Los Ancelesli yepiskop Zəhraya görə Sarkisyana məktub göndərdi
Bizi izləyin

Nida Xəbər

Los Ancelesli yepiskop Zəhraya görə Sarkisyana məktub göndərdi

Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini iyul ayının 4-də atəşə tutması nəticəsində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı Los Ancelesdə fəaliyyət göstərən “Churches in Action” (Hərəkətdə olan Kilsələr) təşkilatının və Los Anceles Dinlərarası Şurasının sədri, ABŞ-da və dünyanın müxtəlif yerlərində 40-dan çox kilsənin yaradıcısı, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.

Bu barədə Publika.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məktubda X.K.Mendez qeyd edir ki, ABŞ-da 4 iyul Müstəqillik Gününün qeyd olunduğu bir gündə Ermənistan ordusu tərəfindən Azərbaycanın mülki vətəndaşlarının, xüsusilə balaca Zəhranın öldürülməsi xəbəri onu çox sarsıdıb. Dünyanın müxtəlif bölgələrində mülki şəxslərə qarşı törədilən vəhşiliklərin davam etməsinin, hətta bəzi yerlərdə gündəlik normaya çevrilməsini ürək ağrısı ilə qeyd edən yepiskop, bunun tamamilə qəbuledilməz olduğunu vurğulayır.

X.K.Mendez vurğulayır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanılmasının davam etdirilməsi, bu işğal nəticəsində öz yurd-yuvalarından didərgin salınmış və malik olduqları hər şeydən məhrum edilmiş minlərlə azərbaycanlının əzab və iztirabının əsas səbəbidir. O qeyd edir ki, bu işğal və ədalətsizlik davam etdikcə daha çox insanlar əzab çəkməkdə davam edəcək və bu faciəvi münaqişənin qurbanları olacaqlar.

Yepiskop Mendez Los Ancelesdə fəaliyyət göstərən xristian din xadimi kimi daim Bibliyanın dediklərini insanlara öyrətməyə çalışdığını qeyd edir və bu səpkidə Bibliyadan sitat gətirir: “Məsum və günahsızları öldürmə, çünki mən günahkarları əfv etməyəcəm” (Exodus 23:7).

Mendez Ermənistan prezidentinin diqqətinə çatdırır ki, günahsız mülki şəxslərin öldürülməsi nəinki beynəlxalq hüquq normalarına, həmçinin xristianlığın əsas prinsiplərinə ziddir. Yepiskop, öz xristianlığı ilə fəxr edən Ermənistan və onun rəhbərliyinin bu xristian prinsiplərinə riayət etməyin məsuliyyətini dərk edə bilməsinə ümidvar olduğunu bildirir.

Sonda X.K.Mendez Los Ancelesdə fəaliyyət göstərən müxtəlif dinləri birləşdirən Los Anceles Dinlərarası Şurası adından və şəxsən öz adından Ermənistan prezidentinə müraciət edərək, ondan bu cinayəti qətiyyətlə pisləməyi və bu qətli törədənləri müəyyənləşdirərək onların cəzalandırılmasını tələb edir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm