“İçərimizdə ermənilərlə əlaqəsi olan anti-milli qüvvələr var” - Deputat
Bizi izləyin

Nida Xəbər

“İçərimizdə ermənilərlə əlaqəsi olan anti-milli qüvvələr var” - Deputat

“Gürcüstan və Azərbaycan arasında mövcud olan əlaqələr bütün sahələrdə sıx inkişaf edir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov bildirib.

E.Məmmədov deyib ki, iki ölkə münasibətləri haqqında radikal müxalifət tərəfindən söylənilən bəzi ifadələr hər zamankı kimi yenə də iflasa uğrayan, puça düçar olan fikirlərdir: “Bu cür qarayaxma kampaniyaları və şər-böhtan xarakterli fikirlər iki ölkə münasibətlərinə heç bir təsir göstərə bilməz. Bu gün Gürcüstanda kifayət qədər erməni yaşayır. Hətta, ötən əsrin əvvəlləri adları və soyadlarını dəyişərək, Gürcüstana gələn ermənilər bu gün bu ölkənin dövlət qurumlarında özlərinə yer tapıblar. Hazırda xeyli sayda erməni Gürcüstanın ayrı-ayrı dövlət qurumlarında məsul vəzifələr tuturlar. Onlar erməniliklərini saxlayırlar, ancaq özlərini gürcü kimi təqdim edirlər. Gürcüstanda erməni adı ilə fəaliyyət göstərən təşkilatların da sayı çoxdur”.

Deputat qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri 20 il bundan öncə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə yaxşılaşmağa başlayıb: “Həmin dövrdə də ermənilər Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışıb. Ancaq buna nail ola bilməyiblər. Bu gün isə içərimizdə ermənilərlə əlaqəsi olan anti-milli qüvvələr var. Yadınıza gəlirsə, hələ bir neçə il öncə Azərbaycan müxalifətçilərinin Gürcüstanda ermənipərəst qüvvələrdən pul almasını əks etdirən görüntülər üzə çıxmışdı. Əminəm ki, Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı məsələlər də oxşardır. Onlar da bu cür məsələlərə görə ifşa olunublar”.

E.Məmmədov vurğulayıb ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmaması üçün müvafiq qurumlar kifayət qədər ayıq-sayıqdır: “Ona görə də bu istiqamətdə lazımi tədbirlər görülür. Bu cür kiçik dedi-qodularla da Gürcüstan-Azərbaycan münasibətlərinin pozulması qeyri-mümkündür”.

E.Məmmədov söyləyib ki, Qərbin pozucu qüvvələrinin Gürcüstan ərazisində meydanları genişdir:

“Vaxtilə həmin qüvvələr tərəfindən müxtəlif ölkələrdə təxribatlar törətmək və təzyiq göstərmək üçün maliyyə vəsaitlərinin ötürülməsində Gürcüstan ərazisindən istifadə olunub. Həmin qüvvələr qonşu dövlətlərə təsir göstərmək üçün öz imkanlarını bu gün də özlərində saxlayırlar. Onlar dövlətçiliyə ziyan vura biləcək şəxsləri tapıb, onları himayə edərək, istifadə edirlər. Bütün bunlar həqiqətdir. Hesab edirəm ki, müvafiq qurumlar bu cür halların qarşısını alır və bundan sonra da alacaq”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm