“Bizi təkcə ölkəmizdə deyil, Rusiya, Türkiyə, hətta Ermənistanda da izləyirlər” - Murad Əliyev
Bizi izləyin

Nida Xəbər

“Bizi təkcə ölkəmizdə deyil, Rusiya, Türkiyə, hətta Ermənistanda da izləyirlər” - Murad Əliyev

Bu gün “Report” İnformasiya Agentliyinin 3 yaşı tamam olur. 2014-cü ildə informasiya bazarına daxil olan agentlik bu illər ərzində fərqlənməyi bacardı.

Media qurumunun baş redaktoru Murad Əliyev Publika.az-a açıqlamasında üç ilin olduqca gərgin, eyni zamanda məhsuldar keçdiyini deyib.

Onun sözlərinə görə, “Report” ilk gündən özəl xəbərlərlə oxucular qarşısına çıxıb:

“Report” ötən 3 il ərzində özünü etibarlı informasiya mənbəyi kimi sübut etdi. Bu gün ölkədə 100-dən çox media resursu “Report”un xəbərlərinə istinad edir. Artıq bir sıra beynəlxalq KİV-lər də “Report”u tanıyır. Türkiyə, Rusiya və digər xarici ölkələrin media qurumları da “Report”da yayımlana xəbərləri dərc edirlər. Hətta Ermənistan KİV-ləri belə bizim xəbərləri çox izləyir. Bu mənada verdiyimiz xəbərlərdə daha diqqətli oluruq”.

M.Əliyev Azərbaycanda agentlik və onlayn media resurslarının bazarda yer tutduğu vaxtda, yeni agentlik yaratmağın və bazarda özünə yer tapmağın asan olmadığını deyib:

“Yarananda qarşıya qoyulan məqsəd digər media qurumlarını təkrarlamadan, yalnız öz xəbərlərimizdən ibarət sayt yaratmaq idi. Yəni oxucu bizim sayta girəndə yeni bir xəbər tapmalı idi. Bəzən eyni xəbər, eyni mətnlə bütün xəbər saytlarında yayımlanır. Amma oxucu bizim sayta daxil olanda bilir ki, tam yeni yanaşma, yeni xəbər, yeni faktlar görəcək. Bununla oxucu kütləsi toplamaq niyyətində olmuşuq. Çünki, 2000-ci illərin əvvəlləri və ortalarında yaranmamışdıq ki, bazar boş olsun. Biz fəaliyyətə başlayanda kifayət qədər geniş oxucu kütləsi toplamış xəbər saytları, agentliklər var idi. Hər bir oxucunun izlədiyi, inandığı media resurs var. Belə bir şəraitdə oxucu kütləsini cəlb etmək çətin oldu. Lakin deyə bilərəm ki, biz bunu bacardıq. Bu gün “Report”u izləyən oxucuların sayı kifayət qədərdir.

M.Əliyev özəl xəbər dərc edən hər bir saytı rəqib gördüyünü deyib:

“Hər hansı hadisə ilə bağlı məlumatı bizdən əvvəl yayan saytlar rəqibimizdir. Çalışmalıyıq ki, ilk xəbər də, həmin xəbərlə bağlı əlavələr də bizdə verilsin. Bu baxımda konkret sayt adı çəkməyəcəm, lakin Azərbaycan mətbuatında bizim kifayət qədər rəqiblərimiz var”.

Baş redaktor rəqiblərini geridə qoymaq üçün planlarının olduğunu deyərək bunun bəzi məqamlarını bizimlə bölüşdü:

“Qarşımızdakı əsas məqsəd nail olduğumuz etibarlılığı bundan sonra da qorumaqdır. Həmçinin xəbər arxasınca qaçıb, jurnalistika prinsiplərini pozmamalıyıq. Demək olar ki, ölkənin bütün regionlarında bölgə müxbirlərimiz var. Hər hansı regionda baş vermiş hadisəni ilk bilənlərdən biri “Report” olur. Bu bazarda da əvvəl xeyli boşluq var idi. Onlayn mediada demək olar ki, yalnız Bakıdan xəbərlər verilirdi. Artıq biz həmin boşluğu tam əhatə etməyə çalışmışıq. Xarici ölkələrdəki “müxbir postlarımız” da bizim üçün çox əhəmiyyətlidir. Bu gün Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniyada müxbirlərimiz var, onların fəaliyyətini daha da genişləndirmək istəyirik. Azərbaycanın bir sıra məsələləri, həmçinin Dağlıq Qarabağ problemilə bağlı oxucularımızı daha çox informasiya ilə təmin etməyə çalışırıq”.

Biz də Publika.az kollektivi olaraq həmkarlarımızı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm