Cocuq Mərcanlıda minalar belə təmizlənir - REPORTAJ - - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Cocuq Mərcanlıda minalar belə təmizlənir - REPORTAJ - - FOTO/VİDEO

Əməkdaşlar gücləndirilmiş iş rejimində işləyir.

Cəbrayıl rayonunun Azərbaycan Ordusunun nəzarətindəki yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 5-də həyata keçirilən uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Horadiz əməliyyatından 22 il sonra – 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpaq, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Prezident İlham Əliyevin “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamına müvafiq olaraq, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən ərazinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsinə başlanıldı.

ANAMA mütəxəssisləri tərəfindən 100 gündən artıq müddət ərzində aparılan əməliyyatları “AzeriDefence” olaraq bir gün yerindəcə müşahidə etmək imkanı əldə etdik.

ANAMA-nın Füzuli Regional Bazasında toplaşan humanitar minaaxtaran qruplar üçün 06:30-dan 07:00 qədər səhər yeməyi vaxtıdır. Bundan sonra, sıra baxışı keçirilir və bütün təchizatla tam təmin olunan işçilər sahəyə yollanır. 08:00-da sahədə olan bölmə rəhbərləri işə başlamaları ilə əlaqədar Əməliyyat Şöbəsinə məlumat verir.

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq iş saatları dəyişir. Hazırda ANAMA-da işlər 08:00-da başlayır. Yay aylarında isə bu vaxt 07:00 keçirilir. Hazır nahar yeməyi sahəyə gəlir, o zaman isə səhər yeməyi də sahəyə gətiriləcək.

İş qrafikasında ilk olaraq inzibati ərazidə minaaxtaran aparatlar test edilir. Sonra işçilərə brifinq verilir, sahədə görüləcək işlərdən danışılır, təhlükəsizlik qaydaları diqqətə çatdırılır. Sonuncu olduqca vacib – minaaxtaran üçün həyati əhəmiyyətlidir. Əbəs yerə demirlər ki, “minaaxtaran ömründə bir dəfə səhv edir”.

Daha sonra, işçilər qruplar üzrə ayrılan sahələrdə əməliyyatlara başlayırlar. 45 dəqiqədən bir 15 dəqiqəlik fasilə verilir. Ağır qoruyucu geyimdə, üzü-gözü qapayan qoruyucu baş geyimində çalışmaq həqiqətən də çətindir.

Sahədə söhbət etdiyimiz ANAMA-nın nümayəndələri qeyd edirlər ki, Cocuq Mərcanlı əməliyyatları xüsusi dövlət tapşırığı, təxirəsalınmaz əməliyyatlar olduğu üçün əməkdaşlar gücləndirilmiş iş rejimində işləyir. 16:00-da iş vaxtı qurtardıqdan sonra, gücləndirilmiş iş rejimində işləyən digər heyət saat 20:00 qədər əməliyyatları davam etdirir. Daha sonra, işçilər şam yeməyi üçün Horadiz Bazasına yollanırlar. Cocuq Mərcanlı kəndini mina və partlamamış hərbi sursatlardan təmizləyən ANAMA işlçilərinin əksəriyyəti yerli Füzuli rayon sakinləri olduğu üçün hər gün iş saatı bitdikdən sonra öz evlərinə dönürlər.

Cocuq Mərcanlı kəndində ərazinin tanınması üçün müxtəlif rəngli dirəklərlə işarələnib. İşarələnmə sahə daxili təmizləmələrdə beş metr, minaaxtaranın iş xəttində isə bir metr ara məsafəsiylə düzülür. Əməliyyatın başlanması və sona yetirilməsi üçün bir metr enində, 10 metr uzunluğunda sarı rəngli payalar döşənir, ağ rəng təhlükəsiz, qırmızı rəng təhlükəli ərazini bildirir. Mina və ya PHS zərəsizləşdirildikdən sonra yerinə göy rəngli paya vurulur. MAİ qrupunun əməliyyatı zamanı itin otuduğu yerə qara rəngli paya vurulur.

Qeyd edək ki, Cocuq Mərcanlı döyüş mövqeyində olduğu üçün intensiv atışmalar gedib. Daha sonra Azərbaycan Ordusu mövqelərini irəli çəkdiyi üçün həmin ərazilərdə çox saylı mina xəttləri aşkarlanıb.

ANAMA-nın sahə üzrə meneceri Habil Babayev deyir ki, bütün ərazilər minalanmış sahə sayılmır. Ərazilər kateqoriyalara ayrılır. Əvvəlcə kəşfiyyat qrupu ərazi ilə bağlı sorğu aparır, ərazidə yalnız döyüş gedibsə, mina və partlayışlar olmayıbsa, əhali tərəfindən müəyyən vaxt istifadə olunubsa həmin ərazi döyüş ərazisi kimi qəbul olunur. Ərazidə yerə taxılan 1,2 sm göy rəngli paya döyüş ərazilərinin təmizlənməsində istifadə olunur. Həmin döyüş ərazisində yer üzərinə atılan sursat qalıqlarının axtarılması üçün gözlə-vizual baxış keçirilir. Kəşfiyyat qrupunun araşdırması nəticəsində ərazidə mina aşkar olunubsa, insident baş veribsə, xəsarət alan varsa həmin ərazi mina sahəsi kimi qəbul olunaraq lazım olan texnika və avadanlıqlarla təmizlənir.

Minatəmizləməyə robot maşınlar cəlb olunub

Cocuq Mərcanlıda əməliyyatlar mina təmizləyən maşınlar, mina axtaran itlər və minaaxtaran detektorın tətbiqi ilə həyata keçirilir. Hazırda əməliyyatlarda Slovakiyanın “Way Industry” şirkətinin istehsalı olan iki ədəd “Bozena-4”, iki ədəd “Bozena-5” və Xorvatiyanın “Dok-İng” şirkətinin istehsalı olan bir ədəd MV-4 maşını olmaqla, 5 ədəd xüsusi təyinatlı mexaniki minatəmizləmə robotundan istifadə olunur. Əllə minatəmizləmə əməliyyatlarında Almaniya və Avstraliya istehsalı olan “Vallon” və “Minelab” şirkətinin mina detektorlarından istifadə olunur. Əməliyyatlara mina axtaran itlər (MAİ) qrupunun 32 iti cəlb olunaraq növbəli şəkildə əməliyyatlarda iştirak edir. Bundan başqa əməliyyatlarda “Schonstedt” və “Ferex” maqnit lokatorları tətbiq olunur. Həmçinin bütün heyət yüksək qorumaya malik qoruyucu geyimlərlə təchiz edilib.

İtlər və maşınlar minaaxtarma əməliyyatlarına köməkçi bir vasitə hesab olunur. Mütəxəssislər bu vasitələrdən istifadə edərək, kol, ağac və digər sahələri minalardan təmizləyirlər. Maşınlardan istifadə olunaraq, ərazi insan müdaxiləsinə müəyyən qədər təhlükəsiz hala gətirilir. Maşınlar minanı götürmür, toxmaqlar vasitəsiylə yeri döyürlər, həmin partlayıcı maddələr torpaqda qalır, bundan sonra da tam təhlükəsiz hesab olunmayan yerlər itlər və əl vasitələri ilə yoxlanılır, tapılan mina, hərbi sursat və onun qalıqları sahələrdən təmizlənir. Bilinəndəki hansısa ərazidən mina xətti keçir, həmin əraziyə minaaxtaran maşınlar buraxılmır.

Mexaniki təmizləmə qrupunun bölmə rəhbəri Malik Əsədov işlətdiyi MV-4 maşını barədə məlumat verib: “Hazırda işlətdiyim MV-4 maşını piyada əleyhinə minaları partlatmaq üçün təyin edilib. Maşın minaaxtaran qrupun girə bilmədiyi böyük kol və ağaclıqlarda təmizləmə işlərin həyata keçirir. Meşə və kolluq ərazilərdə əllə təmizləmə prosesi çox ləng gedir. maşınların köməyindən istifadə edəndə işin sürəti və keyfiyyəti artır. Maşın Cocuq Mərcanlıda olan kanalları, uçurulan evlərin, səngər ətrafını və içərisini relyefdən aslı olaraq 20-35 sm dərinlikdə təmizləyir”.

M.Əsədov qeyd edib ki, Cocuq Mərcanlı layihəsi işlərin sürəti, mina və PHS-lərin sayının çoxluğu ilə digərlərindən fərqlənir: “Həftə ərzində tapılan mina və PHS-lər toplanaraq mütəxəssislər tərəfində məhv edilir. Bundan başqa belə sıxlıq meşəlik ərazidə işləməmişdik. Bü çür relyefdə işləmək texnikanı tez-tez sıradan çıxarır. Texnikanın hissələrinin dəyişilməsi də vaxt aparır. Maşının demək olar ki, əsas işi mina xəttin tapmasıdır. Mina xətti tapıldıqdan sonra, yerdə qalan hissə əl axtarışı ilə həyata keçirilir. Mina təmizləmə maşınlar minimum 50 metrdən idarə olunur. Texnikanın idarə etmə radiusu isə 500 metrdir. Humanitar minaaxtaran qruplar ilə arda saxlanılan məsafə 200, digər şəxslərlə olan məsafə isə 250 metrdir. Maşın arxadan idarə olunur, partlayış isə olur qabaqda. Buna görə də partlayış nəticəsində qəlpələr idarə edənə təhlükə törətmir. Olub ki, partlayış nəticəsində texnikanın çəkici yerindən çıxaraq qoruyucunun üzərindən ayağıma dəyib. Məsafə uzaq olduğu üçün xəsarət yetirməyib”.

Mütəxəssislər deyirlər ki, Cocuq Mərcanlı əməliyyatları texnikanın ən vacib təmizləmə vasitələrindən biri olduğunu göstərib. Texnika vasitəsiylə yoxlanılan ərazilərdə daha sonra, itlərin dəstəyi ilə keyfiyyət yoxlaması aparılır. Bu zaman da mina və PHS aşkar olunarsa, mütəxəssislər tərəfindən zərərsizləşdirilir.

Minaaxtaran itlərin də köməyi böyükdür

MAİ əməliyyat meniceri Elşən Nəsirov bildirib ki, Cocuq Mərcanlı əməliyyatlarına MAİ-lərin dəstəyi ilə mexaniki təmizləmə və təmizləmə əməliyyatları aparılır: “Əməliyyatlara 32 MAİ cəlb olunsa da, iş prosesindən asılı olaraq 15-20 gündən bir MAİ-lərin sayı 35-40 çatır. Hazırda 8 MAİ-nin dəstəyi ilə əməliyyatlarda iştirak edirik. İşlənilən mexaniki ərazidə MAİ-nin təmizlənməsi həyata keçirilir, bir həftə sonra isə MAİ həmin ərazini mina və PHS-dən təmizləyir. Daha sonra həmin əraziyə xarici keyfiyyət yoxlaması gəlir, bu yoxlamadan sonra ərazi tam təhlükəsiz hesab olunur.

Qeyd edək ki, ANAMA MAİ-lərin yetişdirilməsi ilə də məşğul olur. Itlər küçük vəziyyətində Xanlar bazasında yetişdirilir, xaricdən gətirilən yemlərlə gün ərzində bir dəfə yemlənir. Əməliyyata yararlı olduqdan sonra, Horadiz bazasında təlimlərə cəlb olunur. Təlimlərdən sonra imtahandan keçən itlər əməliyyatlara cəlb olunur.

Mexaniki təmizləmə və MAİ qrupu minaaxtaran qrupa dəstək kimi iştirak edir. Bütün ərazilərdə əməliyyatı minaaxtaran qrupu aparır. Humanitar minaaxtaran qrup əməliyyata başlamazdan əvvəl əraziyə baxış keçirir. Sonra 60 sm-lik sarı paya iş xəttinin yanına vuraraq əməliyyata başlayır. Əməliyyat prosesində siqnal gəldikdə həmin yer ağ üzlü işarə ilə işarələnir və qazıntı aparılır. Həmin yerdə hərbi sursat aşkar olunarsa, qırmızı işarə ilə işarələnir və şuplanır. Sonra bununla bağlı bölmə rəhbərinə məlumat verən minaaxtaranın işi qurtarır. Daha sonra tapıntı yerinə gələn digər qrup mina və PHS-ləri götürülməsi mümkündürsə kənarda, götürülməsi mümkün deyilsə yerindəcə zərərsizləşdirir. Əməliyyatlarda minaaxtaran dedektorlardan istifadə olunur ki, bu avadanlıqlar da işdən əvvəl olduğu kimi fasilə vaxtları və işdən sonra da test olunur. Hər hansı nasazlıq müşahidə olunduqda əməliyyata buraxılmır, saz vəziyyətdə olan avadanlıqların səhv eləmə ehtimalı sıfıra bərabərdir.

Baza gücləndirilmiş rejimdə işləyir

ANAMA-nın Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, mina “gizli qatildi”, harda, nə vaxt, necə qarşına çıxacağı bilinmir: “Minaaxtarma əməliyyatları ilə məşğul olduğumuz üçün hər an təhlükə ola bilər. Bunun üçün də hansı sahədə işləməyindən aslı olmayaraq tibbi personal işçiləri əhatə edir. Cocuq Mərcanlıda mina və partlamamış hərbi sursatla bağlı təhlükəli an və ya bədbəxt hadisə yaşanmayıb. ANAMA standartlarına görə, humanitar minaaxtaran mütəxəssislər üçün torpağa mm-lərlə müdaxilə olunduğu üçün, ona keçirilən təlimlərə riayyət edərdsə, istifadə edilən avadanlıqların təlimatına uyğun çalışarsa təhlükəli hadisə ilə qarşılaşmaz”.

F.Mahmudov qeyd edib ki, Cocuq Mərcanlıda qış aylarında, havaların sərt keçməsinə baxmayaraq təxminən bir ay ərzində gücləndirilmiş iş rejimində işləyən ANAMA mütəxəssisləri tərəfindən ilkin olaraq 50 evin tikilməsi üçün 110 000 kv/metr ərazi tam təhlükəsiz şəraitdə təmizlənib. Çox saylı mina və PHS aşkar olunaraq partlayış yolu ilə məhv edilib və təmizlənmiş ərazi tikinti şirkətlərinə təhvil verilib. Eyni zamanda Horadiz şəhərindən Cocuq Mərcanlıya çəkilən 4 km-lik avtomobil yolu da lazım olan dərinliyə qədər təmizlənib. Avtomobil yolunun və 50 evlik qəsəbənin tikintisi artıq başa çatıb.

“Yaxın gələcəkdə qəsəbələrin salınması nəzərdə tutulan ərazilərin də təmizlənməsini həyata keçirdik. Hazırda Çocuq Mərcanlı kəndinin sakinləri üçün əkin, otlaq sahələrinin təmizlənməsi ilə məşğuluq. Təxminən 280 000 kv/metr ərazinin təmizlənməsi ANAMA-ya tapşırılıb. Hazırda son 50 000 kv/metr ərazinin təmizlənməsi əməliyyatları keçirilir. 230 000 kv/metr ərazi tərəfimizdən tam olaraq təmizlənib, hazırda sonuncu keyfiyyət yoxlamaları aparılır. Biz yaxın günlərdə həmin 50 000 kv/metr ərzinin tam olaraq təmizlənməsini nəzərdə tuturuq. İşimizdə elə də asanlıq olmadı. Həm bitki örtüyü, həm də Cocuq Mərcanlı kəndinin ərazisinin xeyli hissəsinin qrunt suları ilə əhatə olunması işimizə bəzi çətinliklər yaratdı. Cocuq Mərcanlı kəndindən keçən, vaxtı ilə ermənilər tərəfindən bastırılmış mina xətti aşkar olundu. Həmin mina xətti daxili kod nömrələri ilə işarələdiyimiz Cocuq Mərcanlı 0202 ərazisindən bu günə qədər 200 dən artıq mina və PHS aşkar olunub, təhlükəsiz şəkildə götürülərək partlayış yolu ilə məhv olunub. ANAMA direktorunun verdiyi əmrə əsasən Cocuq Mərcanlı əməliyyatlarında əməkdaşlarımız sona qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Tez bir zamanda qalan əraziləri də tam təhlükəsiz şəkildə təmizləyərək yerli sakinlərin öhtəsinə verməyi planlaşdırırıq”, – deyə F. Mahmudov vurğulayıb.

Cocuq Mərcanlı kəndində əldə etdikləri təcrübələrdən danışan F. Mahmudov bildirib ki, əməliyyatların təxirəsalınmazlığını nəzərə alaraq istənilən hava şəraitində, iş saatından əlavə işləməyi öyrəniblər.Mahmudov qeyd edib ki, ərazidən mina xətti keçirsə əməliyyatlar istər-istəməz ləngiyir: “real mina xəttində təcrübə və biliklərimizdən istifadə edərək, işin ləngiməməsi üçün sahəni bir qayda olaraq protetlərə böldük. Mina xətti keçən sahəyə işçilər ayırdıq ki, orda nə qədər ləng iş getsə də, proteti o əraziyə nisbətən az olan sahələrdə bir qədər iş surətlə aparılsın. Bunlar bizə təcrübəmizin daha da genişlənməsinə zəmin yaratdı. Artıq bundan sonra əminliklə deyə bilərəm ki, ANAMA humanitar təşkilat olaraq istər Azərbaycan daxilində istərsə də xarici dövlətlərdə istənilən çətin layihənin öhdəsindən gəlməyi bacararıq. İnanırıq ki bundan sonra da bu cür layihələri işğaldan azad olacaq ərazilərimizdə həyata keçirəcəyik”.

Sahələr üzrə əməliyyat meniceri Habil Babayev də Cocuq Mərcanlıda görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, ANAMA digər regionlarıda əməliyyatları məhdudlaşdırılaraq, əsas gücü Cocuq Mərcanlı əməliyyatlarına yönəldib: “Hazırda 500 000 kv/metrə yaxın qalan ərazilərdə əməliyyatlar gedir. Bu ərazilərin də iyunun sonuna qədər tam təmizlənərək sakinlərin ixtiyarına veilməsi nəzərdə tutulur. Cocuq Mərcanlı ANAMA üçün gözlənilməz bir əməliyyat olub. ANAMA ilk dəfə olaraq kənd daxilində uçqun evlərin arasında, meşəlikdə əməliyyatlar həyata keçirdi. Dövlət tapşırığı olduğu üçün ərazilər sürətli təmizlənməli idi. Bunun üçün də insanlar normal halda 8 saat deyil, şənbə, bazar günü də daxil olmaqla 12 saat işləyib. Buna baxmayaraq əməkdaşlarımız bunu bacardılar. Elə mina xətti oldu ki, yüzlərlə mina çıxarıldı. ANAMA təcrübəsində ilk dəfə idi ki, piyada və tank əleyhinə bu qədər mina xətti aşkar olundu. Bu günə qədər heç bir hadisə baş verməyib. Cocuq Mərcanlı bizim üçün əhəmiyyətli bir iş oldu. Birinci kənd idi ki, işğaldan azad olduğu üçün bu qədər sürətli iş aparıldı. Bundan sonra Azərbaycan Ordusu işğal olunmuş ərazilərini geri aldıqda ANAMA olaraq sürətli əməliyyalar aparılması üçün təcrübə qazandıq. Fəaliyyəti necə qurmaq lazım olduğunu bu ərazilərdə mənimsədik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm