Həmsədrlərin uzun fasiləli səfəri nəyə işarədir? - RƏYLƏR
Bizi izləyin

Nida Xəbər

Həmsədrlərin uzun fasiləli səfəri nəyə işarədir? - RƏYLƏR

"Ortada heç bir ciddi nəticə olmayacaq".

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaiqşəsinin həlli üçün regiona səfər çərçivəsində iyunun 10-da İrəvana getmişdi. İyunun 19-da Bakıya gələcəkləri gözlənilən həmsədrlərin nəyə görə bu dəfə iki səfər arasında bu qədər uzun vaxt intervalı qoyması maraq doğurur. Adətən İrəvan və Bakıya ardıcıl günlərdə gələn Minsk qrupunun bu addımının məhz iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum çıxışından sonra olması da bəzi müzakirələrə səbəb olub. Belə ki, Kalininqrad şəhərində Baltik Universitetinin tələbələri ilə görüş zamanı Lavrov Qarabağ probleminin tənzimlənməsi üzrə danışıqlarda ümumi prinsiplərin razılaşdırıldığını, lakin xırda, eyni zamanda çox önəmli detallar üzrə razılıq əldə edilmədiyini bildirmişdi.

Məsələ ilə bağlı danışan siyasi ekspert Qabil Hüseynli İrəvan və Bakı səfərləri arasındakı vaxt çoxluğunu belə dəyərləndirib:

“Minsk qrupu prosesdən çox uzaq düşüb. Son vaxtlar Minsk qrupunun fəaliyyətinə xitam verilməsi kimi fikirlər səslənir. ABŞ tərəfi Minsk qrupunun fəallaşdırılması üzərində düşünür. Fransada yeni prezident seçildikdən sonra bu məsələyə diqqət artıb. Düzdür, deməzdim ki, bu diqqət obyektivləşib, amma hər halda yeni prezident daha fəal görünür. Rusiyanın da son vaxtlar ciddi beynəlxalq problemləri yaranıb. Bütün bunları nəzərə alsaq, Minsk qrupu fəallıq nümayiş etdirməyə çalışır”.

Siyasi ekspert Natiq Miri isə hədəfin Azərbaycan üçün heç cür anlaşılan olmadığını deyib:

“Əvvəla həmsədrlərin regiona səfərinə baxmaq lazımdır. Onların açıqlamalarına inansaq, bu dəfəki səfəri cəbhədəki vəziyyəti öyrənməklə əlaqələndirməliyik. Lakin hədəf Azərbaycan üçün heç cür anlaşılan deyil. 24 ildi həmsədrlər vəziyyətin necə olacağını dəqiqləşdirə bilməyiblərsə və hələ də regiona səfər edirlərsə, bu Minsk qrupunun fəaliyyətsizliyinin bariz nümunəsidir. İstənilən halda bu səfərdən də ciddi bir nəticə gözləmək əbəsdir. Çünki hər hansı təkliflər paketi mövcud deyil. Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov da söylədi. Artıq Ermənistan rəhbərliyi Madrid prinsiplərinin müzakirəsini sabotaj edir. Minsk qrupu tərəfindən Ermənistana heç bir təzyiq olunmur. Belə olan halda bu cür səfərlərdən nəsə gözləmək doğru deyil. İndi artıq Azərbaycan bu münaqişə üçün cızılan dairədən kənara çıxmalıdır. Bizim üçün yaradılan prosesin arxasınca sürünsək, növbəti 24 il də bu cür səfərlərlə müşaiyət olunacaq ki, ortada heç bir ciddi nəticə olmayacaq".

Ekspertlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncə Minks qrupunun aciz fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirləri də şərh edib. Qabil Hüseynli qardaş ölkə rəhbərinin fikirlərinin tamamilə düzgün olduğunu bildirib:

“Minsk qrupu üzərinə hər hansı öhdəlik götürmür və səlahiyyətləri də azdır. Amma Rusiyanın bu qrupda olması Minsk qrupunun fəaliyyətini tamamilə buxovlayır. Ərdoğanın fikri ilə razıyam. Minsk qrupunun fəaliyyəti ölmüş vəziyyətdədir”.

Natiq Miri isə Ərdoğanın bəyanatındakı “acizlik” ifadəsi ilə razılaşmadığını bildirib:

“Minsk qrupu bu problem həll etməkdə acizdir. Ancaq əslində aciz deyil. Sadəcə olaraq, həmsədr dövlətlər Dağlıq Qarabağ problemini Azərbaycanın hesabına həll etmək istəyirlər. Ona görə problem 24 ildi uzanır. Nədənsə postsovet məkanında olan bütün münaqişələrə beynəlxalq hüquq çərçivəsində yanaşılır. Lakin Azərbaycana gələndə bu hüquqlar işləmir.

Odur ki, Minsk qrupunun fəaliyyətini acizlik yox, Dağlıq Qarabağa müstəqillik qazandırmaq istəyi ilə bağlamaq lazımdır. Bütün xristian dünyası və beynəlxalq təşkilatlar Dağlıq Qarabağa müstəqillik istəyir ki, bunu da Azərbaycan dövləti vermir”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm