Dəyərlərin QƏTLİ: Qərb özü-özünü təkzib edir
Bizi izləyin

Nida Xəbər

Dəyərlərin QƏTLİ: Qərb özü-özünü təkzib edir

Dünyaya humanizm və demokratiya ifraz edən Qərb bu dəfə öz qucağına “qusdu”. İspaniyadan ayrılmaq istəyən separatçı Kataloniyanın keçirdiyi müstəqillik referendumu Hollivud filmlərinin döyüş səhnələri üçün yaxşı presedent idi, amma həm də Qərb “humanizminin”, dünyaya “insan haqları, demokratiya” bağırtılarının iç üzünü göstərdi.

Katalonların müstəqillik istəyi bütün haqlara, demokratiyaya, eləcə də Helsinki Yekun Aktının “öz müqəddəratını” təyin etmə prinsipinə rəğmən, separatizmdən başqa bir şey deyil. İspaniya mərkəzi hökumətinin buna qarşı çıxması da yenə Helsinki Aktında “ərazi bütövlüyünün toxunulmazlığı” və beynəlxalq hüquq prizmasından haqlı idi. Amma müdaxilə sözün həqiqi mənasında dəhşətli və bir o qədər də “Qərb dəyərləri” fonunda acınacaqlı idi.

Qərb demokratik dəyərlərdən danışır; “Bu ölkədə demokratik dəyərlər pozulur” deyə barmaq silkələyir; yaxud “Azərbaycanda filan-filan şeylərə əməl edilmir” deyə hər addımbaşı, daha doğrusu, siyasi maraqların həyata keçirilməsi zamanı ittihamlar havada uçuşur; milli hökumətlərin üzərinə “Avropa standartları”, “liberalizm”, “humanizm” və s. mesajları göndərir.

Hərçənd, öz içində bu dəyərləri çoxdan rəfə qaldırıb.

Kataloniyada yerli sakinlərə polis müdaxiləsi 850 nəfərin yaralanması ilə nəticələndi. İspan polisinin seçkiyə gedən katalonların başına rezin güllələr yağdırması, su şırnaqları və dəyənəklərlə hücumu küçə döyüşlərini xatırladır. Katalonların etdiyi separatizmdirsə, ispan polisinin hücumu heç də demokratik dəyərlərdən qaynaqlanmır.

Qərb özü özünü təkzib edir: 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək öldürələndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da polis kütləyə hücum edəndə bu, haqlı və ədalətli idimi, yaxud Azərbaycanı ittiham etmələri fonunda bütün bunlar baş verəndə hansı demokratiyadan danışmaq mümkündür?!

Bu gün Avropa və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapadanır. Bu haqda kifayət qədər faktlar, foto və videogörüntülər var. Lakin söhbət digər ölkələrdən gedəndə “Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada düşür. Bu da həmin analyışların əslində təzyiq vasitəsi kimi istifadə olunduğunu sübut edir. Avropada əməl edilməyən “dəyərlər”lər Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunur. Bütün bunlara görə bəzi Qərb dairələrin Azərbaycana və digər ölkələrə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və təzyiq məqsədilə süni şəkildə təşkil edilmiş qarayaxma kampaniyasından başqa bir şey deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm