Türkiyədən Bakı səfirinə ismarış: "Qardaş" deyib uyuma zamanı deyil!"
Bizi izləyin

Nida Xəbər

Türkiyədən Bakı səfirinə ismarış: "Qardaş" deyib uyuma zamanı deyil!"

"Bakıda Avropa Şurası kəskin tənqid edilir, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında qalıb-qalmamaq məsələsi gündəmə gətirilib, bu istiqamətdə yerli mediada geniş müzakirələr açılıb. Eyni zamanda, Türkiyənin siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirilir".

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyə ilə bağlı səsləndirilən narahatlığın əsas iki səbəb var:

“Birinci səbəb: Türkiyənin 4 tanınmış yazarı, o cümlədən keçmiş millət vəkili qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəldi, separatçılarla görüşdü, hətta biri geri qayıtdıqdan sonra “Artsax” ifadəsi işlətdi. Buna qarşı Ankara etirazını bildirmədi, həmin şəxslərə qarşı cinayət işi açılmadı.

İkinci səbəb: Türkiyənin 3 millət vəkili AŞPA-dakı səsvermədə Azərbaycan əleyhinə olan iki qətnaməyə səs verdi. Belə bir hal ilk dəfədir qeydə alınır. Əvvəllər də AŞPA-da Türkiyənin hansısa millət vəkili, o cümlədən radikal kürdlərin təmsilçisi Azərbaycan əleyhinə qətnaməyə səs verib. Bu dəfə bu prosesə ana müxalifət partiyasının - CHP-nin təmsilçiləri qatılıb”.

Politoloqun sözlərinə görə, Fəthullah Gülənlə mübarizədə Bakı Türkiyə iqtidarının yanında oldu, hətta gülənçilərin Azərbaycandakı şəbəkəsi çökdürüldü, məktəblər və universitet qapadıldı, işdən çıxarılanlar oldu:

“Bunun əvəzində isə Ankara Bakının narahatlığına seyrçi qalıb, həmin 4 vətəndaşıyla bağlı cinayət işi açmayıb və millət vəkillərinin Azərbaycan hakimiyyəti əleyhinə səsvermələrinə də aydınlıq gətirilməyib”.

E.Şahinoğlu müzakirələrdə iştirak edənlərə müraciətlə qeyd edib ki, istənilən təşkilatı və dövləti tənqid etməkdə azadıq:

“Ancaq tənqiddə dozanı qaçırmamaq lazımdır. Avropa Şurasında üzvlük bizə lazımdır - ən azı ona görə ki, Ermənistan və erməni lobbisi Azərbaycanın olmadığı təşkilatda bizim əleyhimizə geniş fəaliyyət imkanı qazana bilər və biz buna şərait yaratmamalıyıq. Türkiyəyə yönəli tənqidlərdə də hədd aşılmamalıdır, düşmənlərimizə bəhanə verməyək! Buna rəğmən, Türkiyənin Azərbaycandakı səfirinə də sözüm var: “Çox çalışmaq lazımdır! "Qardaş" deyib uyuma zamanı deyil!”

Qeyd edək ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəxan və İlhan Kəsici də olub. Bundan əlavə, bu il sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu Ermənistan ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəliblər. Buna görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilsə də, bu vaxta qədər qardaş ölkədən reaksiya verilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm