Deputatlarımız beynəlxalq təşkilatları "TOPA TUTDU": Onlar bunu görmürmü?
Bizi izləyin

Nida Xəbər

Deputatlarımız beynəlxalq təşkilatları "TOPA TUTDU": Onlar bunu görmürmü?

Ötən gün işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşkəsin pozulması daha bir dinc sakinin yaralanması ilə nəticələndi. Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın öldürülməsindən təxminən bir ay keçməmiş Ermənistan ordusu yenə də kiçikyaşlı uşaqlara qarşı silaha əl ataraq qeyri-insani əməllərini davam etdirdi. Bu dəfə də öz həyətində 13 yaşlı Ramin Sabir oğlu Yusifova ağır xəsarət yetirildi və o, xəstəxanaya yerləşdirildi.

Ard-arda belə halların yaşanmasının bir səbəbi də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu çirkin əməlinə reaksiya verilməməsi, habelə ikili standartlardan əl çəkilməməsidir.

Publika.az-a danışan millət vəkili Qənirə Paşayeva deyir ki, artıq ATƏT-in Minsk qrupu ciddi reaksiya verməlidir: “Zəhra qətlə yetiriləndə beynəlxalq ictimaiyyətin buna biganə münasibəti məhz bugün işğalçıların terroru davam etdirməsinə rəvac verdi. Biz Minsk qrupunun bu məsələlərə ciddi reaksiyasını gözləyirik. Ermənistanın bu vandalizmini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır. Bu halları səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq. Gənclərimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, mediasına, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında fəal olmalıdırlar. Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir. Bu işğalçı, vandalizm zehniyyətli Ermənistan inşallah daha betər, layiq olduğu cəzasını alacaq”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, dinc əhali və azyaşlıları atəşə tutması Ermənistan üçün insan haqlarının mövcud olmadığını bir daha sübuta yetirir: “Orta ərlər təfəkkürü, vəhşi, insanlığa yaraşmayan bütün xüsusiyyətlər hamısı Ermənistan silahlı qüvvələri üçün xarakterikdir. Bu ordu Azərbaycan əsgəri ilə üzbəüz gəlməkdən qorxur, ordumuzun gücünü hiss edir. Buna görə də dinc əhalini, körpələri, uşaqları öldürməyə üstünlük verir. Bu zaman da o xaricdəki müəyyən havadarlarına, beynəlxalq birliyin regionda münasiqşələrin baş verməməsi ilə bağlı həyata keçirdiyi tədbirlərə arxalanır. Onların Tovuzun dinc yaşayış məntəqəsini atəşə tutması Ermənistanın ancaq dinc əhalilə vuruşmağa meyilli olduğunu göstərir. Ermənistan silahlı qüvvələrinin bir ay əvvəl Zəhrə Quliyevanı nənəsi ilə birlikdə öldürməsi, ötən gün 13 yaşlı uşağı yaralamaları Ermənistanın apardığı siyasətin bütün vəhşiliyini göstərir. Azərbaycan Ordusu və xalqının səbri heç də tükənməz deyil. Ermənistan bu hərəkətlərinə görə cəzasını alır və alacaq. Bugün mətbuatda işğal edilmiş zonada hərbi komandirlərdən birinin prokurora yazdığı məktubun surətini oxudum. Komandir Alxanlıda Azərbaycan Ordusunun cavab tədbirindən sonra Ermənistan əsgərlərinin böyük həyəcan yaşadığını və kütləvi surətdə hərbi hissəni tərk etdiyini yazıb”.

Ermənistanın yaxın gələcəkdə törətdiyi vəhşiliklərə görə cəza alacağını deyən millət vəkili dünya ictimaiyyətinin bu məsələdəki susqunluğuna da toxunub: “Çox təəssüf ki, biz ikili standartların hökm sürdüyü dövrdə yaşayırıq. Hər hansı məqam Ermənistan üçün böyük bir məsələ olduğu halda, Azərbaycan üçün unudulur, susdurulur. Nə iki yaşlı Zəhra, nə də on üç yaşlı Raminin yaralanması böyük dövlətlərin reaksiyasına səbəb oldu. Nədənsə, Minsk qrupu, beynəlxalq təşkilatlar bu məsələyə susur. Ermənistanı məsuliyyətə çağırmaq istəmirlər. Bəlkə də, bununla da məsələni onilliklərlə unutdurmağa nail olacaqlarını düşünürlər. Lakin Ermənistan bu hərəkətlərinin cavabını alacaq. Azərbaycan xalqı onun suverənliyi, ləyaqətinə yönələn təhdidləri qəbul etməyəcək”.

Millət vəkili Aqil Abbas isə Ermənistanın bu addımlarına Azərbaycanın cəza verib, onları yerində oturdacağını inandığını deyir: “Onların artıq hərbçiləri deyil, dinc əhalini hədəf almasını son vaxtlar tez-tez müşahidə edirik. Hər gün dinc əhali atəşə tutulur. Bu güllələr altında yaşayan əhalinin sağ qalması da Allahın möcüzəsidir. Atəşkəsin bu cür pozulması nəticəsində uşaqların yaralanması, ölməsi insana daha pis təsir edir. Çünki uşaqlar cənnətlikdir. Dünya ictimaiyyəti deyilən bir şey yoxdur. Onlar Azərbaycanın 20 faiz torpağının işğal edildiyini görmürmü? Ya da Xocalıda, Xocavənddə, Qarabağdakı soyqırımlardan xəbərsizdirmi? Bu gün dünyada böyük ölkələrin məqsədləri var. Onlar üçün uşaqların ölümü, atəşkəsin pozulması böyük əhəmiyyət kəsb etmir, onlar öz maraqlarına uyğun işləyirlər. Ermənistanın atəşkəsi bu cür pozmasına qarşı isə yeganə cavabı Azərbaycan verə, yerində oturda bilər. İnşallah da bu, baş verəcək. Müharibə heç vaxt ədalətsiz başa çata bilməz. Ədalət Azərbaycan dövlətinin tərəfindədir. Azərbaycanın möhtəşəm ordusu, gücü, qüdrəti, müdrik Ali Baş Komandanı var. Sadəcə olaraq müəyyən siyasi məsələləri həyata keçirəndən sonra lazımı addımlar atılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm