Politoloq: “Danışıqlar Azərbaycanın hücum diplomatiyasının diktəsi ilə aparılacaq”
Bizi izləyin

Nida Xəbər

Politoloq: “Danışıqlar Azərbaycanın hücum diplomatiyasının diktəsi ilə aparılacaq”

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox mövzularla bağlı önəmli mesajlar verdi. Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri isə rəsmi Bakının ardıcıl və qətiyyətli mövqeyini növbəti dəfə ortaya qoydu.

Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsas vəzifə olduğunu deyən prezident bunun danışıqların predmeti olmadığını və heç vaxt da olmayacağını söylədi.

Publika.az-a açıqlamasında politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bildirib ki, Azərbaycan Prezidentinin çıxışı ölkəmizin münaqişənin həlli ilə bağlı prinsipial mövqeyinin ifadəsi idi.

“Prezident qeyd etdi ki, Ermənistan danışıqları dəfələrlə boykot edərək danışıqlar masasına oturmaqdan yayınıb. Nəhayət Ermənistan başa düşdü ki, başqa çıxış yolu yoxdur. Güclənən Azərbaycanla müqayisədə getdikcə zəifləyən Ermənistan danışıqlar masasında oturmağa məcburdu. Azərbaycanın hərbi uğurları da burada mühüm rol oynayır. Zaman göstərdi ki, Ermənistanın danışıqlardan qaçması mümkünsüzdü. Gələcək danışıqlar demək olar ki, Azərbaycanın hücum diplomatiyasının diktəsi ilə aparılacaq”, - politoloq qeyd edib.

Azərbaycanın bir sıra dövlətlərlə irimiqyaslı layihələr həyata keçirdiyini vurğulayan F.Sadıxov vurğulayıb ki, hər keçən gün zəifləyən və sərhədləri bağlı olan Ermənistanın hazırkı siyasəti fonunda gələcəyi çox qaranlıq görünür:

“Ermənistan hakimiyyəti öz xalqının gələcəyi haqqında düşünməlidir. Ermənistanın hər il on minlər insan tərk edir və bu, ölkənin fəlakətə sürükləndiyinin xəbərçisidir. Məhz bu fikir Nazirlər Kabinetinin iclasında dövlət başçımızın çıxışında qırmızı xətlə öz əksini tapdı”.

Politoloq bildirib ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və güclənən mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllində də əlavə imkanlar yaradır:

“Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində güclü dövlət kimi qəbul edilir, artıq bizimlə hesablaşırlar. Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Ölkəmizin iştirakı ilə iri layihələr həyata keçirilir. Əlbəttə, bunlar bütün məsələləri həll etmir, amma eyni zamanda Azərbaycanın təsir gücünü xeyli artırır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm