“Prezidentin bu addımının dünyada bənzəri yoxdur” - MİLLƏT VƏKİLLƏRİ
Bizi izləyin

Nida Xəbər

“Prezidentin bu addımının dünyada bənzəri yoxdur” - MİLLƏT VƏKİLLƏRİ

Milli Mətbuat günü ərəfəsində illərdir bu sahədə çalışan 255 jurnalistə mənzil verilməsi Prezident İlham Əliyevin mediaya diqqətinin daha bir göstəricisi oldu. 255 jurnalist ailəsində misli olmayan sevinci yaşandı. Dövlət başçısının uzun illərdir ki, çətin şəraitdə yaşayan jurnalistləri evlə təmin etməsi, digərləri üçün də həvəsləndirici amilə çevrildi. Artıq üçüncü binanın təməli qoyulub. Bu da yaxın gələcəkdə ümumilikdə 700-ə yaxın jurnalist ailəsinin mənzillə təminatı deməkdir. Şəhərin mərkəzində, yüksək təmirli mənzillə təmin edilmək jurnalistikaya, jurnalistlərimizin əməyinə verilən qiymətdir.

Millət vəkili Musa Qasımlı bildirib ki, əvəzi ödənilmədən mənzillərin təqdim edilməsi cənab Prezidentimiz İlham Əliyevin jurnalistlərin yaşayış və yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı ən böyük addımdır: “Bunun dünyada bənzəri yoxdur. Heç bir ölkədə jurnalistlərə mənzil verilmir. Jurnalistlərə mənzil verilərkən həm də onların iqtidar, müxalifət və ya tərəfsiz olması arasında da fərq qoyulmur. Cənab Prezidentin jurnalistlərə ev verməsi ölkəmizdə ədalətin göstəricilərindən biridir. Azad sözə, düşüncəyə qayğının nümunəsidir. Mənzil alan bütün jurnalistlərimizi ürəkdən təbrik edirəm, mənzillərində yalnız şadlıq süfrələri açılsın. Onlarla jurnalist tanıyıram ki, mənzilə kəskin ehtiyacı var idi, lakin onu öz imkanları hesabına almaq ümidi yox idi. Cənab Preidentimiz onları sevindirdi. Hesab edirəm ki, insanlara sevinc bəxş etməkdən gözəl heç nə ola bilməz”.

Millət vəkili Musa Quliyev Publika.az-a açıqlamasında Azərbaycan dövlətinin jurnalist əməyinə hər zaman diqqət ayrıdığını deyib: “Ümummmili lider Heydər Əliyev, cənab Prezident İlham Əliyev tərəfindən hər zaman jurnalistlərin əməyinə böyük qiymət verilib, qayğı göstərilib. Jurnalistlərin həyat, iş şəraitinin yaxşılaşdırılması üçün daim imkanlar yaradılıb. Bu gün Azərbaycanda jurnalistikanın inkişafına heç bir mane yoxdur. Mətbuat azaddır, kütləvi informasiya vasitələrində istənilən fikri söyləmək, mövzunu işıqlandırmaq sərbəstdir. Bütün istedadlı adamlara hər cür şərait yaradılıb. Yaradılan siyasi, ictimai təminatlarla yanaşı dövlət tərəfindən jurnalistlərə çox ciddi təminatlar da yaradılıb. Bu günlərdə cənab Prezidentin Azərbaycan jurnalistlər ordusunun bir hissəsinə mənzil hədiyyə etməsi, doğrudan da, təqdirəlayiq hadisədir. Dünya dövlətləri və mətbuatının nümunə götürəcəyi hadisədir. Bu gün dünyanın heç bir məmləkətində dövlət ev tikib pulsuz olaraq jurnalistlərə vermir. Bu faktın özü dövlətimizin jurnalist əməyinə, azad mətbuata, azad ideyaya nə qədər diqqət yetirdiyinin ifadəsidir. Cənab Prezident dəfələrlə Jurnalistlərin dostu seçilib. Jurnalistlər ədalətli, obyektiv və haqqın tərəfini tutan insanlardırlar. Jurnalistlər Azərbaycan Prezidentini, Birinci Vitse-Prezidenti özünün dostları hesab edirsə, demək qarşı tərəf də jurnalistləri öz dostu hesab edir və işlərində bunu göstərirlər. Cənab Prezident son çıxışında da jurnalistlərə qayğıdan danışdı və bu qayğının davam edəcəyini dedi. Bu da eyni zamanda jurnalistika qarşısında yeni vəzifələr qoyur. Cənab Prezident dediyi kimi, bu vəzifələr haqqı, doğrunu, problemləri göstərmək, ədalətli olmaq, vətənin, dövlətin, xalqın yanında olmaqdır. Jurnalistlərin göstərilən qayğı başqa formalardan da davam edəcək. Üçüncü binanın təməlinin qoyulması bu ənənənin davam etdiriləcəyini göstərir”.

Azərbaycanın bütün dəyərli qələm sahiblərini ürəkdən təbrik etdiyini deyən, millət vəkili jurnalistlərə bundan sonra da, hər zaman haqqın, ədalətin tərəfində olmalarını arzu edib: “Əkinçi”dən bu dövrə qədər Azərbaycan jurnalistikası hər zaman həqiqətə xidmət göstərib. Arzu edərdim ki, Azərbaycan jurnalistləri beynəlxalq aləmdə sözlərini deyə bilsin, xüsusən Dağlıq Qarabağ məsələsində haqq səsimizi dünyaya çıxara bilsin. Jurnalistlər özləri istedadlı qələm sahibləri qarşısında bu vəzifəni müəyyən etməlidirlər. Biz də millət vəkilləri olaraq jurnalistlərin yanındayıq, onlarla birlikdə işləməkdən məmnunuq”.

Millət vəkili Elman Məmmədov jurnalistlərə dövlət tərəfindən mənzil verilməsinin dünyada anoloqu olmayan hadisə kimi qiymətləndirib: “Ən inkişaf etmiş, zəngin dövlətlərində də belə bir təşəbbüs, xeyirxahlıq yoxdur. Davamlı olaraq 600-dən çox jurnalistin hər bir şəraitin mövcud olduğu mənzillə təmin edilməsi əvəzsiz bir hədiyyədir. Bu dövlətimizdə jurnalistika sahəsində çalışan, bu sahənin həqiqi dəyərlərini inkişaf etdirən, bu peşəyə sədaqətlə xidmət edən insanlara böyük diqqət, qayğının göstəricisidir. Sovet dövründən fəaliyət göstərən, yaşı 60-ı keçən, lakin hələ də yataqxana, kirayələrdə qalan jurnalistlərimiz var idi. Hətta onların bir gün evlərinin olacağına ümidləri belə yox idi. Lakin dövlət bu cür jurnalistlərimizin fəaliyyətini dəyərləndirdi və onları mənzillə təmin etdi. Bu addım gənc jurnalistlərə də şamil edildi. Bu təşəbbüs həm də Azərbaycanda söz və mətbuat azadlığınına verilən diqqətin göstəricisidir. Mənzillə təmin olunan jurnalistlərin hamısı iqtidarı təmsil etmir. Orada müxalif yönlü mətbuat orqanlarında çalışan jurnalistlər də çoxdur. Vicdanla, namusla, sənətinə sədaqətlə çalışan jurnalistə hörmət edilir, qayğı göstərilir. Jurnalistikanın inkişafı ilə bağlı qəzetlərə, televiziyalara ölkə prezidenti vaxtaşırı maddi yardımlar ayırır. Buna Cənab Prezident özü təşəbbüs göstərdi, binanın əsasının qoyulmasından mənzillərin paylanmasına qədər prosesdə iştirak etdi. Bütün bunlar jurnalistlər qarşısında da məsuliyyət qoyur. Onlar peşələrinə dövlətçiliyə daha diqqətlə, həssas yanaşmalıdır”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, ölkə prezidenti tərəfindən 255 jurnalist ailəsinin evlə təmin olunması sevindirici xəbərdir: “Xüsusilə də siyahıda kifayət qədər jurnalistikamızda layiqli imza ilə tanınan personalar olduğuna görə bu jestin dəyəri ikiqat artır. Mənzillə təmin olunan bütün jurnalist dostlarımızı, onların ailə üzvlərini təbrik edirəm. Xeyirli olsun, necə deyərlər qız köçürüb, gəlin gətirəsiniz. O mənzillər həm də ailə səadətinizin şahidi olsun!”

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm