“Dövlətin iqtisadi siyasəti çevik və qətiyyətli addımlarla davam etdirilir” - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

“Dövlətin iqtisadi siyasəti çevik və qətiyyətli addımlarla davam etdirilir” - DEPUTAT

“Dövlətin iqtisadi kursu daim nəzarətdədir. Bu siyasət kifayət qədər çevik və qətiyyətli addımlarla davam etdirilir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə münasibət bildirərkən deyib.

O, bu müşavirənin kifayət qədər böyük siyasi, iqtisadi, mənəvi tərəfləri özündə əks etdirdiyini bildirib:

“Prezidentin həmin müşavirədə səsləndirdiyi fikirlər bu sahələrin gələcək inkişafı üçün konkret vəzifələr müəyyən edir. Görüş üçün seçilən region həmin bölgələrə olan diqqətin göstəricisidir. Həmçinin görüşün xalqın içərisində olması da xüsusi əhəmiyyət kəsb edir. Bu görüşün məqsədi həm də diqqəti regionların inkişafına yönəltməkdir. Keçirilən müşavirəni habelə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə olan diqqətin göstəricisi kimi də qəbul edə bilərik. Görüş üçün seçilən region diqqəti həm də ölkədə inkişafına ehtiyac duyulan sahəyə yönəldir. Bu görüşlər həm də xalqı ruhlandırır, rayon rəhbərliklərində məsuliyyət yaradır, qarşıda duran vəzifələr müəyyən edilir və tələblər qoyulur. Növbəti görüşlərdə tapşırıqların nəticələri daha aydın olacaq”.

Millət vəkili son illər ölkə iqtisadiyyatının inkişafında kənd təsərrüfatı sahələrinə daha çox diqqət ayrıldığını və bunun günün tələbi olduğunu qeyd edib:

“Xüsusən, dünyada, keçmiş MDB ölkələrində yaşanan iqtisadi problemlər hər bir ölkənin qarşısında özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək tələbini qoyur. Bu mənada ölkə Prezidentinin qarşıya qoyduğu vəzifə, dövlətin strateji kursu bu görüşdə əsas diqqət mərkəzində idi. Müşavirədə səsləndirilən fikirlər kənd təsərüfatı sahələrinin Prezidentin qayğısında olduğu, dövlətin strateji kursunun daha çox diqqət verilən istiqamət olduğunu sübut etdi”.

F.İbrahimli onu da vurğulayıb ki, sadalanan sahələrin inkişafı həm də işsizlik probleminin həll edilməsinin Azərbaycanda ən çox diqqət yetirilən məsələ olduğunu aydınlaşdırır: “Baramaçılıq, tütünçülük, pambıqçılıq, fındıqçılığın inkişafı bizi əlavə iş yeri axtarmaq düşüncəsindən uzaqlaşdırır. Çünki qeyd etdiyimiz hər bir sahədə inkişaf həm də yeni iş yeri deməkdir. İstər tütünçülük, istər pambıqçılıq, istərsə də digər sahələrdə insan əməyinə böyük ehtiyac duyulur. Son zamanlar pambığın alış qiymətinin artırılması və bu sahəyə diqqətin yönəldilməsi vətəndaşların da yeni iş yeri tapmaq imkanları yaradır. Respublikanın regionlarında iqtisadi inkişaf bərabər şəkildə aparılır. Bütün bunlar isə işsizliyi aradan qaldıran ciddi məsələdir. Görülən işlər nəticəsində işsizlik 5 faiz səviyyəsindədir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm