Bu cür tədbirlər insanların təhlükəsizliyinə, əmin-amanlığına, dünyada sülhün və sabitliyin bərqərar olmasına xidmət edir. 4-cü dəfə keçirilən bu forum artıq bir brendə çevrilib. İştirakçıların hər biri forumun uğurla başa çatmasına çalışdı. Hər birinizə təşəkkür edirəm”.

Ümumdünya Turizm Təşkilatının baş katibi Talib Rifai də qeyd edib ki, Azərbaycanın ev sahiliyi etdiyi bu forum artıq bir ənənəyə çevrilib: “Biz düzgün yerdə, düzgün vaxtda və düzgün mövzuları müzakirə etdik. Biz vaxtımızı boş yerə keçirmədik. Səmərəli müzakirələr apardıq, problemlərin həlli yollarını tapmağa çalışdıq. Ancaq biz bununla məhdudlaşmamalıyıq. Burada müzakirə olunan məsələlərin həyata keçirilməsi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Azərbaycana təşəkkür edirik ki, belə bir tədbirə ev sahibliyi etdi və iştirakçılara belə gözəl şərait yaratdı. Azərbaycan çox gözəl ölkədir və xalqı da qonaqpərvərdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm