Azərbaycanda 139 adda qanunsuz dini ədəbiyyat aşkarlandı
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda 139 adda qanunsuz dini ədəbiyyat aşkarlandı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda çıxış edən komitə sədri Mübariz Qurbanlı bildirib ki, Komitənin əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etmək, dini qurumları dövlət qeydiyyatına almaq, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində dini maarifləndirmə işini təşkil etmək, dini qurumlarla əməkdaşlığı genişləndirmək, Azərbaycanın zəngin multikultural ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ etmək istiqamətində olub.

“Eyni zamanda Dövlət Komitəsi fəaliyyətini aidiyyəti orqanlarla koordinasiya edərək, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət qurumları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və başqa dini mərkəzlərlə yaxından əməkdaşlıq edib. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan milli-mənəvi dəyərlərimizin təbliğinə dövlət qayğısını önə çəkən Komitə sədri bildirib ki, ilin 6 ayı ərzində ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına müvafiq olaraq bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib.

Komitə sədrinin müavini Səyyad Salahlı isə bildirib ki, ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə, 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib. Qeyd olunub ki, 2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır. Hesabat dövründə respublikada dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin izlənilməsi, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb. Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

Ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilib. Ümumilikdə idxalla bağlı 2017-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm