Musa Qasımlı: "Türkiyə Azərbaycana açıqlama verməyə borcludur"
Bizi izləyin

Nida Xəbər

Musa Qasımlı: "Türkiyə Azərbaycana açıqlama verməyə borcludur"

"Sərhədləri qanunsuz şəkildə keçərək Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən həmin şəxslər türk kimliyi şübhə doğuran, sonradan İslamı qəbul etmiş şəxslərin törəmələridir".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Qasımlı işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər edən Türkiyə vətəndaşlarının hələ də cəzasız qalmalarına münasibət bildirərkən deyib.

O bildirib ki, bu addımlar ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərinin pozulması, daha sonra isə Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin gözdən salınması məqsədilə atılıb:

“Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər etmələrinin altında bir yox, bir neçə məqsəd güdülür. Bu məsələyə hüquqi müstəvidə, daha geniş şəkildə baxılmalıdır. Seçilən şəxslərin kimlikləri, hansı partiyaların üzvləri olmaları, siyasi mövqeləri bunu deməyə əsas verir ki, onlar Türkiyədə mövcud hakimiyyətin bölünməsinə çalışan adamlardır".

M.Qasımlı bildirib ki, həmin şəxslər Türkiyə və Azərbaycan arasındakı müqavilələrin şərtlərini, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar:

“Türkiyə öz müttəfiqi olan Azərbaycanın istəyini nəzərə almalıdır. Eyni zamanda, Türkiyə qanun çərçivəsində davranmağa məhkumdur. Bu hadisə iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə, "bir millət, iki dövlət" tezisinə zidddir. Türk ictimaiyyəti o şəxslərə qarşı sərt mövqeyini ortaya qoymalıdır. Bu hadisə iki dövlətin mətbuatında geniş şəkildə işıqlandırlıb. Onların Qarabağdan qayıdıb əleyhimizə danışmaları, Türkiyə mətbuatında, televiziyalarda erməni separatçılarını dəstəkləyən müsahibələr vermələri bunun qərəzli və düşünülmüş şəkildə həyata keçirildiyinin daha bir sübutudur.Lakin ən pis hal Türkiyə hökumətinin bu hadisələrə biganə yanaşması, heç bir müdaxilə etmədən baş verənləri seyr etməsidir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti imzaladığı beynəlxalq sənədlərə hörmət etməli, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi çərçivədə ölçü götürməlidir. Türkiyə xalqı və hökuməti unutmamalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını ən üst səviyyədə qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara yerindəcə tutarlı cavablar verib. Buna dair çoxlu misallar gətirə bilərəm. Məhz elə buna görə də Türkiyə Azərbaycana gərəkli açıqlama verməyə borcludur".

M.Qasımlı onu da qeyd edib ki, Azərbaycanın tanınmış siyasi, ictimai və elm xadimləri hər zaman iki ölkənin maraqlarını nəzərə alıblar. Türkiyə hökuməti və xalqı üçün həssas olan bütün məsələlər ölkəmizdə prioritet mövzu olub. Azərbaycan heç vaxt öz dəstəyini əsirgəməyib. Buna cəhd edənlər barəsində isə gərəkli ciddi tədbirlər görülüb:

“Azərbaycan ictimaiyyətinin də Türkiyə hakimiyyətindən eyni münasibəti tələb etmək haqqı var. Türkiyə hökuməti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşlara, eyni zamanda, müstəqil olmalarına baxmayaraq, AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş millət vəkillərinə qarşı ciddi tədbirlər görməzsə, bu, iki ölkə arasındakı münasibətlərin zədələnməsinə, eləcə də, gələcək prespektivlərin sual altına düşməsinə səbəb olacaq. Qardaş ölkənin iqtidarı bunu mütləq nəzərə almalıdır”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm